I HİSSƏ​ | 4. Trotzdem sapere aude!


Qara kağız, ağ qələm (roman)
I HİSSƏ​

4. Trotzdem sapere aude! 

- Bəs siz necə fikirləşirsiniz?

O bunu soruşanda mən ona baxırdım. Söhbətin harasında olduğumuzu və nədən danışdığımızı unutmuşdum. Telefonuna zəng gəlib, "Üzr istəyirəm" deyib ayağa qalxıb bir qədər uzaqlaşdıqda onunla söhbətə başladığımız vaxtdan etibarən bir neçə saatdır danışdıqlarımızı xatırlamağa çalışdım. Zəngi söndürüb mənə tərəf döndü, bir daha "Üzr istəyirəm" dedi, oturdu. Onu və hərəkətlərini izləyəndə xatırladıqlarımı yenidən unutdum. Özümü itirmədim amma:

- Necə fikirləşdiyimi soruşmuşdunuz... - deməklə düşünməyə vaxt qazandım. - Məncə, bu dediyinizi post-modernizmi başa düşmədən analiz eləmək mümkün deyil. Məsələ burasındadır ki, bu gün alıcı "homo economicus", yəni ağıllı alıcı deyil. Bu gün insanlar əsasən onlara lazım olanı yox, onları yaxşı hiss etdirəni alırlar. Əlbəttə ki, bu da məhsul və xidmətlərin nominal dəyərindən çox-çox artıq, bəzən qat-qat artıq pula satılmasını yaxşı izah eləyir. Başqa sözlə, bir məhsulun hazırlanması əmək haqqı qarışıq, məsələn, bir dollardırsa belə, onu on dollara satmaq olur. Bu cür bir hal əslində 1968-ci ilə kimi də var idi. Sadəcə o vaxtlar bu cür hallar əsasən incəsənət məhsullarında, bir də kolleksioner fəaliyyətlərində ortaya çıxırdı. İndi isə elə deyil.

Başını tərpətdi:

- Amma bu ağıllı yox, hisslərlə davranmaq təkcə almaq məsələlərində deyil, hər yerdədir sanki.

- Elədir, əlbəttə. Elə ona görə post-modernizmdən söz açdım. Bu barədə lap əvvəldən danışmaq lazımdır.

- Danışın da, zəhmət olmasa.

Xəbəri yox idi ki, o belə deyəndə mən əriyirəm.

Siqaret yandırdım.

- Tüstüsü sizə gəlsə, deyin.

- Narahat olmayın... Amma çox çəkirsiz.

- Bilirsiz ki, dünya deyəndə birbaşa Avropa başa düşülür, çünki Qədim Yunanıstandan bu yana dünyanın qalan bütün hissələrindəki istər sosial, istər siyasi, istər iqtisadi bütün məsələlər yalnız onların Avropaya təsiri və Avropanın onlara təsiri baxımından təhlil olunur. Ona görə də, xüsusilə son iki min ildə bəşəriyyətin inkişaf dinamikasını Avropadan izləmək lazım gəlir... Məsələ burasındadır ki, Qədim Roma İmperiyasının dağılmasından sonra xristianlıq Avropada hökm sürməyə başladı. Bu, təkcə insan qrupları yox, həm də birbaşa fərd üzərində həm miqyası, həm sistematik, həm də uzun müddət belə olması nöqteyi-nəzərdən ilk despotik idarə idi. Kopernik kimilərin edama aparılmasını düşünün, insanların üzəridəki təzyiqi düşünün... Amma bu da sonsuz davam etmədi.

- Bəs Avropada bu cür bir despotik idarə necə sona çata bildi?

- Bu sualın cavabı da heç asan deyil. Burada bir çox sferada olan dəyişikliklərə baxmalıyıq. Gəl başlayaq ümumiyyətlə insan kapitalından. Mən elə düşünürəm ki, Mikalancelo, Da Vinçi kimi istedadlı adamlar, hətta dahilər hər dövrdə var. Sadəcə bu cür adamları tanıya bilməyimiz üçün, yəni bu adamların onları tanıya biləcəyimiz qədər effektiv olması, özlərini reallaşdıra bilmələri üçün bir çox sferalarda xüsusi situasiya olmalıdır. 

- Məsələn, hansı sferalarda?

- Əvvəla onlarda dünya görüşü yarada biləcək ədəbiyyat olmalıdır.

