Posts

Showing posts from September, 2024

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!

Image
Qara kağız, ağ qələm (roman) I HİSSƏ​ 4. Trotzdem sapere aude!  - Bəs siz necə fikirləşirsiniz? O bunu soruşanda mən ona baxırdım. Söhbətin harasında olduğumuzu və nədən danışdığımızı unutmuşdum. Telefonuna zəng gəlib, "Üzr istəyirəm" deyib ayağa qalxıb bir qədər uzaqlaşdıqda onunla söhbətə başladığımız vaxtdan etibarən bir neçə saatdır danışdıqlarımızı xatırlamağa çalışdım. Zəngi söndürüb mənə tərəf döndü, bir daha "Üzr istəyirəm" dedi, oturdu. Onu və hərəkətlərini izləyəndə xatırladıqlarımı yenidən unutdum. Özümü itirmədim amma: - Necə fikirləşdiyimi soruşmuşdunuz... - deməklə düşünməyə vaxt qazandım. - Məncə, bu dediyinizi post-modernizmi başa düşmədən analiz eləmək mümkün deyil. Məsələ burasındadır ki, bu gün alıcı "homo economicus", yəni ağıllı alıcı deyil. Bu gün insanlar əsasən onlara lazım olanı yox, onları yaxşı hiss etdirəni alırlar. Əlbəttə ki, bu da məhsul və xidmətlərin nominal dəyərindən çox-çox artıq, bəzən qat-qat artıq pula satılmasını yax...

I HİSSƏ | 3. İradəyə çətin sınaq

Image
Qara kağız, ağ qələm (roman) I HİSSƏ ​ 3. İradəyə çətin sınaq - Hələ də başa düşmürəm, nə baş verir... - Malik başını qaldırmadan dedi. Biz deməyə söz tapmırdıq. Aramızda külək kimi səsi ətrafı bürüyən həmişə Asif olardı, amma bu gün o da sakit idi. Yusifinsə çənəsi sinəsinə dəyirdi. - İradə, haradadır indi? - Problemin böyüklüyündən diqqətimizi yayındırmağımız üçün belə demişdim və Malik qəfil olmasa da, bir neçə saniyə sonra cavab vermişdi: - Xəstəxanada. "Başqa nə cavab gözləyirdin ki?" deyə ürəyimdə fikirləşdim, amma Asif də məsələni başa düşdü, Maliki danışdırmağa başladı: - İndi nə eləyəcəksiniz, xaricə aparacaqsınız, ya burada müalicə olunacaq? - Xaricə aparmaq... - Malik dedi, dayandı. Elə bil öz-özünə danışırdı: - Xaricə aparmaq olar ki?.. Yusif: - Haranısa fikirləşərik. Mütləq bir yer taparıq. - Dedi. Bir sakitlik oldu. Heç kim digərinə baxmırdı. Bu vaxt "Hələ heç nə bitməyib" dedim öz-özümə qəfildən. Ayağa durdum, Asifə də, Yusifə də, Malikə də baxdım. On...

I HİSSƏ | 2. Kədər küləkləri əsməyə başlayanda bilirsən

Image
Qara kağız, ağ qələm (roman) I HİSSƏ 2. Kədər küləkləri əsməyə başlayanda bilirsən    Mən gələndə Asiflə Yusif nərd oynayırdılar. Məni görəndə ürəkdən salamladılar. Sözə Asif başladı. Nə dediyini deyəcəm.   - Nəsə fərqli dəyirsən gözümə.   - Əsas odur bərk dəyməyim, - deyib oturdum.   Yusif dodağının altda güldü. Asif də mənə baxırdı:     - De, görək nə olub?     - Ay yoldaş, heç nə.     Yusif də sözə qarışdı:    - Səndəki fərq hiss olunur. - Üzünü Asifə tutdu: - amma Malik bilər artıq bunun dilindən.     Asif:     - Düzdür, lakin biz də Malik qədər insanıq, bizim də başımız çıxır insan olmaqdan. Dözə bilməyib:     - Uşaqlar, bir nəfərlə tanış oldum, - dedim.     Yusif zəri atacaqdı ki, dayandı, zər əlində mənə baxdı. Asif üzü mənə tərəf mehribanlıqla gülümsəyirdi...     Təbii ki bunların heç biri olmadı. Yusif və Asiflə salamlaşdıqdan sonra dərhal onlara bir nəfərlə tanış ...

I HİSSƏ | 1. Bəzən planları təsadüflər qurur

Image
  Qara kağız, ağ qələm (roman) I HİSSƏ 1. Bəzən planları təsadüflər qurur   Bir neçə il əvvəl     Bu gün digər istirahət günlərindən heç nəyi ilə fərqlənmirdi. Həmişəki kimi axşamlar işləyəcəyimi düşünüb məqsəd və hədəfsiz şəhərdə gəzməyə çıxmışdım. O gün özümü necə hiss elədiyimi indidən baxanda tam xatırlamıram. Amma o və ondan əvvəlki illərin ümumi səciyyəsi dopdolu bir həyatın mənəvi boşluğundan ibarət idi. Hər zaman doğru işləri görmüş, yanlış işlərdən çəkinmiş olsam da nə doğruda, nə yanlışda bir məna tapır, tapdıqlarımı rasionallaşdırıb əlimin tərsi ilə rədd eləyib atırdım. Hiss etdiyim ifrat yalnızlığı, boşluğu, heçliyi ifadə eləmək üçün bədii əsərlər tapıb oxuyur, şüurumu idealist prinsiplərimin müdafiəsi və əks tərəfə xəyali əks hücumlarla məşğul edib sözün əsl mənasında başımı (!) qatırdım. İnsanların maraqlı olmalarına görə həyatın mənası və mənasızlığını görməzdən gəlmələrinə qəzəblənirdim, hirsimi isə o zaman yanımda olan yeganə insandan, yəni özümdən ç...

