Albert Kamyuda İnsanda Yadlaşmanın İnkişafı



Albert Kamyunun "Yad"ını oxuyarkən özümə daim suallar verirdim: Görəsən, bu hadisələr və hadisəsizliklər niyə baş verir: müəllif Mersaultun anasının ölümünə laqeydliyini niyə belə təkrar-təkrar dilə gətirir; Mersault niyə göydəki günəşdən bu qədər gileylənir; müəllif niyə Mersaultu qatil eləyir (Mersaultun qatil olmasının bir səbəbi olmaya bilər, lakin müəllifin bu səbəbsizliyi yazmağa bir səbəbi olduğuna inanıram); Mersaultun məhkumluğu və məhkəmə prosesindən belə detallı danışması və müəllifin bunları yazıya alması nə demək idi, başqa sözlə məhkumluq bu hekayədə nəyi simvolizə etmək məqsədi daşıyırdı? Müəllif bu səbəblərdən xali olsa da-olmasa da, müəllifin duyğularını başqa ünsürlərlə yox, sırf bu yolla ifadə etməsinin bir səbəbi olmalıydı və əgər biz müəllifin nə deyəndə nəyi nəzərdə tutduğunu başa düşə bilsək, bəlkə, qələmə aldığı əsəri müəllifindən də yaxşı başa düşə bilərik.

Ölüm hökmü çıxmış məhkum Mersault öz-özünə aşağıdakı cümlələri səsləndirir: "o halde af dilekçemin kabul edilmemesine boyun eğmeliydim.

Bu anda, ama yalnız bu anda, kendimde ikinci bir olanağı, af olanağını düşünmek hakkını buluyor, kendime sanki böyle bir fırsat veriyordum. İşin can sıkıcı yanı, gözlerime çılgın bir sevinç halinde batan kanımın ve vücudumun atılımına gem vurmam gerekmeseydi. İçimdeki çığlığı bastırmaya, onu yatıştırmaya çalışmalıydım. Bu ikinci olasılıkta doğal kalabilmeliydim ki, birincisine boyun eğişim daha akla yakın olabilmeliydi."

Yuxarıdakı çıxarışdan bir şey başa düşülür: İkinci bir şansı təbii qarşılamaq, əhvə müəyyən mənada laqeyd yanaşmaq lazımdır ki, Mersault edamın dəhşətinə təslim ola, dözə bilsin. O cümlədən yaşamağa laqeyd, yad qalmalıdır ki, ölümü qəbullana bilsin. Hansı ki, bunu dərindən hiss etdikdə Mersaultun elə qəfildən yad olmadığı, əslində yadlaşmanın Nitsşenin “Tanrı ölümü” nəticəsində ölüm qarşısında aciz qalmış, ölümü tamam yox olma görən adamın bu dəhşətlə mübarizə üsulu olduğu anlaşılır. Hansı ki, ən yaxşı mübarizə üsulu laqeydlik, yadlaşmadır. Bu baxımdan düşünüldükdə Mersaultun - arabir xatırlayır və darıxırsa belə - anasının ölümünə niyə laqeyd olduğu aydın olur. Amma Mersault bunu qətiyyən bilərəkdən eləmir və açığı bilərəkdən yalnız laqeyd görünmək olar, laqeyd olmaq yox!

İndi isə müəllifin personajını niyə qatil elədiyinə baxaq. Çünki onun da mahiyyəti yuxarıdakı məsələyə yaxındır. "Yine bir pazar daha geçip gitti, anacığım şimdi topraklar altında yatıyor, yine işimin başına döneceğim ve sonunda, her şey eski hamam eski tas, diye düşündüm..." - deyən Mersault qatil olmasının səbəbi haqda belə deyir: “Buna güneş neden oldu”. Hansı ki, hələ əsərin əvvəllərində, anasının cəsədini dəfn etmək üçün apararkən Mersault günəşdən gileylənir və qocalar evində xəstələrə baxan bir qadın: "İnsan yavaş gitse, güneş çarpar, hızlı gitse kan ter içinde kalır, sonra, kilisede soğuk alır, şifayı bulur" -, demişdi... Nəticə: İnsan “günəş vurdu” deyə “qan tər içində qalmaq” bahasına qaçdı, yəni “yenə bir bazar gününün keçib getdiyi”, “yenə işlədiyi”, hər şeyin “köhnə hamam-köhnə tas” olduğu bir həyat Mersaultu qatil elədi. Və bu ikisi, qatil olmaqla olmamaq eyni şeydir, çünki bir nihilist üçün hər şey eynidir. Eyni ilə günəş altda çox yerisə gün vurub xəstələnməklə gün vurmasın deyə qaçarkən tərləyib xəstələnmək kimi. Burada günəş altda yerimək öz sıxıcı həyatını yaşamaq, bundan – bu sıxıcılıqdan canını qurtarmaq üçün qaçıb tərləmək Mersaultun səbəbsiz yerə kimisə öldürməsidir.

Mersault ölməzdən bir xeyli əvvəl anasını imkansızlıqdan və bir az da anasının onunla ürəyi sıxıldığından qocalar evinə yerləşdiribmiş və əsər Mersaultun anasını dəfn etmək üçün yola çıxması ilə başlayır. Maraqlıdır ki, yaşlıları onlardan biri öldükdə cənazəyə getməyə qoymurlar. Çünki bu, bir növ onlara ölümə yaxın olduqlarını xatırladacaqdır. Və əsərin baş "qəhrəman"ı əsərin sonuna yaxın edama məhkum olunur. Ölümə yaxın olduğunu bilən və buna rəğmən yaşayan yaşlılarla bir edam məhkumunun arasında bir oxşarlıq var. Necəsə bizlər də qocalar evində əcəlini gözləyən yaşlılar və öləcəyini bilən edam məhkumları kimi deyilmiyik? Hamımız yad deyilmiyik? Yadlaşmadan, yad olmadan, ölümə gözümüzü yumub o heç yoxmuş kimi yaşamadan yaşamağa davam edə bilərdikmi? Həbsdə ümidsizcə edamdan əhv olunacağını ümid eləyən Mersault kimi sanki heç vaxt ölməyəcəyimizi ümid eləmirikmi bəzən? Elə bu ümid deyilmi bizi məhv eləyən?.. Əsər 1942-ci ildə yazılıb. Və Kamyuya görə Nasist Almaniyası işğalı altında olan Fransadakı və eləcə də dəhşət və vəhşətlə boğuşan, ikinci dünya müharibəsində çarpışan dünyadakı vəziyyətlə mübarizə aparmaq, ölümlə hesablaşmaq üçün ilk başda edama gedən məhkum Mersault tək ümidimizi və ona olan ehtiyacımızı üzməliyik. Bəzi şeylərin (eləcə də yaşamağın) bir səbəbi olmadığını qəbul etməli və Mersault kimi yadlaşdığımıza görə digərləri tərəfindən məhkum edilməliyik.

Əsərin sonlarına yaxın aşağıdakı cümlələrin deyilməsi heç də təsadüf deyil: "Aftan umudumu kesmiştim ve kanımın düzgün dalgalar halinde bedenimde dolaştığını duyabiliyordum."


Şəkil: https://pixabay.com/photos/flower-life-crack-desert-drought-887443/

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!