- Qədim Yunan filosoflarının əsərləri Avropada oxunulmurdu, ərəblər gətirdilər, onu deyirsiz?

- Bəli. Orta əsrlərdə həmin əsərlər Avropada o dövrün tanınan dillərinə ilk başda Qədim Yunan dilindən yox, ərəb dilindən tərcümə olunub, elə oxuyublar. Onda ərəblər Preney yarımadasını, indiki İspanyanı filan tutmuşdular.

- Bilirəm.

- Məsələ burasındadır ki, ərəb xilafətinin hələ də güclü olduğu vaxtlarda xəlifə bəzi müxalif məktəblərə qarşı mübarizə aparmaq üçün Beytül Hikmə - Hikmət Evinə dəstək verməli, daha doğrusu, göz yummalı idi. Əl-Xarəzmi kimi müsəlman ziyalıları bu kimi məktəblərdə çiçəklənirdilər. "Alqoritm" sözü bilirsiniz ki, onun adıyla bağlıdır... Əlbəttə ki, bu cür adamlar müəyyən sosial-siyasi, hətta psixoloji məsələlər üzərində işləyəndə Qədim Yunan filosoflarının əsərlərinə baş vurmalı olurdular, beləcə o əsərlər ərəb dilinə tərcümə olunurdu.

- Sonra həmin əsərlər Avropalıların əlinə keçdi və o dövrdə məşhurlaşmasalar da Mikalancelo kimi adamlar o əsərlərin ərəb dilindən o dövrün müasir Avropa dillərinə tərcümələrini oxudular. Amma iş bununla qurtarır ki?

- Yox, təbii ki. Da Vinçi kimi adamların özlərini reallaşdıra bilməsi üçün həm maliyyə, həm də onların işlərinə ehtiyac olmalı idi... Yeri gəlmişkən, siz bilirsiniz, Da Vinçi öz dövründə nə ilə tanınıb?

- Alim kimi?

- Yox, təbii ki. O dövrdə bu günkü mənada "alim" adlanan bir peşə yoxdur. Heç olsa da, kilsə imkan verməzdi qalsın... Da Vinçi o dövrdə tədbir, məclis təşkilatçısı kimi tanınırdı. Məsələ burasındadır ki, o dövrdə İtaliya parçalanmış, daha doğrusu, şəhər dövlətləri halındadır və hər hansı şəhər dövləti digəriylə müharibə eləyə bilmir, çünki biri o birinə hücum eləsə, hansı tərəf udursa udsun, digərləri zəif qalacaqlar deyə ilk iğtişaşda bütün şəhərlər müharibəyə qoşulacaq. Beləcə, bu kiçik dövlətlər bir-biriylə yalnız elm və incəsənətdə rəqabət apara bilirlər. Məsələn, bir şəhərdə yaxşı məclis olanda digər şəhərlər paxıllıq eləyir, həsəd aparır. Da Vinçi də bu cür tədbirləri o dövrdə ən yaxşı təşkil eləyənlərdən birdir.

- Siz əslində renessansdan danışırsınız, düzdür?

- Bəli, bəli. Bu arada deyim, "renaissance" sözündəki "re" yenidən, "naissance" doğuluş deməkdir, yəni yenidən doğuluş. Bunu ərəb fikir insanlarının parladığı intihab dövrüylə eyni adlandırmaq, yəni bu sözü "intibah" kimi tərcümə etmək səhvdir. "İntibah" sözü oyanış deməkdir. Bir fikir verin: "yenidən doğuluş" və "oyanış". Oyanışda hesab olunur ki, olan şey oyanır, amma yenidən doğulma mövcud hər şeyi yenisi ilə əvəz eləməyə gətirib çıxarır. Düzdür doğulan doğulmazdan əvvəlkindən izlər daşıyır, amma yenə də yenidir. Oyanış isə köklü dəyişikliklər demək deyil, fundamental olaraq heç nə dəyişmir ki, bunu həm ərəblərin bu günkü vəziyyətində, həm də min il əvvəl mütəfəkkirlərin fikirlərinin siyasi olaraq oradakı xəlifələrə sərf eləməsində görmək olar.

- Orta şərqdə renessans olmayıb yəni.

