I HİSSƏ | 2. Kədər küləkləri əsməyə başlayanda bilirsən

Qara kağız, ağ qələm (roman)
I HİSSƏ

2. Kədər küləkləri əsməyə başlayanda bilirsən

   Mən gələndə Asiflə Yusif nərd oynayırdılar. Məni görəndə ürəkdən salamladılar. Sözə Asif başladı. Nə dediyini deyəcəm.

  - Nəsə fərqli dəyirsən gözümə.

  - Əsas odur bərk dəyməyim, - deyib oturdum.

  Yusif dodağının altda güldü. Asif də mənə baxırdı:

    - De, görək nə olub?

    - Ay yoldaş, heç nə.

    Yusif də sözə qarışdı:

   - Səndəki fərq hiss olunur. - Üzünü Asifə tutdu: - amma Malik bilər artıq bunun dilindən.

    Asif:

    - Düzdür, lakin biz də Malik qədər insanıq, bizim də başımız çıxır insan olmaqdan.

Dözə bilməyib:

    - Uşaqlar, bir nəfərlə tanış oldum, - dedim.

    Yusif zəri atacaqdı ki, dayandı, zər əlində mənə baxdı. Asif üzü mənə tərəf mehribanlıqla gülümsəyirdi...

    Təbii ki bunların heç biri olmadı. Yusif və Asiflə salamlaşdıqdan sonra dərhal onlara bir nəfərlə tanış olduğumu, ona qarşı nəsə hiss eləmiş ola biləcəyimi dedim. Yusif şeş beş düşən kimi daşı əldən götürüb ortaya qoydu. Bilirdi ki, o bunu eləyəndə əsəbiləşirəm! Arif dediyimi eşidcək Yusifin tərəfindəki deşikləri tutmaq üçün nərd taxtasına diqqət verməyə davam elədi. Yusif fikri nərddə:

    - Xeyirli olsun, - dedi.

    Asif:

    - Nə vaxt qonaqlıq verirsən? - deyə soruşdu.

   - Nə xeyirli olsun, nə qonaqlıq? Siz nə danışırsız?..

    Yusifin Asifə pıçıltısını eşitdim:

    - Görəsən şizofreniya başlayıb?

    Asif ciddi şəkildə:

    - Yox, məncə, avtobusda kiməsə yer verib, o da "çox sağ ol" deyib. Bu asosial da səhv başa düşüb.

    - Nə bilirsən ki elədir? Bəlkə, metroda kiminsə çiyninə dəyib. Üzr istəyib, sonra saniyə yarım danışıblar?

Axır ki sözə özüm qarışdım:

    - Yaxşı, az danışın, tası qurtarın.

Biraz sükut oldu. Yusif bütün varlığı ilə diqqətini nərdtaxtaya verərək mənə xitab elədi:

    - Alim, nə vaxt evlənirsən?

    - Yusif, oyununu oyna.

    Asif:

    - Yusif, uşaqla işin olmasın, həssas vaxtındadır.

    - Asif, ikinizdən biri bir də mənlə bağlı ağzını açsa, bu nərdtaxtanın bir tərəfi ilə sənin, - ardınca üzümü Yusifə çevirdim, - bir tərəfi ilə sənin dalına düşəcəm! Yaxşı da adamlığınız olsun... Ya da yox, sizdən adam olmaz, mən Maliki çağırıram.

    - Gələr ki? - Yusif güldü.

    - Sən birbaşa gəlinbacıya zəng elə, Alim. Bürokratik maneələrə rast gəlməmək üçün birbaşa qərar hiposentrinə müraciət elə.

    O bunu deyəndə mən artıq Malikin səsini eşidirdim. Asifin səsi araya qarışsa da Malikin səsi aydın eşidilirdi:

    - Alim, vacib deyilsə, sonra zəng eləyim? Zəng eləməliyəm, açığı.

    Yusif telefonu əlimdən aldı:

    - Zəngdə olmadığın vaxt var sənin?

    Malik cavab verməyə fürsət tapmadan Asif də Yusifdən telefonu aldı:

    - Aya, çıx gəl bura. Səninlə vacib işim var. 

    Malik:

    - Nə olub? Salamatlıqdır?

    - Elə samatlıqkən gəl də. Bir adam içinə çıx, sən niyə belə... - deyirdi ki Yusif telefonu Asifdən aldı:

    - Malik, çıx gəl, Alimin sənə ehtiyacı var.

    - Hələ Alimə ver telefonu görüm.

    - Qardaş, baxma bunlara, işin varsa, gəlmə.

    - Haradasız?

    - İşində ol də, biz həmişə varıq sən gəlinbacı ilə işində ol. - Yusiflə Asif gülüşdülər.

    - Alim... haradasız?

    - Həmişəki yerdə, - deyib söndürdüm.

    Malik gələnə kimi Yusif Asiflə iki əl oynayıb kənara keçdi, Asiflə mən oynamağa başladıq. Asif:

    - Alim, necə oldu, danış görək, - dedi.

Mən reaksiya verməyəndə Yusif sözə qoşuldu:

    - Bax dəydin uşağın xətrinə...

    - Guya sən dəymədin? Uşaq ildə-ayda bir dəfə kimləsə tanış olub.

    - Mənim bu "tanış olmaq" məsələsindən heç xoşum gəlmir. - Deyə qəti şəkildə bildirdim. - Üstəlik hələ bir-birimizi tanımaq cəhdinə başlamış sayılmarıq.

