I HİSSƏ | 3. İradəyə çətin sınaq


Qara kağız, ağ qələm (roman)

I HİSSƏ

3. İradəyə çətin sınaq

- Hələ də başa düşmürəm, nə baş verir... - Malik başını qaldırmadan dedi.

Biz deməyə söz tapmırdıq. Aramızda külək kimi səsi ətrafı bürüyən həmişə Asif olardı, amma bu gün o da sakit idi. Yusifinsə çənəsi sinəsinə dəyirdi.

- İradə, haradadır indi? - Problemin böyüklüyündən diqqətimizi yayındırmağımız üçün belə demişdim və Malik qəfil olmasa da, bir neçə saniyə sonra cavab vermişdi:
- Xəstəxanada.

"Başqa nə cavab gözləyirdin ki?" deyə ürəyimdə fikirləşdim, amma Asif də məsələni başa düşdü, Maliki danışdırmağa başladı:
- İndi nə eləyəcəksiniz, xaricə aparacaqsınız, ya burada müalicə olunacaq?
- Xaricə aparmaq... - Malik dedi, dayandı. Elə bil öz-özünə danışırdı: - Xaricə aparmaq olar ki?..

Yusif:
- Haranısa fikirləşərik. Mütləq bir yer taparıq. - Dedi.

Bir sakitlik oldu. Heç kim digərinə baxmırdı. Bu vaxt "Hələ heç nə bitməyib" dedim öz-özümə qəfildən. Ayağa durdum, Asifə də, Yusifə də, Malikə də baxdım. Onlara baxdığımı hiss elədiklərini bilirdim, amma heç biri başını qaldırmadı. Bir müddət, - "Niyə o?", - deyə qışqırırdım ürəyimdə, - "Niyə mənim kimi yalnız, öləndə heç kimin xəbəri olmayacağı adam yox, o?.. Mən olmasam da, cəhənnə, Asif, ya da Yusif olaydı kaş. Niyə belə oldu axı?.." Gözlərim yaşarmağa başladı və qorxdum ki, məni ağlamaq tutacaq.
- Malik. - Dedim. - Malik, dur bizi İradənin yanına apar.

Mən bunu deyəndə Yusif mənə baxdı. Asif hələ də başını aşağı salıb dayanmışdı.
- Yusif, dur ayağa!.. Asif, sən də. - Malikə yaxınlaşıb ehmalca çiyninə toxundum. - Dur, Malik... bizi İradəyə apar.

Hamı ayağa qalxdı. Kəlmə kəsmirdik. Dinməz-söyləməz xəstəxanaya yaxınlaşırdıq ki, Malik:
- Uşaqlar... o bilmir. - Deyib qurtaranda artıq hamı bunu əvvəlcədən bildiklərini göstərmək üçün başlarını tərpətmişdi artıq.

İradə olan palata üçüncü mərtəbədə idi. Pilləkənlər məni çıxır, yer tez-tez Yusifin ayağının altından fikrən qaçır, divarlar Asifin üstünə-üstünə gəlirdi. Malik isə yox idi. Fiziki yanımızda mənən uzaqlarda haradasa ilişib qalmışdı. Nəyi fikirləşdiyini bilmirdim.