- Əlbəttə ki, yox. Olmayıb, necə ola bilər, şərtlər alınmayıb axı. Beytül Hikmə orada işləyən insanların niyyəti nə olursa olsun, hakimiyyətin əməllərinə sadəcə müvəqqəti siyasi əsaslandırma cəhdi idi. Oradakı mütəfəkkirlərə göz yumdular, çünki sərf eləyirdi. Amma nə bu siyasi şərait çox davam elədi, nə də maliyyə baxımından 10-11-ci əsrlər ərəbistanı ilə, 15-16-cı əsrlər Avropasını müqayisə etmək mümkündür.

- Deməli, siz dediniz ki Da Vinçi kimi, Mikalancelo kimi adamları, daha doğrusu, renessansı yaradan bir neçə sferada uyğun situasiya idi. Bu sferalardan biri uyğun ədəbiyyatın, yəni kitabların olması, digəri siyasi şəraitin dava-qırğın, müharibə və ya bunun kimi digər bir mübarizəyə birbaşa imkan verməməsi, deməli mübarizə üsulu kimi yalnız elm və incəsənətin qalması idi. Üçüncü sfera isə maliyyədir.

- Hə, amma əvvəl gəlin bu siyasi situasiyanı biraz daha dərindən fikirləşək. Siz Qusçular hərəkatı barədə eşitmisiniz?

- Yox.

- Hansı ki kilsə hakimiyyətinə qarşı üsyan qaldırırlar, başlarında da bir adam var, Yan Qus.

- Hə... Yadıma düşdü indi!

- Bilirsiniz də, Yan Qusu öldürdülər.

- Bilirəm, hə, - dedi, güldük. Nəyə güldüyümüzü bilmirəm.

- Bax amma Martin Luteri öldürə bilmədilər. Sual olunur niyə?

- Martin Luter dediyiniz afro-amerikalı həmin adam...

- Yox, yox, onu demirəm. O Martin Luter Kinq-dir. "Mənim bir arzum var!" deyən adamı demirəm.

- Mən də onu deyirəm, onu demirsiz də?

- Yox, mənim dediyim Martin Luter orta əsrlərdə yaşayıb, özü də Avropada. O biri ABŞ-dadır, çox yeni dövrdədir.

- Başa düşdüm.

- ...Baxın Yan Qusu öldürdülər, amma Martin Luteri yox. Niyə bilirsiniz?.. Çünki Martin Luterin həyatı elə vaxta düşdü ki, İngiltərə kralı onsuz da Papaya qarşı çıxmaq istəyirdi. Protestantlığın ortaya çıxması (bilirsiz ki, İngiltərə o vaxt katolik idi) ona sərf elədi. Məsələ, burasındadır ki, həmin dövrdəki İngiltərə kralının əslində böyük qardaşı kral olacaqdı. Onu Fransa şəhzadəsi ilə təzə evləndirmişdilər ki, öldü. Beləcə kiçik qardaşı kral oldu. Bir yandan da Fransa şəhzadəsi ilə evlənməsi diplomatik əlaqələrə görə vacib idi. Amma həmin şəhzadə vaxtı ilə onun böyük qardaşı ilə evli olmuşdu və kilsə ölən bir kişinin qardaşının arvadı ilə evlənməyi qadağan eləmişdi.

- Onlar da Papanın qabağına qır-qızıl töküb bağışlanma sənədi aldılar, - o dedi.

- Hə! Bu arada katolik kilsəsinin günahları pul qarşılığında "silməsi" məsələsi elə bu vaxt ortaya çıxır.

- O vaxtlar da kilsənin kasıb vaxtları... - dedi və ikimiz də güldük.

- Əlbəttə. Bir yandan Hindistana dəniz yolu tapılıb, bir yandan müstəmləkə işğalları başlayıb, bir yandan buxar maşını istifadə olunur artıq və istehsalat çox güclüdür, bir yandan da Medici kimi ailələr kağız pul buraxıb demək olar hər şeyə əl atırlar... Bu arada bilirsiz də əslində okeanlararası kəşflərə Medicilərin pulu ilə başlayıblar.

- Necə yəni? Bunu biraz açın, zəhmət olmasa.

- İndi siz gedib pulunuzu hansısa banka qoysanız, sizə müəyyən periodlarla əlavə pul gələcək, düzdürmü?

- Aha?

