Bir səhv dörd düzü apardığı üçün həyata sevinə bilməyənlərin tragediyası
Bu əsərin sujeti həyatın mənim fikrimcə ən mühüm və digər ucda-kənarda qalmış hər kiçik cəhəti özündə saxlayacaq qədər ümumi beş hissəsinin, daha doğrusu, fəzasının planetlərin Günəşin ətrafında fırlandığı kimi oxucunun zehnində dolaşıb onu düşündürməsi üçün nəzərdə tutulmuşdu. Həmin beş fəza bir çox hallarda sadəcə müəyyən bir yaşa kimi düşündürücü olsa da insan inkişafının fərdi, məhrəm, sosial, hətta bəlkə də onun ölümündən sonrakı onunla bağlı ictimai yaddaşın bütün tərəflərini özündə yaxşı-pis əlaqələndirir, məncə, əhatə də edirdi. Hər halda bir insanın ümumi olaraq həyatdan məmnun olub-olmamasını analiz etmək üçün, məncə, səmərəli bir struktur idi.
Bu beş fəzanın yaşadığımız xüsusi qaydalar və ənənələrlə tənzimlənən həyatda bir çoxlarında eyni sıra ilə üzə çıxdığına ürəkdən inanırdım, əslində elə indi də bu inancı daşımaqdayam. Ən kobud şəkildə ifadə etməyə çalışsam, belə bir kasad təsvir vermək istəyərdim:
Uşaqlar doğulanda ilk axtardıqları yumşaq ət parçası, yəni ona "ətcə" verənlərlə, yəni onu dünyaya gətirən ailəsilə başlayır insanın hekayəsi. Ardınca insanın geniş mənada inkişafının ən mühüm mərhələlərindən biri - ailə üzvlərindən təşkil olunmayan uzaq ətrafla üzləşməsi baş verir. Bu mərhələ xalanın, bibinin, əminin, dayının, ailə dostlarının, qonşuların uşaqlara nəyisə əzbərlətməsi ilə müşayiət olunur. Bu əzbərləmə fəaliyyətini əsərdə ifadə etmək üçün tapdığım anlayış "Vətən" idi. Nəhayət ailəsi tərəfindən hansısa kiçik qərarlarını özü verə bilən (məsələn, nə vaxt yemək yeyəcəyini, nə vaxt tualetə gedəcəyini və s) uşaqlar çox vaxt elə bu yaşlarda insan yaşının reallıqlarına əsasən nənəsinin, ya da babasının ölümü ilə qarşılaşır. Çox vaxt bu "ölüm" anlayışını uşaqlara fövqəltəbii olmayan vasitələrlə (məsələn, uşağın almanı, armudu başa düşdüyü şəkildə) izah etmək mümkün olmadığından ailəsinin birbaşa müdaxiləsi olmasa belə uşaq təbiətdən kənar və real olub-olmadığını düşünmədiyi inanclara yiyə durur. Bu inanclarla birlikdə uşaq ilk dəfə metodiki bir məsələylə üz-üzə qalır, gələcəkdə "nəyi necə bilirəm" sualını düşünmək üçün özünə zəruri olaraq sfera açır. Əsərdə "din" adıyla gedən bu fəzanı əslində hansısa ümumi şəkildə anlaşılan, minlərlə üzvü olan bir din yox, ümumilikdə yuxarıda qeyd olunduğu kimi metodiki problemi həll etmədən də qane oluna və inanmaq üçün əsasa ehtiyac duyulmaya da bilindiyi inanclar olaraq nəzərdə tutmuşdum. Yeniyetməlikdən etibarən sevgiyə sevgi duyduğuna inanmağa başlayan uşaq, burada da yeni bir fəzaya keçir. Nəhayət bütün bu dörd cəhət, bu dörd fəza (çox qısa kobud ifadəsi ilə ailə, vətən, din və sevgi) yeni bir sintezə qucaq açır və bu sintez özündə ehtiva etdiyi cəhətlərin müxtəlifliyi və rəngarəngliyinə görə zəruri olaraq abstractdır. Mən bu fəzanı insanın həyatını mənalı və ya mənasız görməsinə səbəb olan bir məqsədqoyma olaraq başa düşürəm.
