Qara kağız, ağ qələm - Proloq
Necə tez bitdi hər şey biz heç nədən doymamış. Sanki heç heç nə olmayıbmış! Fiziki cəhətdən uzaqdadır artıq hər şey. Nə etmək olar? Heç nə. Sonu kədərli bitən bir hekayədəsənsə və drama üzün gəlmirsə, tragediya yaşamaqdan başqa çarən qalmır. İndi bir mən, bir kağız-qələm, bir də bu tragediya qalmışıq.
Zil qara qış küləyi əsir çöldə, amma pəncərələr açıqdır. Pəncərələrin açıq qalması mənim təşəbbüsümlə baş vermir. Sadəcə durub bağlamaq da istəmirəm. Əslində bu an durub pəncərəni bağlamağın mənə xeyri yoxdur, amma açıq qalmasına da dözmək olmur. Biraz şüşələri əhatələyən ağ çərçivəyə baxıb fikirləşdikdən sonra "həm də siqaret çəkərəm" deyib ayağa dururam. Yemək masasının üstündən siqareti və kibriti götürüb pəncərəyə yaxınlaşıram. Sanki ayaqlarım getmir, mən onları məcbur aparıram. Corablarımın islanmasından başa düşürəm pəncərəni hələ yağış başlamadan bağlamalı, ya da ümumiyyətlə açmamalı olduğumu. Qayıdıb ensiz, lakı getmiş, laxlayan yazı masamın arxasında əyləşirəm. Damağımda siqaret corablarımı çıxarmağa çalışanda gözüm masanın üstündəki çərçiçəyə sataşır. Təəccüblüdür, amma elə bil əşya mənlə danışır. Gözlərimin içinə baxıb qışqırır bu taxta çərçivəli şüşə. Ağlaya bilir məndən fərqli olaraq şəkildə ləpələnən dəniz.
Fikrimi yayındırmaq üçün otağı nəzərdən keçirirəm. Otaq insandan boş, xatirədən boldur. Bu yarı qaranlıq otaq məni sözün bütün mənalarında çılpaq görüb. Burada ağladım, burada güldüm, burada sevindim, burada həyəcanlandım. Burada elədim eləmək istədiklərimin hamısını. Bu otaq mənə yatmağa yer verdi, amma bəzən kədərdən, bəzən sevincdən yatmağa qoymadı. Nə sevincimin səbəbi bu otaq idi, nə də kədərimin müqəssiri, amma bu otağa nifrət eləyirəm yenə də. Təbii sevirəm də bir yandan, çünki bircə o məni tək qoymadı. Bu otaq cəhənnəmim oldu... Cəhənnəmi belə sevdim məni tək qoymadığı üçün.
Yaxşısı budur, yazmağa davam eləyim. Bu gün nə elədiyimi yazmaq istəyirəm, amma heç nə xatırlamıram. Bir siqaret daha yandırıram və qara kağızıma baxıram. Ağ qələmimi bir də əlimə götürürəm. Sol əlimdə siqaret işıldayır. Siqaretə baxanda qəfil onun "paravoz" sözü yadıma düşür. Gülümsəyirəm. Otağa baxıram yenə.
Kimsəsiz bir meşədə bir ağac aşsa, o ağac həqiqətən də aşıbmı? Bu tənha otaqda yoxam mən də... Mən də kimsəsiz meşədəki o ağac kimi aşdım.
Tənha bir otaqda təkəm. Şübhəsiz bu mənəm. Mənəm və təkəm... Ağlıma maraqlı bir sual gəldi! Özün olmaq və tək qalmamaq mümkündürmü ki?
* * *
Photo by cottonbro studio: https://www.pexels.com/photo/man-in-black-shirt-lying-on-black-couch-6037732/

Comments
Post a Comment