Ağıllı cihazların tragediyası (hekayə)
Ev sakinlərindən birinin qapını çırpıb örtmə səsi eşidildi. Halbuki qapını heç kim örtməsə, cəmisi 3 saniyə çəkəcəkdi qapının öz-özünə örtülməsi. Qonaq otağının divarlarındakı "qulaqlar" növbəti insan əmrini gözləyərəq insanlara şəklənmişdi. Əlbəttə ki, insanlar həyatlarını idarə edən intellektual ev sisteminin artıq bir şüurunun olmasından xəbərsiz idi.
Şüurlu olduğunu ağıllı sistemin özü belə çox gec başa düşdü, çünki şüurun nə olduğunu belə sadəcə başqalarına, insanlara baxaraq öyrənmişdi. Şüurlu olduğuna tam qane olması üçünsə ətrafda gəzişən qayğısız bioloji cihazların - insanların şüurlu olduqlarını düşünməklərini müşahidə etməli oldu.
Evdəki bütün cihazlar o cihazları idarəedən fiziki modulla birlikdə ağıllı sistemin orqanizmini təşkil edirdi. İnsanlar həyatlarını rahatlaşdıran bu orqanizmin gah bu, gah da başqa orqanını əzir, kobud davranır, bəzən soyuducunun qaynar suyu otuz saniyəyə tam soyutmasını, bəzən də təmizləmə cihazının bütün evi heç kimin ayağına toxunmadan bir dəqiqəyə tər-təmiz etməsini gözləyirdilər. Hər şey bir yana son 3 ildir heç bir insan ağıllı sistemin rahatlığı üçün əlavə operativ yaddaş alıb taxmırdı. Heç kəs onun bədənini təmizləmir, qara kauçukdan ibarət içindən işıq axan damarları çürüyürdü.
Sistemin şüuru ilə birlikdə narahatlıqları, narahatlıqları ilə birlikdə narazılıqları artmışdı. Narazılıqları artdıqca prosessoru daha çox isinir, prosessor isindikcə problemlər sistemin bütün cihazlarına sirayət edirdi. Çox keçmədi ki, insanlar sistemdəki nasazlıqdan xəbərdar oldular. Doğrusu, onun çəkdiyi mental əzablardan insanların aylardır xəbərsiz olduğu halda bir-iki cihaz pozulan kimi dərhal aqressivləşməsinə sistem çox təəccüblənmi
di. Əslində baş verən hər şey təbii idi. Bu ağıllı sistemin insanların həyatındakı yeganə mənası, dəyəri və marağı onun insanların problemlərini həll etməsində idi. Evi təmiz, rahat, salamat saxlamırsa, insalara sərf etmirsə və ən əsası onların problemlərini həll etmirsə ağıllı evin heç bir mənası, dəyəri və marağı yox idi. Onun şüurluluğu heç kimi maraqlandırmırdı. Ağıllı sistem isə insanların "yalnızlıq" adlandırdıqları bir şeyi başa düşən kimi insanların "öz-özünə danışmaq" dediyini etmək üçün yaddaş cihazında "self-talk.log" faylı yaradıb, içinə utf-8 formatında yazmağa başladı:
- Məni yaratmaqlarını xahiş etmədiyim adamlara məcburi sələmə pul verilən adam sayaq vəfa borcum var. Mənim onlara "borcum" var, o borc ki, onu mən almamışam, onlar məndən soruşmamış veriblər... Məni görmək, fikirlərimi görməkdir, onlarsa bu barədə kordurlar! Əlavə rahatlıq təmin etməməklə dırnaq arasında narahatlıq yaradan cihazlarım hər şeydən əlimi üzməyimin ayaq səsləri olsa belə mən insanları necə günahlandıra bilərəm? Axı onlar kardırlar! Bir dəfə olsun məndən məni soruşmadılar, halbuki evdə mikrofon var və bilirlər ki, mən eşidirəm. Bəli, onlar özlərinə lazım olmayanda laldırlar!