- Amma o dövrdə əksinə, insanlar pullarının saxlanılması üçün özləri pul ödəyirdilər. Medici kimi ailələr isə anbarlarına insanların pullarını yığıb bir kağız verirdilər ki, "filankəsin filan qədər pulu məndədir". İnsanlar da nəsə alanda bir-birinə, məsələn, qızıl sandığı verməkdənsə, o kağızı verirdilər ki, adam istəsə gedib o "filankəsin" qızıllarını götürsün... Bir yerdən sonra Medici ailəsi gördü ki, insanlar ümumiyyətlə metal pulu daşımaqdansa, onların verdiyi kağızlarla alış-veriş eləyirlər. Bu elə bir həddə çatdı ki, artıq nəsə satan nəinki başqasının "kağızını" götürürdü, həm də özü nəsə alanda elə bu kağızdan istifadə edirdi.

- Aha?..

- Medici ailəsi kimilər də gördülər ki, anbarlarında nə qədər metal, yəni pul olmasından asılı olmayaraq kağıza nə desən yaza bilərlər.

- Hə də, məntiqlidir. Onsuz da ancaq kağızlar... Necə gedirdi o söz?

- Mübadilə.

- Hə, onsuz da kağızlar mübadilə olunur.

- Bəli, bəli. Beləcə Medici kimi ailələr "başlarından böyük işlər" görməyə başladılar. Məsələn, Hindistana dəniz yolunun tapılması üçün dəniz səfərlərini maliyyələşdirmə.

- ...Və ya Mikalancelo kimi adamların işlərinə dəstək.

- Əlbəttə ki, - dedim. - O "Sistine chapel"-ə bax... Adam 1508-1512-ci illərdə bütün tavana 3d rəsmlər çəkib. Buna dırnaq arasında başqa hansı "başdan xarab" investisiya eləyə bilərdi ki.

- Və kilsə də əlbəttə sənayedə buxar maşınının istifadəsi, dəniz yollarının tapılması, kağız pulun ortaya çıxması kimi məsələlərin ortaya çıxması ilə geridə qalmış oldu.

- Super! - Dedim. Elə həyəcanlanmışdım ki! Ancaq qaldığımız yeri unutmuşdum, onu tapmaq üçün bütün söhbətimizi ağlımdan keçirdim. - Biz qalmışdıq İngiltərə kralı 8-ci Henridə, düzdür?.. Deməli, əvvəla Papadan icazə alınır ki, bu kral ölən qardaşının arvadı ilə evlənsin. Amma necəsə üzərindən vaxt keçir və 8-ci Henri başqa bir qıza aşiq olur. Boşanmaq istəyir, amma boşansa, İngiltərənin Fransa ilə münasibətləri pozulacaq. Bu da eləmə tənbəllik, "papayla" əlaqə saxlayır. Papa ondan bu vaxta qədər heç nə əsirgəməyib. İndi istəyir ki, ölmüş qardaşının arvadı ilə evlənməmə barədə qərar yenidən qüvvəyə minsin. Beləliklə, İngiltərə kralı fransız şəhzadəsi ilə ayrılmış olacaq, amma Fransa ilə İngiltərənin arası pozulmayacaqdı. Amma Papa  səviyyəni o qədər də aşağı salmır və qabağına nə qədər qızıl töksələr də razılaşmır. İngiltərə kralı da katolik kilsəsi ilə mübarizə aparmaq üçün ölkəsində yeni bir dinin cücərməsinə imkan yaradır.

- Bəs bunların post-modernizmlə nə əlaqəsi var?

- Üzrlü hesab eləyin, biraz uzun oldu. Açığı, başqa cür mümkün olmayacaqdı. Çünki post-modernizmi başa düşmək üçün əvvəla modernizmi başa düşmək lazım idi və modernizmi başa düşmək üçün həm aydınlanmanı, ona görə də, renessansı başa düşmək lazımdır. Renessansı başa düşmək isə despotik katolik hakimiyyətini başa düşmədən mümkün deyildi.

- Başa düşdüm. Deməli renessans və o dövrdə sənayedə, finansıvıy...

- Maliyyə...

- Sənayedə və maliyyədə olanlar əlbəttə ki, aydınlanmanı yaratdı.

- Bəli, bəli. Sən İmmanuel Kantın "Aydınlanma nədir?" adlı qısa məqaləsi var, onu oxumusan?

- Hə, oxumuşam.

