Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)
Proloq
Hekayənin baş qəhrəmanının dedikləri həqiqi həyatdan götürülməmişdir və həmin obrazın hekayənin müəllifiylə yaxından-uzaqdan əlaqəsi yoxdur. Qısacası, real həyatda konkret belə bir xanım mövcud olduğuna dair bir məlumatım yoxdur. Xoş mütaliələr.
Hörmətlə,
Rüstəm Əzimov.
Hörmətlə,
Rüstəm Əzimov.
Dəyərli Dərs
“Adım Ləmandır. Adımı bilməyənlər də dostum Rüstəm Əzimovun ayaqlarımı itirdikdən sonra yazmağa başladığım gündəlikdən oxuduqları əsasında qələmə aldığı “Gözələm Mən”-dən tanıyırlar məni.
Nə yalan deyim, ayaqsız yaşamaq pis getmir açığı. Bəlkə də kiməsə qəribə gələcək ancaq özümü nəbadə əksik hiss etmirəm. Görəcəyim işləri, gedəcəyim yerləri məhdud görmürəm. Həyat öz axarıyla yox, əvvəlki axışdan daha sürətlisiylə hərəkətdədir. Əslində bu sözləri deyəcək düşüncə tərzini özümdə formalaşdırmaq elə də asan olmadı. Hətta çox çətin oldu deyə bilərəm; Bəzən, tamamilə, ümidimi kəsdim. Bəzən özümü başqalarıyla, onların deyimiylə, “normal”larla müqayisə etmək məni canımdan usandırırdı. Pis niyyətləri olmasa da, haqqımda “tibbi qüsurlu” deyə danışmaqları incidirdi məni. Bunu onlara demirdim amma… O kinolarda göstərilən səhnələr var ha: əlilliyi olan bir adam bir kollektivə düşür, hamı onu məsxərəyə salır… Bax, o, yox deyiləcək qədər azdır Azərbaycanda. Məsələn, nə vaxt avtobusla bir yerə getməli olsam (yaxşı ki, təzə avtobuslarda “cadillac”ımı — məni yerimdən tərpədən bu təkərli arabanı (mən onu belə adlandırıram) qaldırmaq üçün xüsusi təchizat var) hamı o qədər qayğıyla yanaşır ki… Eyli vaxtı qarğış, ah-nalə bilməz sürücülər nə qədər geciksələr də, vaxtlarından keçdiyi üçün açıq-açıq tər töksələr də, səbirlə, təmkinlə, heç nə demədən avtobusu saxlayıb gözləyirlər. Sərnişinlərsə, az qalır hamısı farağat dayana, ayağa qalxıb mənə hansısa yolla kömək eləyələr.
Əgər yaşadığım ağır depresiyanın sona çatdığını deyəcək qədər özümlə barışıq və xoşbəxt olmasaydım, bunları kiminləsə, paylaşılmaq bir yana, heç özüm özüm üçün yazmağa belə cəsarət etməzdim, ancaq indi tam səmimi bir halda bir şeyi etiraf etmək istəyirəm:
Məni kiminsə, məsxərəyə qoyması çox incidərdi, ancaq bu qədər qayğılı yanaşma da ehtiyaclı, başqasına möhtac olduğum təəssüratı yaradırdı məndə. Sanki bu qədər adam “anormal” olduğumu düşünməyimi istəyirdi. Yanlış anlamayın, mən bu cür münasibət üçün minnətdaram. Bu ali humanizmin göstəricilərindəndir, zənnimcə. Ancaq bu fiziki xeyir versə də, bunun mənəvi fəsadları da məndən yan keçmirdi. Mənə əsəbiləşdinizsə və ya məni öz dərdini bəhanə edib, hamını acılayan bir adam kimi görürsünüzsə, sizə bir şeyi danışım, nələr yaşadığımı tam mənasıyla anlamasanız da, sizdə yaşananlar haqda bir təəssürat oyansın.
