Reallıq axtarışı - təfəkkürlər arası fərqlərin əsas səbəbi
ABŞ yazıçısı İrvinq Stoun (1903-1984) 1934-cü ildə Van Qoq haqda "Yaşamaq yanğısı" adlı bir bioqrafik roman yazıb. Romanda bu yuxarıdakı rəsmin çəkilmə hekayəsi də qeyd olunur:
"O, kəndli De Qrootun ailəsi ilə dostlaşdı. Bu ailə ana, ata, oğul və iki qızdan ibarət idi, onların hamısı da tarlada işləyirdilər. Brabant kəndlilərinin əksərinə bənzəməyən De Qrootları Borinaj kömürçıxaranları kimi "qarasifət" adlandırmaq olardı. Onların üzündə zəncilərə məxsus enli, açıq burun pərləri, xeyli irəli çıxmış burunları və sivri çənələri, iri qabarıq dodaqları, uzunsov, bucaqşəkilli qulaqları vardı. Alınları maili, başları kiçik, təpələri dik idi. Onlar yorğan-döşək yığmağa taxçası olan birotaqlı komada yaşayırdılar. Komanın ortasında stol, iki stul və bəzi yeşiklər qoyulmuşdu, yonulmamış tirlərdən qayrılmış tavandan lampa asılmışdı.
De Qrootlar kartofla dolanırdılar. Şam yeməyində onlar hərəsi bir fincan qara qəhvə içər, həftədə bir dəfə qurudulmuş ət parçası yeyərdilər. Onlar kartof əkib-becərir, kartof da yeyirdilər, bütün həyatlarını kartofla bağlamışdılar. Stin De Qroot on yeddi yaşlı məlahətli bir qız idi. O, ağ, enli ləçək bağlamış, bəyaz yaxalıqlı qara kofta geyinmişdi. Vinsent hər axşam De Qrootgilə getməyə başladı. O, Stinlə tez-tez ürəkdən şənlənirdi."
"Yaşamaq yanğısı" - İrvinq Stoun, "Kitab Klubu" MMC, 2017, Səh. 271; Dördüncü Kitab - Nyuenen, Paraqraf №7
Van Qoq zənginlik hərisi olmayıb. Borinajda yaşayan günlərində mədəndə partlayış olur , bir uşağı sarımaq üçün alt paltarına qədər çıxarıb verir, cəmisi bir palto ilə qalır. (yuxarıdakı nəşr, səh. 77; Birinci Kitab - Borinaj, Paraqraf №15) Hətta onu belə səfil vəziyyətə və "qara" camaatın səviyyəsinə qədər düşmüş gördükləri üçün onu keşişlikdən qovurlar. (həmin nəşr, səh. 80; Birinci Kitab - Borinaj, Paraqraf №15) Belə bir adamın insan deyəndə gözünün önünə Mikelancelonun "David" heykəli gəlməyəcək! Onun ürəyinin necə insanlara isindiyinə, necə insanların yanında gəzdiyinə baxın. Belə bir adam reallığı mükəmməllikdə axtarmayacaq.
