I HİSSƏ | 1. Bəzən planları təsadüflər qurur

 

Qara kağız, ağ qələm (roman)

I HİSSƏ

1. Bəzən planları təsadüflər qurur

  Bir neçə il əvvəl

    Bu gün digər istirahət günlərindən heç nəyi ilə fərqlənmirdi. Həmişəki kimi axşamlar işləyəcəyimi düşünüb məqsəd və hədəfsiz şəhərdə gəzməyə çıxmışdım. O gün özümü necə hiss elədiyimi indidən baxanda tam xatırlamıram. Amma o və ondan əvvəlki illərin ümumi səciyyəsi dopdolu bir həyatın mənəvi boşluğundan ibarət idi. Hər zaman doğru işləri görmüş, yanlış işlərdən çəkinmiş olsam da nə doğruda, nə yanlışda bir məna tapır, tapdıqlarımı rasionallaşdırıb əlimin tərsi ilə rədd eləyib atırdım. Hiss etdiyim ifrat yalnızlığı, boşluğu, heçliyi ifadə eləmək üçün bədii əsərlər tapıb oxuyur, şüurumu idealist prinsiplərimin müdafiəsi və əks tərəfə xəyali əks hücumlarla məşğul edib sözün əsl mənasında başımı (!) qatırdım. İnsanların maraqlı olmalarına görə həyatın mənası və mənasızlığını görməzdən gəlmələrinə qəzəblənirdim, hirsimi isə o zaman yanımda olan yeganə insandan, yəni özümdən çıxırdım.