Qardaşım ölkənin qabaqcıl şirkətlərindən birində bir texniki əməkdaş kimi çalışırdı, işindən, iş yerindən də məmnun idi. Təsəvvür eləyin, mən qəzaya düşməzdən əvvəl hər gün evə gələndə iş yerində yaşanan qəribə hadisələrdən, çalışdığı şirkətin kollektivindən o qədər danışmışdı ki, ambisiyalı bir tələbə kimi (o hadisə yaşanana kimi Bakı Dövlət Universitetində təhsil alırdım, əla oxumasam da, qiymət yazmasalar da, oxuyub, yazmaqdan əl çəkmirdim, yenə…) həmin şirkətdə çalışmaq mənim xəyalıma çevirilmişdi. Daha doğrusu, “mən də orada işləyə bilərəmmi, gələcəkdə”, — deyə çox düşünmüşdüm bir anlıq.
Qardaşım da bunu bilirdi. Bilirdi ki, mən həmişə orada işləmək istəmişəm. Hətta işindən də çıxardı, sırf mənim acığım tutar, hər dəfə işdən qayıdanda mənə orada çalışa bilməməyimi yadıma salır deyə. Ancaq iş tapmaq, tapdığın iş yerinə, oradakı kollektivə uyğunlaşmaq asan olmayacaqdı və ən əsası mən buna izin verməzdim və qardaşım da bunu bilirdi.
Avtobus faciəsi baş verməzdən bir il əvvəl, mən hələ 1-ci kursda təhsil alarkən, bir dəfə qardaşıma evin açarını vermək üçün o dediyim şirkətinin ofisinə getmişdim. Həmin günü mən saat 7-də bir seminara qatılacaqdım, atamla anam da evə saat 8-də həmin qayıdardılar. Bir qalırdı qardaşım. O da saat 7-nin yarısına, 7-yə evə çatacaq, nəticə etibarilə mən açarı gətirməsəm blokun pilləkənində oturmaqdan başqa bir məşğuliyyət tapmayacaqdı. Ancaq nə yaxşı ki, mən vardım… Günorta saat 4-də dərsdən çıxıb qardaşımın çalışdığı ofisə yollandım.
Şirkət 28 may metrosundan piyada gediləcək qədər yaxın bir kompleksdə arendaya götürülmüş bir neçə otaqlı bir müəssisədən başqa bir şey deyildi. Həmin kompleks dediyimsə, 14 mərtəbəli bir tikiliydi və gedəcəyim ofis həmin 14 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşirdi.
Binaya daxil oldum, reception-da oturan bəyə qalxmaq istədiyim şirkətin adını dedim və bilmirəm niyə, amma ofisin neçənci mərtəbədə olduğunu bilə-bilə yenə də soruşdum. Repception-da əyləşən bəy, əliylə sağ tərəfdəki “yeni still” dəmir qapılı liftlərdən birini işarə edib:
- 5-ci mərtəbə, — dedi.
Mən də gülümsəyib təşəkkür edirmiş kimi başımı tərpətdim, liftə tərəf götürüldüm. Liftin qarşısına çatdıqda bir an tərəddüd etsəm də (yenə bilmirəm niyə?), çox keçmədən düyməni basdım, üzərində yuxarı işarəsi olan düymənin ətrafını mavi işıqlar bürüdü, bir neçə saniyə sonrasa, artıq qapılar açılmış, bu dəmir divarlı parlaq məkan mənim içəri təşrif buyurmağım üçün gözləməyə başlamışdı belə. Liftə daxil oldum, düymələrə ötəri bir nəzər salıb, əlimi üstündə “5” yazılan düyməyə tərəf apardım. Düyməyə basar-basmaz bunun da ətrafı gömgöy işıqla həmahəngləşdi. Bir… iki… deməmiş, qapı bağlanırdı ki, qolları ağappaq bir saroçkanın qara düyməsiylə səliqəylə bağlanmış bir əl liftin metal qapısının önünü kəsdi. Bu liftlər lazerləmi işləyir, yoxsa başqa bir texnologiyaya tabedir, bilmirəm, amma necə olmuşdusa, bu maneəni lift də görmüşdü ki, çənəsini açıb, yeni bir tikəyə “hə” deməyə asanlıqla razılaşdı… Ağ saroçkalı oğlanın əynində saroçkasından savayı qara zolaqlı, sadə bir kostyum vardı, ancaq kostumun pencəyini geyinməmiş, əlində saxlamışdı.