Fotoaparatın kütləvi şəkildə istifadə olunmasına qədər sənət olanı təsvir etməklə mükəlləf idi. Van Qoqu Van Qoq eləyənsə hələ fotoaparat məşhurlaşmamış olanı olduğu kimi təsvir etməyin daşını atmasındadır. Məsələni daha yaxşı başa düşmək üçün sənət tarixinin dərinliklərinə düşməyə çalışaq. Belə ki, renessansda və ondan əvvəl rəssamlar rəsmlərini özlərinin hazırladıqları piqmentlərdən istifadə edərək çəkirdilər. Ona görə də, emalatxanalarından kənarda, açıq havada rəsm çəkə bilmirdilər. Əgər həmin dövrdə çəkilmiş rəsmlərə baxsanız, görərsiniz ki, demək olar, heç biri açıq havada çəkilməyib, çünki nə piqmentlər, nə də piqmentlərlə çəkilmiş rəsmlərin daşınması asan başa gəlmirdi. Sulu boyanın istifadəsi ilə birlikdə isə rəssamlar emalat xaricində də rəsm çəkməyə başladılar. Məsələn, bir rəssam çay sahilində dayanıb çayı çəkirdi və vaxt ötdükcə günəşin səmadakı yeri dəyişilir, rəng işıqla bağlı olduğundan həm rəssamın gördüyü, həm də çəkdiyi çay dəyişilir, beləliklə, rəssamlar işıq dəyişilməyə fürsət tapmamış çəkib qurtarmaq üçün çox sürətlə çəkirdilər. Belə olduqda təbii olaraq, təsvirdə fırçanın izləri qalırdı. Parisdə "Le Charivari" adlı bir jurnalda Luiz Leroy satirik bir yazı yazır və belə rəsm çəkənləri lağ xatirinə "impressionistlər" ("təəssüratçılar", "impression" fransız və inglis dillərində "təəssürat" deməkdir) adlandırır. Yəni deyir ki, "bunlar olanı çəkə bilmirlər, olan haqqında təəssüratlarını çəkirlər". Di gəl ki, əvvəl-əvvəl qəribsənilsə də bu üslub sevilir. Sonradan rəsm cərəyanı kimi "olan haqda təəssüratlar" öz yerini büsbütün "insanın iç dünyası"na verəcəkdi, hansı ki, biz bu dövrü də "expressionism" adlandırırıq ("express" fransız və inglis dillərində "ifadə etmək" mənasına gəlir). Van Qoq isə nə qədər olanı olduğu kimi təsvir etməyə meyilli olmasa da, hər şeyi bir kənara atıb öz iç dünyasını təsvir edəcək bir halda da deyildi, yəni impressionizmlə ekspressionizmin arasında qalmışdı. Ancaq bu impressionist olmayan, ancaq pre-impressionist heç olmayan rəsmləri çəkərkən Van Qoq hələ impressionistlərlə tanış olmamışdı belə. Ona görə, Van Qoqu nə klassik, nə impressionist, nə də ekspressionist rəssam sayırlar, onu şərti olaraq "post-impressionist" adlandırırlar.
Bütün yuxarıda yazılanlar Van Qoqu bir az daha yaxşı başa düşmək üçün idi. İndi isə Van Qoqu başa düşməyə çalışmaqla nəyi hədəflədiyimizə baxaq. Məsələ burasındadır ki, Van Qoqu digər rəssamlardan fərqləndirən bütün cəhətləri bir yerə yığsaq, onların hamısını sadəcə bir mövzu ətrafında toplamaq olar. Van Qoqu digərlərindən fərqləndirib, onu ölümsüzləşdirən reallığa digərlərindən fərqli yanaşması idi. Buna görə, onu yaşadığı dövrdə saya salmadıqları halda, ölümündən 100 ildən çox keçməsinə, bu dünyadan Pikasso, Dali, Uarhol kimi adamlar gəlib-getməsinə baxmayaraq, yenə də unudulmur. Van Qoqun yaşadığı dövrdə sənətini qəbul etdirə bilməməsi də, indi hamı tərəfindən maraqla qarşılanması da reallığı digərlərindən fərqli görməsi, onu digərlərinin elədiyindən fərqli təsvir etməsinə görədir. Elə bizi biz eləyən də reallığa olan münasibətimiz deyilmi?