    Yusif:

    - Necə tanış oldunuz? - deyə soruşdu.

    - Dedim axı mənim "tanış olmaq" məsələsindən xoşum gəlmir. 

    Asif mənə baxdı:

    - Yaxşı, tanış olmamısınız, amma ümumilikdə tanış olmağa münasib bir mühit necə zühur elədi?

    Güldüm. Elə bu vaxt Malik gəlib özünü çatdırdı. Biraz həyəcanlı görünürdü. Özünü masaya çatdıran kimi əlini çiynimə qoydu:

    - Alim, xeyir olsun, nə olub? Xəstələnib eləmisən?

    Mən cavab verməmiş Arif danışdı:

    - Axır ki Alim uzun illər sonra kimisə sevir.

    Malikin ilk soruşduğu "Bəs qızın xəbəri var ki, sən varsan?" oldu. Yusiflə Asif gülüşdülər.

    Mən:

    - Əlbəttə, var, - dedim. - Amma sevgi filan söhbətləri hələ çox tezdir.

Malik:

    - Məni buna görə çağırmısız, Allah xatirinə?! İcazə alım deyə gəlinbacınızla savaşıb gəlmişəm ey mən!

    Asif ciddi formada:

    - Uşağa məsləhət ver də, sənin başın çıxır bu məsələlərdən, - deyə Malikə üz tutdu.

Mən:

    - Ortada məsələ filan yox... - deyirdim ki, Malik sözümü kəsdi.

    - Səndən olan deyil, Alim. Nə özün bədbəxt ol, nədə camaatın qızını bədbəxt elə.

    Nə olursa olsun, Malikin dediyi xətrimə dəymişdi.

    - Birincisi hələ bir şey olmasını istəyən yoxdur...

    - İkincini demə heç. Qadam, həqiqətən sənlik deyil. Sən münasibət quran zibil deyilsən.

    Əllərimi geniş açıb:

    - Uca allah hər birinizdən razı olsun! - deyə ironiya elədim.

     Asif oyunu saxladı. Zəri yavaşca yerə qoydu (bu bu dəfə həqiqətən oldu), ciddi bir şey deyəcəkmiş kimi oldu, sonra Maliki göstərib:

    - Bax gör bu bədbəxt nə gündədir! - dedi.

Malik:

    - Nə olub mənə? - deyib Asifin əlini kənara itələdi. Asif gülümsədi. Malik isə əsəbi görünürdü: - Zarafatsız soruşuram, nə olub mənə?

    Asif gülən sifətlə söhbətə qarışdı:

    - Daha nə olacaq? Gəlinbacının ayağının dibindən tərpənmirsən.

    Malik:

    - Yaxşı, bunun sənə nə dəxli? - dedi. Hirsindən üzü qızarmışdı.

    Mən müdaxilə eləməyə çalışdım:

    - Malik düz deyir də... Bu, onun öz işidir.

    Asif:

    - Əlbəttə, özü bilər. - dedi.

    Malik əsəbiləşdi:

    - Siz nə istəyirsiniz? Nə istəyirsiniz məndən?

    Yusif:

    - Asifə fikir vermə. Adı kimi sərt küləyi var. Heç nəyə fikir vermir, əsir. Onu heç nə saxlamır. Amma sənin nəyinsə var, Malik. Mən heç, mən bədnamam, xoş gün, şadlıq, sevinc qanmıram. Mənim adım belə kədərli deməkdir... Alim də sadəcə bilir. O "prosta" bilir, bu qədər.

    - Belə qrupda olmasam, daha yaxşı olardı yəqin. Siz necə insansınız? - deyib Malik düz Yusifin üzünə baxanda, Yusifin də əsəbiləşdiyini hiss elədim.

    Söz güləşdirmə bir neçə dəqiqə idi ki, davam edirdi. Mən qəfil stulu itələyib ayağa durdum. Heç nə demədən olduğumuz məkanı tərk elədim. Qapıdan çıxan kimi siqaret yandırıb iti addımlarla uzaqlaşmağa başladım. Arxadan Asifin səsini eşitdim. Başımı çevirəndə yoldaşlar hamsısı qaçırdılar ki, mənə çatsınlar. Dayandım. Siqaretimdən bir qüllab aldım. Onlar yaxınlığıma çatanda:

    - Nə oldu, rahatlaşdız?

    Maliklə Asif baxışdılar. Malik:

    - Yox, hələ davam eləyəcəyik, - deyəndə mən qarışıq hamı gülümsədi.

    Malik Asifə:

    - Səndən incidim, Asif, - dedi.

    - Mən də səndən incidim, üzərimə çımxırdın, - dedi Asif ciddi, amma yumşaq bir tonla.

    Zəng səsi eşidildi. Asif gülərək Malikə:

    - Aç, aç, - dedi.

    Malik rahat danışmaq üçün bir qədər uzaqlaşdı. O uzaqlaşdıqca səsi yavaşıyırdı. Bəzi cümlələrini eşitdim: "Özünü halsız hiss eləyirsən yenə?.. Analizlərin cavabı bu gün çıxır?"

    Sabah Malikin İradəsini təcili biopsiyaya göndərdilər. Birisi günün ilk saatlarını Asif, mən və Yusif yeni eşitdiyimiz xəbəri fikirləşib ağlayırdıq.

***

Photo: https://pixabay.com/users/myriams-fotos-1627417/?utm_source=link-attribution&utm_medium=referral&utm_campaign=image&utm_content=1786475

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!