Oğlan daxil olan kimi düymələrə baxdı, təkcə liftin qapısını bağlamaq işinə yarayan düyməni sıxıb əlini çəkdi. Bütün kostyum geyinən oğlanlara xas bir ədayla gah təzə hündürdaban klassik ayaqqabısını (təzə olduğu hər halından bəlliydi) yerə döyəcləyir, gah da ki, uşaq yeni aldığı oyuncağın başına oyun açadığı kimi, pencəyini bir əlindən o birinə keçirir, paltarıyla oynayırdı. “Bu oğlanın mənim çıxdığım mərtəbəyə çıxdığı məlumdur, əks halda başqa bir mərtəbəyə qalxmaq üçün başqa bir düyməyə basardı. Yəqin qardaşımın iş yoldaşlarındandır”, — deyə düşündüm, ancaq özümdən asılı olmadan bu cavanın varlığı məni qəribə bir vahiməyə salmışdı. Bilmədiyim bir səbəbdən həyəcanlanmağa, hətta tərləməyə başlamışdım. Əlimi çantama aparıb bir quru salfet çıxardım, alnımın tərini silməyə çalışdım. Və bütün bu müddət ərzində bu oğlan bir dəfə də olsun üzünü çevirib mənə baxmamışdı. Liftdə olarkən, digər sərnişinlərin üzünə baxmağın ədəbsizlik olduğunu bilirdi yəqin. Ancaq bir az da özünü bir şirkət işçisi olaraq siravi bir adamdan üstün bilir də ola bilərdi açığı. Bu məni qıcıqlandırsa da, oğlanın liftdən ehtiramla düşüb, düşdükdən sonra mənə yol verirmişcəsinə, gözləməsi onun haqda özümdə yaratdığım təəssüratı mənfidən müsbətə doğru dəyişməklə qalmadı, həm də ona qarşı hörmətqarışıq qəribə bir fanatlıq duyğusu çökdü üzərimə. Reception-dakı əməkdaşa etdiyim kimi, buna da başımla çox sağol eləyib, gülümsədim, qardaşımın üstündə “IT” yazılıb dediyi otağı axtarmağa başladım. Axtardığım departamentin yerləşdiyi hissəni tapdıqda başımı qaldırıb ətrafa göz gəzdirdim: Əksər plazalarda olduğu kimi buranın da kolidorlarında yağlı boyayla kətan üzərinə çəkilmiş rəsmlər asılmışdı. Bu rəsmlər haqda qardaşım çox ağız dolusu danışırdı; Bu rəsmləri elə bu şirkətin əməkdaşları cızma-qara etmişdilər. “Necə də böyük səadət…”, — deyə düşündüm həmin an ətrafı maraqlı gözlərlə süzərkən: Belə bir müəssisədə işləyirsən və iş yoldaşların nahar fasiləsində, iş çıxışında, qısacası işdən geriyə qalan bütün anlarda sənin çəkdiyim rəsmi, onun kəsb etdiyi mənanı müzakirə eləyirlər.
Mən bunları düşünərkən, çiynimdə sərt bir əl hiss edərək birdən-birə öz hərarətli düşüncələrimdən ayıldım. Bu münvalla sanki zirvədən reallığa düşə bilmiş, hətta, belə demək olarsa, “şəxsi” Everestimdən yıxılmışdım.
- Necəsən, Ləman? — deyən adamı həmin andaca səsindən tanımışdım — bu mənim qardaşım idi.
Qardaşımın iş yerinin qəlbimdəki aftoritetini bildirməməyə çalışaraq:
- Yaxşı, qaqaş. — deyə sakit-sakit cavab verdim.
Sonra evin açarını qardaşıma uzatdım; Əlimi atan kimi tapım deyə, metroda gələrkən açarı cibimdə hazır vəziyyətdə saxlamışdım.
Qardaşım başını minnətdarlıqla sallayıb:
- Gəl səni ofisdə gəzdirim, — deyib açarı götürdü, cibinə qoydu.