Habelə bütün təfəkkür tarixini və onun inkişaf yolunu insanların reallığa münasibəti və bu münasibətin dəyişməsi əsasında təsvir etmək olar. Hətta iki insanın bir-birilə sözlərinin tutmasını/tutmamasını belə onların reallığa baxışı və reallığı harada axtardıqları ilə əlaqələndirmək olar. Məsələn, valideynlər üçün reallıq uşaqların əmin-amanlıqda olması olduğu halda, uşaqlar üçün reallıq bitib-qurtarmayan istəkləridir. (Və bu ikisi bir-birini təkzib eləmir. Çünki hərəsində bir dənə reallıq olmaqla iki ayrı məsələ var, sadəcə biri bu reallıqlardan/məsələlərdən birini, digəri o birisini mühüm sayır.) İçki içənlərin reallığa münasibəti ondan qaçmaqdır. Reallıq müstəntiqlərin axtardığı, cinayətkarların gizlətdiyidir. Siyasətçilər reallığı özünə sərf eləyən formada şərh eləyərək kütlələrin müəyyən məsələ barədəki reallığa münasibətini dəyişə bilir. Bir dostunun ona xəyanət elədiyini öyrənən adamın dostunu bundan sonra düşmən sayıb-saymayacağı bu reallığa - dostunun ona xəyanət etməsinə münasibətindən asılıdır. Reallığa çatmaq istəyi ilə yanıb-tutuşan adam bu xəyanəti heç vaxt bağışlamayacaq, reallığı vecinə almayanlar isə ola bilsin, "insandır da, səhv eləyib" deyib günahından keçəcək. Kimiləri reallığın mahiyyətinə varmaq üçün ömrünü ibadətə həsr eləyəcək, kimiləri onu inkar etmək üçün tanıdığı-tanımadığı hamının xoşbəxtliyinə qənim kəsiləcək. Kimisi onu reallıqdan uzaqlaşdırır deyə insanlardan uzaqlaşacaq, kimisi reallıqdan uzaqlaşa bilsin deyə camaata qaynayıb-qarışacaq. Kimisi reallığa heç vaxt çata bilməyəcəyi qənaətinə gələcək və reallığı önəmsədiyi üçün nəsə deməkdən, fikrini bölüşməkdən çəkinəcək, kimisi eyni şeyə qənaət gətirdiyi halda "reallığa onsuz da heç kim çata bilmir" deyib səhv ola biləcəyi halda düz bildiyini deməkdən qalmayacaq. Kimisi növbədə gözləyəndə kimin birinci gəlməsini mühüm sayacaq, kimisi bunu - reallığı vecinə belə almaycaq, mübahisə və münaqişələr törəyəcək.
Van Qoqun reallığa münasibəti digərlərinin reallığa münasibətindən fərqli olduğu halda o, cidd-cəhdlə çalışırdı ki, özünü digərlərinə qəbul elətdirsin. Və bir çox sənət adamları belədir deyə ya onları heç tanımırıq, ya da ki, çox gec tanıyırıq. Ona görə ki, minlərlə sənət əsəri ortaya qoyan həmin adamlar özlərini, sahib olduqları ət, qan, sümük və mənəviyyatdan bir sənət əsəri yarada bilmirlər. Neyləmək olar, hamı Pikasso deyil. Ancaq sənət təkcə Pikassodan da ibarət deyil. Necə ki, elit mədəniyyətdən və klassisizmin səmimiyyətsiz formallığından bezmiş camaat Gogolun "Palto"-suna büründü, özünü o zəif, bir palto üçün xəstə düşən adamın yerinə qoydu, eləcə də gündəlik həyatın reallığından doymuş, usanmış bizlər də zaman-zaman reallığa başqa cür baxan, onu olduğu kimi görməkdən imtina etmiş Van Qoq kimi adamları bağrımıza basır, "Ulduzlu gecə"yə gecə göydə gördüklərimizi təzədən görmək üçün yox, ulduzları başqa bir cür görmək, dünyanı başqa bir reallıq eynəyi ilə görmək üçün baxırıq. Digərləri ilə ünsiyyət qurmaq, dost olmaq, sevmək, ailə olmaq və bir sosiumun damı altında birləşmək eyni reallığı onlarla eyni cür gördüyümüzə görə yox, onların bizdən fərqli baxışları olduğu üçün maraqlıdır. Fərqli baxışlarla qarşılaşmaq, fərqli söz eşitmək, fərqli düşüncələr haqda fikrə dalmaq maraqlıdır. Ona görə, reallığa yüz faiz əminliklə çatmış olsanız belə digərlərinin düşüncələrinə əhəmiyyət verin, düşünün, götür-qoy eləyin, onlara da danışmağa ixtiyar verin. Zirvədə yalnız yalnız ola bilərsən. Hansı ki, belə maraqsız yüksəklikdənsə, tək olmadığın quyu yaxşıdır.
İstinadlar:

Comments
Post a Comment