Pilləkənləri çıxıb qurtarıb koridora girəcəkdə onları saxladım. Özümü digərlərinə tutsam da sözümü Malikə eşitdirməyə çalışırdım.
- Yoldaşlar, o yaşayır və müalicə alacaq. Ona öləcəkmiş kimi davranmayın. Hamımız öləcəyik. Hə, qollarını qaldırıb şıdırğı oynayacaq halda deyil, amma o yaşıyır. - Bunu deyəndə Malikə baxdım. Bu gün onunla görüşdüyümüz vaxtdan bəri ilk dəfədir bizdən kiminsə gözünün içinə baxırdı. Heç nə demədi, başını tərpətdi. Gözlərini qəfil yumub açdı, zənimcə bunu İradənin yanında gülümsəyə bilmək üçün elədi. Asif bir əliylə qulağını qaşıdı, bir nəfəs çəkib qamətini düzəltdi. Yusif hamını koridora açılan qapıdan içəri ötürdükdən sonra arxamızca yeriməyə başladı. Qabaqda mən, bir az arxada sağda Malik, solunda Asif gəlirdi. Yusifdən çıxmayan iş özünü ələ almışdı. Otağa girəndə İradəni görüb ilk gülümsəyən də o oldu. Mən İradəni görcək hələ bir neçə gün əvvəl gələcəklə bağlı yeganə gözləntisi xoşbəxtlik olan bu saf dostumun indiki vəziyyətini bir anlığa da olsa düşündüm, amma özümü adekvat aparmaq üçün tezcə fikrimi yayındırdım.

Biz, o otaqdakı kişiləri buraxsaydılar, burnumuzu çəkmədən hönkür-hönkür ağlayardıq. Amma indi sözün hər mənasında iradə vaxtı idi!

Biz içəri girəndə İradənin ən yaxın dostu İlahə yatağın yanındakı komoda söykənmiş, bir ayağını digəri üzərinə atmışdı. İradə də, İlahə də demək olar mənim uşaqlıq dostlarım idilər. Maliki olduğu kimi, İlahəni də İradəylə mən tanış eləmişdim. Sonra İradə birinin sevgilisi, digərinin yaxın rəfiqəsi olmuşdu.

İradə və İlahə görünüşcə bir-birilərinin tam əksi idilər. İradənin üzü yupyumru, gözləri və burnu iri, çənəsi düz idi. İlahə isə uzun sifət, narın qara gözlü, arıq, uzun ayaqlı, qara saçdı, ətsiz və uzunsov burunlu idi. İradə yola gedən, İlahə xalq təbiriylə "odu alova qatan" idi.

Biz içəri girən kimi ilk reaksiyanı verən də o oldu:
- Kimləri görürəm? - deyib azacıq dikəldi.

Asif gülümsəyib İlahəyə göz vurdu, yaxınlaşıb İradəylə əl görüşdü. Zarafatyana:
- Gül kimi çayxanaya gedib nərd çırpacaqdıq, yenə qoymadın gedək, - dedi İradəyə tərəf baxaraq.

İradə gülümsədi. Mən sözə qoşuldum:
- Əslində bunlar gedirdi, mən qoymadım, - dedim yalandan. - Mən də İradə ilə əl görüşdüm. - Gözlərinə baxıb hamının eşidəcəyi pıçıltıyla, - Zarafat bir yana, səni görmək istədim, - dedim.

Bu vaxt İlahə:
- Bəs məni görmək istəmirsən? - deyə soruşdu.
- Ay da, səni tamam unutmuşam, - deyib yanına getdim. Üz görüşdük. Yumşaq əlləriylə çiyinlərimdən tutub gözlərini qıydı:
- De görək, kimdi məni belə unutduran?
- Yaxşı da... - deyib əsəbi şəkildə yoldaşlara baxdım. Əclaflar dərhal xəbərləmişdilər!

İlahə:
- De görüm, necə qızdır? Saçları nə rəngdədir? Sarışındır, ya qaraşın? Yola gedirsiz? Məndən gözəldir?

Yusif:
- Bir-birilərini cəmi iki dəfə görüblər, - deyə sözə qoşuldu. - Olmasın azar, bacılıq, - deyib İradə ilə əl görüşdü.

Axır ki, İradənin anasıyla başımızı tərpədib salamlaşdıq.
- Siz rahat danışın, mən də gedim kişiyə baxım, - deyib otaqdan çıxdı.

Mən onun yerində oturdum. Malik yatağın başını, komodu filan qurdaladıqdan sonra İradəyə baxıb gülümsədi, başından öpdü.