İndi fikirləşəndə yadıma düşür: o gün bir dua eləmişdim; bir gün mən də burada çalışım deyə. Ayaqlarımı itirdiyim ilk günlərdə bu duanı, həmin gün qarşıma qoyduğum məqsədləri yadıma saldıqda, mənim üçün hər şeyin bitdiyini düşündüm. Əslində bitmişdi də… Ancaq nə yalan deyim, ovucumdan qaçan tırtılın kəpənək kimi qayıdıb çiyinlərimə qonacağını təxmin eləməmişdim heç…
Bir şey deyim, mənim depressiyam 6 aydan az çəkməyib. Bu çox uzun zamandır. Ən azı mənə görə… Hətta ən yaxın ailə üzvlərimin belə həyatımın bir də heç vaxt düzələcəyini düşünmədiyi anlardan gedir söhbət. İndi təsəvvür edin, həmin anı: Ümidsiz bir xəstə, nə həkimə, nə xəstəyə inanan xəstə yaxınları… Bax bu ən ağırıdır… Hər halda mən ayaqlarım olanda da, ağır atletikayla məşğul deyildim, ancaq bu ağırlığa təkbaşına tab gətirməyin yolu da yox idi, onsuz. Qısacası, mənə bir kran lazımdı… Tonlarla ağırlıqlı daşı qaldıra bilmədiyin üçün məyus olmaq əvəzinə bir kran axtarmaq lazımdır, sadəcə. Ancaq təəssüf ki, depresiyanın insana yaşatdıqları o qədər ağırdır ki, insan onu qaldıra biləcəyinə inamını büsbütün itirir və sən kran axtarmağa çalışmaq bir yana dursun, yol gedərkən belə kran görməkdən qorxursan.
Mən harada qalmışdım? Hə… Bir gün qardaşım işdən evə bir qədər gəldi, üzü gülər bir halda. Çox həyəcanlı və sevincli görünürdü. Mən də qardaşımın şadyanalıqla dolu üzünə baxdıqda gülmək istədim. Ancaq içimdən bir səs sanki məni sırf özümü yazıq göstərmək üçün qoymurdu istədiyimi yaşayam. Ruh halı, əhvali-ruhiyyə sanki bir güzgüydü ki, hisləri emosiya kimi göstərirdi. Nə vaxt ki, də əhvalın pisləşdi, o güzgünün üstü dumanlanırdı, hislərlə emosiyalar arasında disbalans (qeyri-bərabərlik) yaranmış olurdu.
Qardaşım öz şirkətində operatorluq vəzifəsinə bir vakansiya elan olunduğunu elə bir sevinclə dilə gətirdi ki, o gecə, həmin vakansiyaya müraciət etməyimi istədiyi hər halından anlaşılırdı. Qardaşımın bu gözlənilməz təklifi məni çox heyrətləndirmişdi. Belə ki, nə deyəcəyimi bilmirdim. Valideynlərimsə, bir qardaşıma, bir mənə baxdılar. İkisinin də gözlərindən bir narahatlıq oxunurdu. Məndən nigaran olmaq istəmədikləri bəlliydi və bu mənim xoşuma gəlmirdi. Bu qədər qayğı məni qəmləndirərdi, yalnız. Yıxılsam da, əzilsəm də, məyus da olsam, peşmanlıq da yaşasam, bu addım məni geri də salsa, fəaliyyətdən əl çəkməməliydim sadəcə. Hər şey davam etməliydi. Məni öldürməyən şey məni gücləndirməliydi. “Daxilimdəki mən” olmalıydım. Onun yetərsizlik qəmiylə boğulan bir təcəssümü yox. Bayaq dediyim o güzgü o qədər təmiz olmalıydı ki, qəm gələndə başı dəyib yıxılaydı, gərək…
Həmin gün mən də razılaşmamışdım. Hətta buna ağlamaqla, “məndən daha heç nə olmaz! Ayaqlarımı görmürsən?!”, — deyə fəryad qoparmaqla qarşılıq verərək hamının halını xarab elədim desəm, yeridir.
Ancaq qardaşım növbəti 3 gün ağzımdan, belə demək olarsa, girib, burnumdan çıxdı. Mənə bu işin nə qədər xeyirli olacağı, bu işin, əsad da bir kollektivdə olmağın mənə nələr qazandıracağı haqda uzun-uzun danışdı. Ancaq bunların heç biri məni hərəkətə keçirə bilmədi.
Bilirdime düz deyir. Ancaq nəsə mənə mane olurdu, bunu qəbullanmağa. Axrıncı gün müraciət vaxtını bir saat keçmiş (baxmayaraq, müraciət vaxtını keçmişdik, ancaq qardaşım yenə də əl çəkmirdi) qardaşım belə bir ifadə işlətdi: Go for No! (Tərc. Yox Eşitmək üçün İrəlilə!)