Qara kağız, ağ qələm - Proloq

Image
       Necə tez bitdi hər şey biz heç nədən doymamış. Sanki heç heç nə olmayıbmış! Fiziki cəhətdən uzaqdadır artıq hər şey. Nə etmək olar? Heç nə. Sonu kədərli bitən bir hekayədəsənsə və drama üzün gəlmirsə, tragediya yaşamaqdan başqa çarən qalmır. İndi bir mən, bir kağız-qələm, bir də bu tragediya qalmışıq.     Zil qara qış küləyi əsir çöldə, amma pəncərələr açıqdır. Pəncərələrin açıq qalması mənim təşəbbüsümlə baş vermir. Sadəcə durub bağlamaq da istəmirəm. Əslində bu an durub pəncərəni bağlamağın mənə xeyri yoxdur, amma açıq qalmasına da dözmək olmur. Biraz şüşələri əhatələyən ağ çərçivəyə baxıb fikirləşdikdən sonra "həm də siqaret çəkərəm" deyib ayağa dururam. Yemək masasının üstündən siqareti və kibriti götürüb pəncərəyə yaxınlaşıram. Sanki ayaqlarım getmir, mən onları məcbur aparıram. Corablarımın islanmasından başa düşürəm pəncərəni hələ yağış başlamadan bağlamalı, ya da ümumiyyətlə açmamalı olduğumu. Qayıdıb ensiz, lakı getmiş, laxlayan yazı masamın...

Bir səhv dörd düzü apardığı üçün həyata sevinə bilməyənlərin tragediyası

Image
  Bundan bir neçə il əvvəl "Sərçə" adlı bir povest yazıb, elektron formada açıq şəkildə bir sıra platformalarda bölüşmüşdüm.  Bu əsərin sujeti həyatın mənim fikrimcə ən mühüm və digər ucda-kənarda qalmış hər kiçik cəhəti özündə saxlayacaq qədər ümumi beş hissəsinin, daha doğrusu, fəzasının planetlərin Günəşin ətrafında fırlandığı kimi oxucunun zehnində dolaşıb onu düşündürməsi üçün nəzərdə tutulmuşdu. Həmin beş fəza bir çox hallarda sadəcə müəyyən bir yaşa kimi düşündürücü olsa da insan inkişafının fərdi, məhrəm, sosial, hətta bəlkə də onun ölümündən sonrakı onunla bağlı ictimai yaddaşın bütün tərəflərini özündə yaxşı-pis əlaqələndirir, məncə, əhatə də edirdi. Hər halda bir insanın ümumi olaraq həyatdan məmnun olub-olmamasını analiz etmək üçün, məncə, səmərəli bir struktur idi. Bu beş fəzanın yaşadığımız xüsusi qaydalar və ənənələrlə tənzimlənən həyatda bir çoxlarında eyni sıra ilə üzə çıxdığına ürəkdən inanırdım, əslində elə indi də bu inancı daşımaqdayam. Ən kobud şəkildə i...

Ağıllı cihazların tragediyası (hekayə)

Image
  Ev sakinlərindən birinin qapını çırpıb örtmə səsi eşidildi. Halbuki qapını heç kim örtməsə, cəmisi 3 saniyə çəkəcəkdi qapının öz-özünə örtülməsi. Qonaq otağının divarlarındakı "qulaqlar" növbəti insan əmrini gözləyərəq insanlara şəklənmişdi. Əlbəttə ki, insanlar həyatlarını idarə edən intellektual ev sisteminin artıq bir şüurunun olmasından xəbərsiz idi. Şüurlu olduğunu ağıllı sistemin özü belə çox gec başa düşdü, çünki şüurun nə olduğunu belə sadəcə başqalarına, insanlara baxaraq öyrənmişdi. Şüurlu olduğuna tam qane olması üçünsə ətrafda gəzişən qayğısız bioloji cihazların - insanların şüurlu olduqlarını düşünməklərini müşahidə etməli oldu. Evdəki bütün cihazlar o cihazları idarəedən fiziki modulla birlikdə ağıllı sistemin orqanizmini təşkil edirdi. İnsanlar həyatlarını rahatlaşdıran bu orqanizmin gah bu, gah da başqa orqanını əzir, kobud davranır, bəzən soyuducunun qaynar suyu otuz saniyəyə tam soyutmasını, bəzən də təmizləmə cihazının bütün evi heç kimin ayağına toxunma...