İlahə gəlib oturduğum stula söykəndi, qolunu boynuma doladı, İradəyə xitab edərək:
- İruş, bilirsən, Alim bir adamla tanış olub. Özü də qadındır.
İradə güldü:
- Alim dünyanın ən yaxşı adamıdır... O bəxti gətirmiş yoldaşı nə vaxt bizimlə tanış eləyəcəksən? - deyə soruşanda Asif gülməyini görməyim deyə divara tərəf döndü, Yusif əlini cibinə, başını aşağı salıb, gülümsədi. - Nə oldu? - deyə soruşdu İradə.
İlahə:
- Alimin "tanış olmaq" sözündən xoşu gəlmir, bilmirsən? - dedi.
- Gülmə, - dedim İlahəyə. Güldüyünü mənə bildirməmək üçün pəncərədən çölə baxırdı. - Nə olub ey? Mən yeni bir adamla tanış ola bilmərəm? - dedim.

İradə də baxışlarını qaçırtdı. Sadəcə:
- Altı il sonra... - deyib gözlərini tərpətdi.
- Hə, nə olub ki? - dedim.

İlahə məndən başqa hamıya baxıb:
- Bu qədər illərdir təkəm, heç mənə yaxın durmayıb, - dedi. - Bir dəfə olsun, onda nəsə hiss eləməmişəm.
- Yaxşı ki bilmir... - deyə pıçıldadım hamının eşidəcəyi formada.

Yusif özünü fikirləşirmiş kimi göstərib, barmaqlarıyla saymağa başladı:
- Səkkiz təkbətək "date", altı əl tutma cəhdi, dörd öpüşmək təşəbbüsü...

Asif Yusifə qoşuldu:
- Üç kinoya çağırmaya ilkin həvəslənmə, dörd ev yoldaşı olma xəyalı, onlarla kompliment, yüzlərlə gözəl gələcək siqnalı, minlərlə rəngbərəng fantaziyalar...

İlahə dişlərini şaqqıldatdı. İradə güldü.
- İlahə, səhv başa düşmə ha sən allah. - Dedim.
- Yox, nə səhv başa düşəcəm. Uzağı camaatın yoldaşı haqqında fikirləşmədiyini mənimlə təsəvvür eləmisən.
- Yusif, mən sənin!.. Sən nə xəbərçi adamsan aya!

Malik üzünü İlahəyə tutdu:
- Guya bu vaxta qədər heç bilməmisən də?
- Yox, nə danışırsan, - deyib başımı qucaqladı, İradəyə göz vurduğunu hiss elədim.

Əlbəttə, bunların hamısı zarafat idi... Əslində hamısı yox.

Sakitlik oldu. Hamı gülümsəyirdi, gözümüz İradədə idi.

İradə diliylə dodaqlarını islatdı, bizə baxdı.
  - Uşaqlar, nə yaxşı ki varsız... Mən... bilirəm açığı... Nəyim olduğunu bilirəm. Sizin bildiyinizi mən də bilirəm.

Heç kim "Haradan?" deyə soruşmadı. Mimikalarımızda dəyişiklik olmasa da bu sözlər bizi sarsmışdı. Gözlərimiz ağlamağa hazır vəziyyətdə azacıq yaşarmış, parıldayırdı. Bir sükut oldu. Çox uzun hiss olunan, amma çox qısa bir sükut.

Sakitliyə ən dözümsüz mən çıxdım:
- Nə olub sizə? Aya bu qızın adı İradədir! - deyib onu qucaqladım. Hamı qucaqladı. Onu qucaqlamış vəziyyətdə bir neçə saniyə qaldıqdan sonra Maliki unutduğumuzu xatırladıq. Malik başını İradənin əlinin üstünə qoyub gözlərinə baxırdı.

Biz sağollaşmadan otaqdan çıxıb onları tək qoyduq.

***

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!