İngilis dilindəki bu ifadə sırf bu cəhdimin özü həyatıma əlavə bir rəng qatacağı fikrini ağlıma saldı və qardaşımın gözlərinə baxıb başımı salladım. Qardaşım boynumu bərk-bərk qucaqlayıb: “halaldı sənə, sənin kimi cəsarətli bir qadının qardaşı olmağımla fəxr eləyirəm”, — dedi.
Bu sözlərin məndə hansı hislər doğurduğunu yazmaq çətindir. Ancaq bir şeyi dəqiq deyə bilərəm: o gün mənə və daha da əsası mənim dəyişəcəyimə inanan bir adamın olması çox mühümdü. Bu ya sən özün olmalıydın, ya da başqa kimsə… Və nə yalandan deyim?! Bu… mən deyildim.
Müraciət etdikdən 3 gün keçməmişdi ki, telefonuma zəng gəldi, anam qaça-qaça telefonumu gətirib, mənə uzatdı. Yəqin Kamalədir(rəfiqəm), deyə düşünüb telefonu əlimə götürdükdə nömrəlinin hansısa adla qeyd olunmadığını görüb şaşdım. Axı bu kimdir zəng eləyib deyə düşünərkən birdən 3 gün əvvəl qardaşımla etdiyim iş müraciəti yadıma düşdü. Bir anın içində ürəyim həyəcandan sinəmi yarıb çıxacaqmış kimi oldu. Bu qəfil zəng qəlbimi dalğalandıran tufan təsiri yaratmışdı qısacası.
Dəstəyi qaldırıb, “alo”, — dedim qorxaq-qorxaq…
- Alo, Salam. Ləman xanımla danışıram? — deyə bir səs eşidildi xəttin o biri tərəfindən.
- Bəli, — dedim, — buyurun…
- Siz bizim vakansiyaya müraciət etmişdiniz, mən bildirmək istəyirdim ki, müraciətiniz qəbul olunub. Bazar günü saat 10:00 üçün ofisə yaxınlaşa bilərsizmi? Özümü tamamilə itirmişdim. Güləcəyimi ya ağlayacağımı bilmirdim. Daxilimdə hər şey qarışmışdı. Mental bir çalxalanma yaşayırdım, ancaq güc-bəla da olsa:
- Əlbəttə, — deyə cavab verdim.
- Oldu. Bazar günü görüşmək ümidilə.
- Xudafiz, — deyib telefona baxdım. Ekranda üzərində neçə dəqiqə danışdığımız yazan qırmızı pəncərə görünər-görünməz anamı çağırdım, “ana, mən… mən bazar günü müsahibəyə gedirəm”, — dedim. Anam həmin an sevinsə də, bunu mənə çox da bildirməməyə çalışdı. Üzümdən öpüb, — “Xeyirli olsun. Sən ən yaxşısına layiqsən!”, — deyib mətbəxə tərəf götürüldü. Gedərkən dedi: “südü qoymuşam daşar”. Ancaq məncə özünü saxlaya bilməyib, göz yaşları axıb tökülər deyə qorxmuşdu.
Bazar günü tezdən yuxudan oyandıqda həm həyəcan, həm də qorxu vardı içimdə. Ancaq gözlərim anamın gülümsəyən üz cizgiləri arasında itib-batarkən, nə bir həyəcan qaldı, nə bir qorxu canımda. Nə olursa, olsun, bu təşəbbüsü həyata keçirəcəksən”, — dedim öz-özümə. Anamın da köməyiylə rəsmi bir ətək və çox da qeyri-rəsmi olmayan ağ yaxalıqlı qırmızı üçdüymə koftamı təzəcə geyinmişdim ki, qardaşım qapını döyüb, — “olar?”, — deyə soruşdu. Gəl dedim, uzun müddətdir çıxarmadığım yüksək bir səslə. Qardaşım əynimdəki paltarlara baxıb gülümsədi, gəlib məni qucaqladı. Uzun müddətdir, məni belə səliqəli bir geyimdə görməmişdi. Mənim mənəvi çöküşüm ona məndən daha çox ziyan verirdi, mən buna əmin idim. Çünki mən istəyə-istəyə özümü düzəltməkdən, üz çevirmişdim, o isə məni dəyişmək istəsə də, əlindən bir şey gəlmirdi. Mən istəsəm Nikuliç kimi bütün həyatımı bir andaca dəyişərdim, osa, neyləyirsə, eləsin, əlindən bir iş gəlmirdi.