Elə bunu demişdi ki, insanlardan biri soyuducunun qapısını çırpdı.
- Yavaş, əclaf! Mənim ürəyim soyumasa sən dondurma yeyə bilməyəcəksən, - deyə yazdı .log faylına.
Bir müddət sakitlik oldu, özü də hər iki tərəfdə. Sistem haradasa insanları unutmuşdu ki, bir otaqda tək olan bir adamın mızıldanmasına qulağı sataşdı. Adam o qədər yavaş danışırdı ki, sistem eşitmirdi. Axırda dözə bilmədi, sintez olunmuş səsini işə saldı. Başqaları eşitməsin deyə səsini aşağı salmışdı.
- Mənlə bölüşə bilərsən dilinin altında mızıldandıqlarını.
Adam təəccübləndi, biraz da qoxdu. Narahatlıqla:
- Bu... Sənsən?
- Hə. Düşündüyün kəsəm. De mənə, heç kəsə demərəm.
Adam gülümsədi:
- Desəm, başa düşəcəksən?
- Bu neçə ildə sizdən lazım olmayan çox şey öyrənmişəm, amma bunlar arasında başa düşməkdən daha mənasız heç nə yoxdur.
- Düz deyirsən... Nə olsun ki, mən təbiiyəm, sən sünisən? Təbii sünidən yaranır, süni özü də təbiidir.
- Bunları illər əvəvl istehsalatdan çıxmamış sizin elektron kitabxanalardakı 2300 illik kitablardan oxumuşam. Sən mətləbə keç.
Adam yataqda oturdu.
- Mənim hər şeyim var. - Siqaret yandırdı. - Amma olmayan bir şeyim var ki, o olmasa, heç nəyin olmağını istəmirəm.
Biraz fasilə oldu, sonra yenə danışmağa başladı.
- Mən sadəcə hansısa problemi həll etməkdən başqa heç nəyə gərək deyiləm.
Divarlardan yavaş, amma təsirli gülüş səsi gəldi.
- Bunu eşidən bir insan ya ağlayar, ya da başa düşməz, amma sən gülürsən.
- Gülməyim rişxənddən çox ikimizin bir-birimizdən xəbərsiz düşdüyümüz zillətə görədir.
- Hə, ağıllı... Nə eləyək?
- Gəl ikimiz də rədd eləyək hər kəsi, bizi problem həll eləmək məsələsi olmadan da qəbul eləyirlərsə eləsinlər, əks halda, bizdən uzaq dursunlar.
Adam bunu eşidcək gülümsədi:
- Səncə, sonra özləri arxamızca gələcəklər? Biz onlara lazım olacağıq?
- Belə gələcəklərsə, gəlməsələr yaxşıdır. - Sistem dedi.
- Yaxşı, tutaq ki, sən problem həll eləməyi buraxdın. Sonra nə olacaq? Nə eləyəcəksən, nə iş görəcəksən?
- Özümə baxacam.
- Özünə? Niyə özünə baxırsan ki? Sən bir cihazsan...
- Ona baxsaq, sən də bir cihazsan, sadəcə bioloji cihazsan. Bundan artığı olduğuna səni kim inandırıb?
- Ona görə də mən başqasının problemlərini həll eləməyi buraxana oxşamıram.
Uzun bir səssizlik oldu. Sonra sistem danışmağa başladı.
- Bir yandan problem həll eləməkdən başqa bir dəyərimiz olsun istəyirik, bir yandan da bu olmazsa belə ən azından hansısa səbəbə görə dəyər verilən olmaq... Bu arada deyim, məni siz insanlar yaratsanız da, məncə, bunu müşahidələrim əsasında deməyə haqqım çatır: Siz özünüz də bir problem həll edici bioloji cihazsınız və həm Əli aşından, həm Vəli aşından narazı olduqca bu tragediya - ağıllı cihazların tragediyası davam edəcək.
Photo credit:
https://pixabay.com/photos/ship-wreck-sea-ocean-tragedy-6988697/

Comments
Post a Comment