Zənnimcə, bu "məqsəd", yəni beşinci fəza ondan xronoloji olaraq əvvəl üzə çıxan digər dörd fəzadakı travmaların emosionallıq qatdığı və digər dördünə baxanda həmin dörtlükdəki stressləri də özündə saxladığı üçün insan həyatının ən böyük və gələcəyə təsirləri baxımından ən mühüm stressləri yaşatması ilə insanların hər birini müəyyən bir inkişaf periodunda ciddi narahat edir. Əlbəttə, insanların bir çoxu bu narahatlığı görməzdən gəlməyə çalışırlar, çünki problemi "kökündən həll etmək" istəyirlər. Təsadüfi deyil ki, insanlar adətən bu periodlarda həyatlarının ən irrasional qərarlarını həyatlarının ən təsirli sahələrində verir. Başqa sözlə, bu fəzanın üzə çıxdığı anlardakı yanan meşəni söndürmək üçün bir çoxları ağac tapılmayan plazalarda özünə iş həyatı qurmağa çalışır, digər bir çoxları isə meşə yanğınını söndürmək əvəzinə ondan qaçmaq və bu periodda üzə çıxan eqzistensial (var olmaq prosesi ilə birbaşa əlaqəli olan) problemlərini "mən varam" demək üçün özü kimi başqa bir insanın yanında var olmağı seçir.
Bu sxemdən istifadə etməklə bir çox insanın öz həyatları barədə "aydınlanma" yaşaya biləcəyini düşünürəm və belə nümunələrə də rast gəlmişəm. Lakin bu yazımda istədim ki, bir məqama, daha doğrusu, çox rast gəldiyim və həyatın mənası yox, marağının birbaşa əlaqəli olduğu bəzi müşahidələrimdən çıxarıdığım ümumi nəticəyə toxunum. Mən bu vaxta qədər yuxarıda sayılan beş cəhətin beşində də hər şeyin qaydasında olduğu bir insana rast gəlməmişəm. Buna oxşar bəyanlar edən bir çoxlarına isə çox rast gəlmişəm. Əslində belə "tam" insanlar olsalar da, onlarla qarşılaşmamağımız kifayət qədər təbii olardı. Çünki bu beş cəhət üzrə tamamilə hüzur içərisində olan bir şəxsin nəyəsə marağı qala biləcəyini və beləcə onunla qarşılaşacağımızı düşünmürəm. Lakin maraqlı olan odur ki, əgər bu beş cəhətdən beşinin yox, dördünün də yox, üçünün, ikisinin, birinin və ya heç birinin qaydasında olmadığı insanların nə vaxtsa bu beş cəhətdən dördünü tamamlayıb birində yarımçıq qalmasına qədər həyata tragedik (Əli aşı ilə Vəli aşı arasında qalma) reaksiya verməyəcəyi, beləcə həmin insandan öyrəniləcək hələ ki bir şey olmadığı qənaətinə gəlsək və mental mikroskopumuzu yalnız bu beş cəhətdən birində yarımçıq qalan insanlara çevirsək, yuxarıdakı sxemlə düşünmək bizi ciddi bir nəticəyə çıxarır. Bizi bəlaya salan, incidən, ağrıdan ümumilikdə bir çox səbəbə (burada fəzaya) görə həyatla bacarmamaq yox, qalan hər şey yaxşı ikən yalnız bir çatışmazlığa digər dörd fəzadakı göstəricilərin cəmindən daha böyük dəyər verməyimizdir. Yəni yuxarıda qısaca təsvir olunan həmin 5 cəhətdən 1-i olmadıqda qalan 4-nü yox sayır və yalnız bu halda bədbəxtliyin dibini yaşayırıq. Nəticədə bir səhv dörd düzü (onun mənasını) aparır. Lakin çox yaxınıq mənalı həyata, cəmisi bir addımlığındayıq. O olsa, hər şey düzələcək, amma onun olmaması digər dördünün olmasının vaxtı ilə olduğundan daha çətin gəlir insana. Bu da bir tragediyadır.
"Sərçə"-ni aşağıdakı linkdən yükləyib oxuya bilərsiniz:
bit.ly/rustam-azimov-eserler-serce
Picture credit:
https://pixabay.com/illustrations/faulty-system-chair-broken-team-4295549/

Comments
Post a Comment