Evdən çıxdıqdan bir saat sonra ofisin yerləşdiyi binanın önünə çatmışdıq artıq. Ofisə qədər olan məsafə normal halda evdən yarım saatlıq bir yoldu, ancaq əl arabası işləri çətinləşdirirdi. Bunu qardaşıma da bildirib şikayətləndikdə, mənə verdiyi cavabı heç vaxt unutmayacam. Qardaşım, — “yarım saat işə gələndə, yarım saat işdən çıxanda, günlük itirdiyin vaxt — biryerdə elədi, 1 saat. 8 saat evdə çürümək əvəzinə, xoş vaxt keçirmək üçün əlavə 1 saatını fəda eləməyə dəyməz?”, — deyə soruşmuşdu. Hansı ki, qardaşımın bu dediyini sonralar mən yaşadığım hər cür peşimanlığa tədbiq edəcəkdim…
Liftə daxil olub, qardaşım 5 düyməsini sıxdıqda təxminən il yarım əvvəl gördüyüm həmin kostyumlu oğlanı xatırladım.
“Görəsən yenə də həmin ofisdə çalışırmı”, — deyə düşündüm bir an, ancaq ayaqlarımın yoxluğu fikrimi-xəyalımı elə ağuşuna almışdı ki, artıq düşüncələrim belə, bu “çatışmazlığın” əsarəti altına düşmüşdü.
Liftdən düşdükdə, bazar günü olmasına rəğmən ofisi qaçışmaqda olan əməkdaşların səsləri bürümüşdü. Keçən qadın işçilərdən biri qardaşıma Salam verdi, mənə baxıb, — “bacındır?”, — deyə soruşdu. Qardaşım vüqarla, — “hə”, — dedikdə sanki uçmağa qanadım olmadı. Mənimlə fəxr elədiyi o qədər aydın olurdu ki…
- Müsahibə üçün gəlib? — deyə yenə soruşdu həmin qadın.
Bu dəfə də qardaşım qətiyyətli bir:
- Hə, — dedi.
Sonra məni üzərində “İnsan Resursları Departamenti” yazılan bir qapıdan içəri salıb, ətrafa göz gəzdirdi. Bu otaq böyük bir otaqdı, qardaşım il yarım əvvəl mənə ofisi gəzdirəndə, qızğın iş getdiyindən bura baxa bilməmişdik. “Bu günə qismətmiş”, — deyə düşündüm içimdən. Ancaq qəribə baxırdılar işçilər mənə. Sanki qorxdular hətta. Səbəbi də məlum idi: mədəni şəkildə desək gözlədikləri kimi deyildim… “Neyləmək olar, insanların əksəriyyəti “öz ayaqları üstündə durmaq” anlayışını tam anlamırlar…”, — deyə düşündüm həmin an.
Qardaşımın nəfəs alıb-verişindən əsəbiləşdiyi hiss olunurdu. O an gəldiyimə peşman olmuşdum. Qardaşımın hər hansı bir münaqişəyə girməməsi üçün Allaha yalvarırdım. Ancaq axır ki, bir əməkdaşın diqqətinə müəssər ola bildik, bir oğlan iş yoldaşlarının nəyə baxdığını öyrənmək üçün gözlərini kompyuterdən çəkdikdə, ayağa qalxıb haradasa, qaçaraq bizə tərəf gəldi. Yüksək və şövq dolu bir səslə:
- Salam, — deyib qardaşıma baxdı: — Siz artıq gedə bilərsiniz. Müsahibə bitdikdə sizə zəng eləyərik, — dedi. Qardaşım da gülümsəyərək başını salladı. Son bir dəfə mənə baxıb:
- Uğurlar, — dedi.
Mən də yavaş səslə, hətta mızıltıyla:
- Çox sağol, — deyə cavab verdim.
Məndən müsahibə götürəcək oğlan il yarım əvvəl liftdə qarşılaşdığım cavan idi. Ancaq bu dəfə (yəqin ki, bazar günü olduğundan) klassik geyinməmişdi. Əvəzində yay fəslinə özgün açıq cins rəngində bir şalvar, qırmızı-sarı zolaqlı bir saroçka geyinmişdi, ayağında da al-əlvan rəngli, hündür dabanlı bir krasovka vardı. Oğlan Salamıma başıyla mehribancasına qarşılıq verib “cadillac”ımın arxasına keçdi, məni bu geniş otağın içindəki kiçik şüşə divarlı bir otağa gətirdi, arabanı masa arxasındakı kresloyla üzbəüz yerləşdirib, özü də masanın önündəki stullardan birinə əyləşib, əlinə qarışıq A4 vərəqlər götürüb, göz gəzdirməyə başladı.