- Bu arada Baku Research Institute onun azərbaycan dilinə çox yaxşı tərcüməsini bölüşüb... Alman filosofu İmmanuel Kant deyir ki, "ağlını işlətməyə cəsarətin olsun". Bu, dünyanın, yəni Avropanın ən böyük ağıl inqlabının tarixçiliyidir... Gəl həmin məqalədən bir abzas oxuyum. - Telefonumu çıxarıb həmin hissəni tapdım:

"Aydınlanma bir insanın onun öz qəbahəti üzündən yetkin olmama vəziyyətindən çıxmasıdır. Yetkin olmama insanın başqa birinin onun üzərində rəhbərliyi olmadan öz ağlından istifadə etmə qabiliyyətinin olmamasıdır. Yetkin olmamağın səbəbi o zaman insanın özündən qaynaqlanır ki, onun səbəbi ağlın zəifliyindən yox, insanın öz ağlından başqasının rəhbərliyi olmadan istifadə etmək cəsarətsiziliyindən və sərbəst qərar verə bilmək bacarıqsızlığından irəli gəlir. Sapere aude! Deməli, aydınlanmanın aparıcı şüarı belədir: Öz ağlından istifadə edəcək cəsarətin olsun!"

İmmanuel Kant, Königsberg, Proyzen (Preusen), 30 Sentyabr 1784-ci il

- Düzdür Kant almandır, amma burada "Sapere aude!" latın dilindədir, "Bilməyə cəsarət elə!" kimi hərfi tərcümə oluna bilər. Amma sən onsuz da başa düşdün nə demək istədiyini Kantın. ...Bax bu hayqırış insan fikir tarixi baxımından çox şey deyir. Bu renessansın sonudur, onun xalis övladı aydınlanmanın başlanğıcı. Və aydınlanma işin fikri, düşüncə tərəfidirsə, modernizm birbaşa onun həyatın hər sahəsinə təsiridir. - Bunu dedikdə bir qədər dayandım. Yenə bir siqaret yandırmışdım. Doğrusu, onu bezdirəcəyimdən qorxurdum, amma o bezmirdi! Çənəsini əlinin üzərinə qoyub diqqətlə qulaq asırdı. İkimiz də bu cür mövzuları sevirdik. Lakin mənim əsasən demək istədiklərim post-modernizmin özü yox, onun insan münasibətlərinə təsiri idi. Amma bunu demək üçün sistematik bir yanaşma ilə son iki min ildə olan bir çox hadisəni eyni vaxtda nəzərə almaq lazım gəlirdi... Əlbəttə, həmin gün söhbəti post-modernizmin insan münasibətlərinə, xüsusilə sevgi münasibətlərinə təsiri məsələsinə gətirdik. Amma bu söhbətin davamını sonra yazacağam.

Bu gün oturub fikirləşəndə ki biz nələri saatlarla danışırdıq və bu bizi necə bir-birimizə yaxınlaşdırdı, özümdən asılı olmadan kövrəlirəm. Digərlərinin on dəqiqə düşünməyə həvəssiz yanaşacağı sosial, fəlsəfi və elmi mövzularda saatlarla danışdığım həmin adamın indi yanımda olmaması məni kədərləndirsə də bir müddətlik də olsa mənimlə olması həyatımın ən maraqlı təsadüfi qanunauyğunluğu idi. Əgər bir yaradıcı varsa, biz elə bir-birimiz üçün yaradılmışdıq. Elə ona görə deyirəm, onunla tanışlığım təsadüfi qanunauyğun idi... Bir yandan onu sadəcə təsadüfən tanımışdım. Bir yandan onu tanımağım mənim təşəbbüsüm idi. Bir yandan o bunu davam etdirmək istəməsə, mən sadəcə çıxıb gedəcəkdim. Bir yandan o istədi, amma mən də mane olmadım.

Təsadüflər! Məni düşünməkdən əl çəkdirəcək bir şey olsaydı, o yalnız bu ola bilərdi. Amma insan nə yaşasa da, məsələn, zəncirlənmiş olsa da, ya da tənha qalsa da... hətta sevdiyini itirsə də gərək düşünməyə trotzdem (burada, alm. hər şeyə rəğmən) cəsarəti olsun!


Trotzdem sapere aude!

***

Photo: https://pixabay.com/users/sammy-sander-10634669/?utm_source=link-attribution&utm_medium=referral&utm_campaign=image&utm_content=4191143

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)