    Küçədə yanımdan keçib gedən insanların demək olar ki, hamısı hansısa gülməli və ya ağlamalı halın hipnozunda qalmış, həqiqətən yaşamağı isə büsbütün unutmuş kimi görünür, əksər insanların həyatlarının sadəcə problem həll eləmək, ehtiyac doyurmaqdan ibarət olmasına baxmayaraq bundan xəbərsiz olduqlarını düşünürdüm. Doğrusu, əlbəttə ki, mənim də həyatım sadəcə problem həll etməkdən ibarət idi, amma mənim üçün mənəvi baxımdan xüsusi bir əlverişli hal yaranmışdı ki, mən heç nədən zövq ala bilmirdim, beləliklə nə problemləri həll etmək, nə də ehtiyaclarımı doyurmaq mənə ləzzət verir, beləcə gözəl və çirkin şeylərin təsirinə düşüb nə yaşadığını bilmədən yaşamaq əvəzinə düşünməyə xeyli vaxtım qalırdı. Düşünmək məni sümük, ət və qandan ibarət kainata baxanda nəzərə alınmayacaq qədər kiçik və zəif bədənimin potensialından kənara çıxarır, həyatdan zövq ala bilməməyimi ört-bastır edirdi. Özümə hələ də nələrdənsə zövq aldığımı təlkin edir, həyatımın mənasızlığının belə bundan özümün xəbərim varsa bir məna kəsb etdiyini şüurlu şəkildə düşünür, amma həyatda nə maraq, nə də məna hiss edə bilmirdim.
    Bu vaxt "görəsən, mənə oxşar hiss edən insanlar nə eləyirlər" deyə qəfildən ağlıma gələn bir düşüncə məni qəfil, gözlənilmədən ağuşuna almış, bəzən dərman, bəzən də təsəlli qoxuyan bu tipli bütün suallarda olduğu kimi bu sual da məni özümdən qoparmış, bir neçə anlığa da olsa, məni özümü fikirləşməkdən saxlamışdı. Çünki başqalarını fikirləşmək insanı özündən qoparırdı və əgər o başqası səninlə eyni problemlərdə kəsişirsə səni özündən qoparıb indi bilmədiyin və onsuz da indidən bilməyəcəyin bir işıqlı gələcəyə xəyalən aparır, problem həll etməyin bəşəriyyətin bundan əvvəlki və eləcədə bu bundan sonrakı həyatının davamiyyətində həll edici olması baxımından ən müqəddəsi - iki adamın tək həll edə bilmədiyini təşkilatlı şəkildə bir yerdə həll edə bilməsi insanın qəlbini şövqlə doldururdu. Bəli, mən problem həll eləməkdən gileylənmir, bezmirdim, lakin bu problem öz böyüklüyü və həll edildikdə daha çox insana daha çox faydalı olması baxımından maraqlı olmalı, bu maraq bu problemin subyekti olan mənlə problem arasındakı əlaqə qədər həyatıma məna qatmalıydı. Və daha da vacibi insanların buna sifarişçi olmaması idi ki, əks halda mən sadəcə bu problemləri həll edən adam olacaqdım. Bunun özü elə heçlik demək idi. Təbii bu sonuncunu da o vaxt hiss etmirdim, amma doğru olduğuna qənaət gətirməyə kifayət qədər düşünməyə vaxtım olmuşdu.
    Əslində eqoist prizmadan yanaşsaq, əlbəttə ki, mənim problemlərlə dərdim vaxtı ilə həll eləmək iqtidarında olmadığım, amma səbəbsiz yerə özünü ona görə günahkar saydığım bir məsələdən qaynaqlanırdı. O məsələni fikirləşdikcə ağıla nifrət edir, bütün dərdlərə, bütün xəstəliklərə çarə tapmadığım üçün onu qınayırdım. "Kaş başa düşməzdim, kaş heç nəyi başa düşməzdim!" deyə düşünürdüm. Mən düşünməyən insanları boş olsalar da, xoşbəxt sayırdım. Bu cür adamlar zaman-zaman mənimlə razılaşmasalar da, xoşbəxt olduqlarından əmin idim.
    Elə bunları fikirləşirdim ki, Malik zəng vurdu. Maliklə uzun illərin dostu olmağımıza baxmayaraq onunla fikirlərimiz bir-birinə tamamilə əks idi. Daha doğrusu, o bəzi mövzuları ümumiyyətlə düşünmürdü. O, küləyin gətirdiyi hər havaya razı olur, başını aşağı salıb tufanın bitməsini gözləyirdi. O, heç vaxt küləklə savaşmamış, axına qarşı üzməmiş, nəinki üzməmiş, heç nəyə və heç kimə heç vaxt ciddi bir reaksiya göstərməmişdi. Təəccüblü deyil ki, ətrafına onu sevən insanlar yığması gənc olduqdan sonra çox çəkmədi. Dərd eləməzdi heç nəyi, elə indi də dünən dost məclisindən tez qalxması barədə üzrxahlıq etmək üçün zəng vurmuşdu.
- Dünən məndən incimədiniz ki? Sizi qoydum getdim qəfil.
- Hamı səni kimin çağırdığını bilirdi, hər kəs başa düşür səni, narahat olma, - dedim zarafatyana.
- Bax indi nə dəxli var dediyinin? Nə fərqi var ki, niyə durmuşam, işim çıxdı uzaqlaşmalı oldum da...