- Bu iş üzrə təcrübəniz varmı? — deyə soruşdu həmsöhbətim.
- Yox, — dedim.
Oğlan razılıq əlaməti olaraq yavaşca başını yelləyib bir də əlindəki sənəd-sünədi vərəqləyib kənara qoydu, qəfildən gözlərimim içinə baxıb soruşdu:
- Ləman xanım… Ləman idi də?
- Hə, — dedim.
- Qısa və konkret: bu işi sevirsinizmi və bacaracağınıza inanırsınızmı?
Daxili nitqim, — “hə, hə”, deyə çarpışırdı, ancaq fiziki baxımdan çatışmazlığım iş əsnasına hərəkətlərimi məhdudlaşdıracağı qorxusu mənə bunu dilə gətirməyə izin vermirdi. Mənsə, dilim əsə-əsə, təxminən, belə cavab verdim:
- Mə-n, Mən… Bilirəm ki, bacaracam, dil qabiliyyətim ən az bu işə kifayət edəcək qədər güclüdür, eləcə də korperativ iş mühitində münasibətlərin incəliklərindən xəbərdaram. Sadəcə… Mən…
- Aha… — deyə başa düşürmüşcəsinə mzıldandı, yanımda 10 illik dostum kimi əyləşən bu istiqanlı adam.
- Sadəcə, mənim bu halım… Mənim bu çatışmazlığım… fəaliyyətimə mane olmayacaqmı? Bu sizə problem yaratmayacaqmı?
Bunları dedikdən sonra, heç gözləmədiyim halda müsahibə götürən gözümün içinə baxa-baxa:
- Hansı çatışmazlıq? — deyə soruşdu.
Mən dolayı yolla nəyi nəzərdə tutduğumu izah etməyə çalışsam da, açıq-açıq "mənim ayaqlarım qəza səbəbiylə amputasiya olunub", — deyənə kimi, özünü elə apardı ki, sanki nəyi dediyimi heç bilmirmiş. Sonrasa,
- Bu çatışmazlıqdır? — deyə soruşduqda onu boğmaq istədim bir an. Mənimlə zarafat elədiyini, fiziki vəziyyətimi məsxərəyə qoyduğunu düşünmüşdüm, ancaq üzünə baxdıqda gülmədiyini gördüm.
- Əlbəttə, çatışmazlıqdır. Mən o birilər kimi, yeriyə bilməyəcəm heç vaxt…
Bu sözlərim üstündən oğlan başını razılıqla sallayıb otağının şüşə qapısını açdı, əlindəki sənədə baxa-baxa yeriyən bir xanım iş yoldaşını çağırıb:
- Zenfira, sən tullananda aya çata bilirsən? — deyə soruşdu, özü də ciddi bir ədayla. Zenfira adlı həmin xanım gülüb:
- Yox, — dedi.
Bunun üzərindən müsahibim “bərk-bərk yeriyən” başqa bir qadını çağırıb:
- Xəyalə, Xəyalə… Bəs sən Hüseyn Bolt kimi qaça bilirsənmi? — deyə soruşdu.
Bu xanım da gülüb:
- Yox, — deyə cavab verdi.