- Düz yoldasan, cənab! Belə davam elə. - Güldüm. - Zarafat bir yana həqiqətən başa düşürəm.
- Sən özün yaxşısan?
- Yaxşı olasan. - Dedim və sağollaşdıq.
    Öz-özümə "bu insan xoşbəxt olmasa dünyada xoşbəxtlik deyilən şey yoxdur" deyə fikirləşib, gülümsədim. Onun adına sevinirdim. Mənim dostum Malik heç vaxt heç nəyi problem halına gətirməyəcəkdi. O, hər zaman az düşünüb çox yaşayan adam olacaqdı. Bu cür düşünürdüm o vaxt da.
    Sahil metrostansiyasının yanından keçəndə izdiham məni qıcıqlandırdı. Mən də izdihamla birlikdə eyni yolu tutmuşdum və dənizi görməyə gedirdim... İndi dayanıb fikirləşirəm, görəsən, o gün... heç olmasa o gün dənizi görməyə getməsəydim, həyatım necə olardı. Amma M. Bulqakovun əsərindəki Berliozun təsadüfən relslərin üstünə yıxılması kimi bu da proqnozlaşdırmadan, rasional təxmin etmədən tamamilə çox uzaqda idi.
    Qabağımda yeriyən, ətrafımdan keçən, arxamdan gələn tanımadığım o qədər adam var idi ki, bir yerdən sonra sanki onlar itdi, yox oldular. Mən artıq onları görmürdüm və bu elə bir həddə çatmışdı ki, təsadüfən kiməsə toxuna bilərdim və kimsə üstümə qaçsaydı mənə toxunana qədər hiss eləməzdim. Lakin yeraltı keçid bitib, pilləkənlər məni açıq havaya buraxanda bir qədər rahatlaşdım.
    Dənizə ən çox yaxın ola bildiyim yerə gedirdim. Dənizin düz yanındakı uzağı iyirmi metrlik bu boşluqda insanlar daha az olurdu və mən buranı daha çox sevirdim. Həmişəki yerimdə oturdum. Məndən dənizə biraz daha yaxın dayanan oğlanlı-qızlı bir qrup çox olmasa da əylənənə oxşayırdı. Nə qədər çalışsam da onların ciddi bir məsələ ilə məşğul olmaqlarını təsəvvür eləyə bilmədim. Orada həmin qrupdan başqaları da var idi. Çox deyildilər, amma var idilər. Deyəsən, bir, ya iki cütlük də var idi. Onlar ümumiyyətlə bu planetdə deyildilər. Adətim üzrə sadəcə maraqdan sürətlə ətrafa göz gəzdirdikdən sonra siqaret yandırdım. Dənizə baxmağa başladım. Nə qədər eləcə qalıb dənizə baxdığımı bilmirəm. Amma sonra dənizdən arabir gözümü çəkməli oldum. Məndən çox uzaqda olmayan, amma çox yaxında da olmayan bir qız xüsusi heç nə eləmədən diqqətimi cəlb etmişdi.
    Hər kəs nə iləsə məşğul olur, o isə arabir telefonunda qısaca nəyəsə baxmaqdan başqa heç nə etmirdi. "O da mənim baxdığım kimi baxır dənizə" deyə fikirləşdim o an. Bunu fikirləşməyə nə əsas verirdi, heç indi də bilmirəm, amma elə hiss edirdim. Üzünə baxdım. Uzunsov sifətli, geniş alınlı idi. Məqsədyönlü, intellekti yüksək insan simasına sahib idi. Aşağılara doğru balacalaşan çənəsi keçmişi unutmayan, hətta bəzən unuda bilməyən adam təəssüratı yaradırdı. Gözləri çökəklikdə idi, dərin nələrsə vardı bu gözlərdə. Üzünün xətləri yumşaq olsa da yanağı bığ yerindən, bığ yeri dodaqlarından aydın şəkildə ayrılırdı. "Həyatında gülməyə də, ağlamağa yer verən adamdır" deyə düşündüm, çünki bu ağız o cür emosiyalara geniş imkan verərdi. Burnu balaca, amma ətli idi. Burnunun balacalığı pişiyə oxşadırdı onu. Şirin, ünsiyyət qurmağı bacaran, məndən fərqli olaraq hamıyla dil tapan adam olmalıydı. Burnunun arıq yox, ətli olması isə büsbütün qayğıkeşliyindən xəbər verirdi... Bunları fikirləşdikcə niyəsə onun həyatına bir neçə dəqiqəlik də olsa daxil olmaq arzusu oyandı məndə.
    Sözü mən açdım, amma o da danışmağa başladı. Bir-birimiz haqqında çox şey soruşmadıq, bir-birimizi tanımırdıq və tanış olmaq yox, ağlımızı qurdalayan və digər bir çox insanların nəinki müzakirə etməyə, düşünməyə belə ərinəcəyi sosial məsələlərdən danışırdıq. O da mənim kimi bu cür mövzulara həyəcanlanırdı və görünürdü ki o da mənim kimi bir çox ictimai, sosial, mədəni məsələlər barədə düşünür.
    Biz artıq sağollaşıb həyatına təsadüfən olan, amma bir yandan da olmayan şəkildə girdiyim adamla bir dəfəlik uzaqlaşacaqdıq ki, əlaqə vasitələrimizi ala bilib-bilməyəcəyimizi soruşdu. Şübhəsiz razılaşdım.
    Demək olar elə ilk məktublaşmalardaca növbəti görüş vaxtını təyin etdik. Bəzən planları təsadüflər qurur.

***




Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!