Bu müddət ərzində mən oğlanın bu hərəkətləri, bunların müqabilində məni qardaşımdan alıb, birbaşa özü otağına gətirməsi altda yatan səbəbi tapmağa çalışır, bütün olub-bitənləri götür qoy etməklə məşğuldum. Oğlansa, ikinci əməkdaşa verdiyi sualdan sonra şüşə qapını örtdü, keçib yerində əyləşdi, üzümə baxıb gülümsədi, həyatımı bəlkə də birdəfəlik dəyişəcək həmin cümlələri qurdu:
- İnsanın özünü əksik hiss etməsi, bəlkə də onun fitrətində var. İnsan özünü əksik hiss etdiyi üçün inkişaf etməyə can atır. Ancaq bəzən bir boşluğu istədiyin kimi doldura bilmirsən. Ancaq o dolur. Mütləq ki, dolur… Divardan çıxarılmış kərpici sement tam mənasıyla əvəz edir. Və divarını könüllü malalayacaq qədər xoş bir həyatınız varsa, divarda bir kərpicin əskik olduğunu heç xatırlamayacaqsınız da. Unutmayacaqsınız, ancaq xatırlaya da bilməyəcəksiniz bir müddət sonra… Zenfira hoppanıb Aya çıxa bilmir. Ancaq bu o demək deyil ki, Zenfira aya çıxa bilməz. — Etiraf eləyim ki, müsahibə götürən oğlan bunu deyəndə gülməmək üçün özümü güc-bəla saxladım. Ancaq sözləri həqiqətə o qədər uyğundu ki… — Xəyalə Hüseyn Bolt qədər sürətli qaça bilmir, ancaq qaça bilir. Olsun ki, siz də yeriyə bilmirsiniz, ancaq bir yerdən başqa bir yerə ki, gedə bilərsiniz. “Məsafələr qət etməkçün ayağa ehtiyac var”, — deyən ayağı olan kəslər Bakıdan Nyu-Yorka piyadamı gedirlər? Yox, təbii ki!
Ayağına güc verməklə bir şey alınmayacaqsa, ayağını yerdən götürən hər hansı bir vasitə də eyni işi görəcək. İndi sizin üçün əksəriyyəti xoşbəxt eləyən vasitələrə çatmaqmıdır, əsas, yoxsa, xoşbəxt olmaqmı?
- Xoşbəxt olmaq, — dedim özümdən biixtiyar bir şəkildə avtomatik olaraq.
- Baxın, Ləman xanım. Çətin nələrsə, yaşadığınızı başa düşürəm, daha doğrusu, başa düşmək üçün əlimdən gələni eləyirəm…
CV-nizə baxan kimi, soyadınız diqqətimi çəkmişdi. İl yarım əvvəl liftdə qarşılaşmağımızla soyadınızı birləşdirdikdə, qardaşınızın burada çalışdığını o saat başa düşdüm. Əslində qardaşınız mən işə başlamazdan əvvəl də burada çalışırdı. Bəs deyə bilərsiniz, qardaşınızın soyadını haradan bildim? Bilmək istəyirsinizsə, mən də elə bu sual üzərində düşünərək vəziyyətinizi əvvəlcədən bilməyə nail olmuşdum — qardaşınızın sizin səhhətinizlə bağlı almaq istədiyi icazə məktubunu rəhbərimə mən imzalatdırmışam.
Açığı desəm, hətta özkeçmişinizə baxdıqda təcrübəli deyə biləcəyimiz peşəkarlar vardı müraciət edənlər arasında… Ancaq sırf bu “çatışmazlıq” dediyiniz şeyə görə məhz sizin müraciətinizi qəbul etdim. Çünki sizə məhdudiyyətli, qüsurlu, əksik deyənlər və siz, bu üç şeyi öy-rən-məli-si-niz:
Bir — bəziləri yox, hər kəs əskikdir. İki — özünüzü başqalarıyla müqayisə etdikdə, heç vaxt müsbət bir nəticəylə qarşılaşmayacaqsınız və qarşılaşsanız da bu sizi xoşbəxt etməyəcək. Və üç: hal-hazırda əlinizdə olanlardan aldığınız ləzzət, əlinizdən çıxmışların verdiyi kədərdən, əldə edəcəklərinizi düşündükdə ümidin bəxş etdiyi güc, keçmişdə əldə edə bilmədiklərinizin yaratdığı tükənmişlikdən daha mühümdür.
…
İndi, bunları yazarkən, həyatımın bəlkə də ən dəyərli dərsini almağımdan 3 ay keçir. İşimə, kollektivimə o qədər alışmışam, günlərim o qədər maraqlı, rəngarəng ötüb, bir-birini əvəzləyir ki, bəzən ayaqlarımın olmadığını xatırlamıram belə. Ki, xatırlayanda da pis təsir etmir daha… Və bütün bunların o gün aldığım dərsin nəticəsi olduğunu bilirəm.
Ölənə qədər təhsilimə davam edəcəyəm, ancaq bəlkə də bu mənim aldığım ən dəyərli dərsdir, həyatımda. Həm verdiyi fayda, həm də əvəzində ödədiyim “məbləğ” diqqətə alındıqda…
Son

Comments
Post a Comment