Düşüncənin Qandalları - Sənət və Fəlsəfə
Yalnızlıq çox adamın mübtəla olduğu, ancaq çox az adamın mübtəla olduğunu bildiyi dərddir. O qədər çox rast gəlinən hadisədir ki, bir çox fenomenləri sadəcə "yalnızlıq" deyərək izah etmək olar. Hətta yalnızlıqdan başqa bütün qəmlərin izahını "yalnızlıq"da tapmaq olar. Heç yeri deyilkən özünü tərifləyən adamdan intihar eləyəcəyini deyən adama qədər hər kəs yalnızdır.
***
Deyim ki, yalnızlıq tək qalmaq deyil, özünü tək hiss etməkdir. İyirmi minlik bir qoşunun əsir aldığı adi bir dustaq yalnızdır, məsələn. Ya da hamının tanıyıb, sevdiyi, ancaq kefi olmayanda dərdləşməyə bir yaxını olmayan adamları götürək: Milyonların izləyib, fanatlıq elədiyi kəslər yalnız deyilmi? Kənardan dünyanın sirrini tapmış, həyatı dərk etmiş kimi görünən, əslində isə sual soruşmağa, fikir almağa bir adamı qalmayan kəslər yalnız deyilmi? Özünü hamıdan üstün görən, sözdə digərlərinin səviyyəsinə düşməməyə çalışan adamlar sırf yalnızdırlar deyə bu qənaətə gəlmiş ola bilməzlərmi? Sırf yalnızıq deyə əslində olmayan şeyləri var imiş kimi qəbul edib, ortaya mədəniyyət, mentalitet, siyasət kimi sözləri çıxarıb, özümüzə müzakirə eləyə biləcəyimiz bir şey axtarmırıqmı? Ki, əgər başımız başqa dərdə qarışsa, bir anlıq da olsa yalnızlığımızı unuda biləcək, sanki heç o yoxmuş, sanki heç yalnız deyilmişik kimi davrana biləcəyik. Başqa hissləri yaşamaqla məşğul olduğumuzdan yalnızlıq gizlində bir yerdə, gözdən uzaqlarda uzanıb qalacaq və biz bir yerdən sonra onun orada olmadığı, əslində yalnız olmadığımızı düşünəcəyik. Bunun yanlış olduğunu sadəcə tək qaldıqda hiss eləyəcəyik, halbuki tək olmayanda da yalnızıq. Bizim digərləri ilə münasibətimiz bir-birinə ardıcıl emaillər göndərən iki ayrı müəssisənin apardığı yazışmalar kimidir: Biz sadəcə ifadəediciliyi məhdud, məsələn, dil kimi müəyyən alətlər əsasında bir-birimizi tanıyır və sadəcə öz hisslərimizi yaşayırıq. Məsələn, mənim qəmgin olmam digər bir adama sadəcə onun öz qəmini yaşada bilər. Yasda hamı öz ölüsünə ağlayır. Onlar - digərləri heç vaxt məni tam başa düşə bilməyəcəkləri kimi, mən də digərlərini heç vaxt tam başa düşə bilmədiyimdən özümü hər kəsə yad hiss elədiyim kimi hər kəs də mənə biganələşəcək və deməli, mənim yalnız olmam qaçınılmazdır. Mənim eləyib eləyə biləcəyim tək şey isə özümü aldatmaq, yalnızlığımı yadıma salmayacaq həyatı yaşamaq olacaqdır və yalnızlığı unutmağın tək yolu digərlərinin yalnızlığından bəslənməkdir. Başqa sözlə, heç kəs heç kəsi başa düşmədiyi üçün mənim digərlərində və digərlərinin məndə başa düşəcəyi tək şey başa düşülmədiyimiz, daim yalnız olacağımızdır. Yəni yalnızam, yalnızlığımın üstəsindən heç vaxt gələ bilməyəcəyəm, ancaq iç-içalatımı dağıdan xəstəliyə güc gələ bilməsəm belə ən azından ağrı kəsicilərdən istifadə edə, onsuz da məhdud olan ömrümü yalnızlıq haqda uzun düşüncələrə dalmadan keçirə bilərəm. Digərlərinin yalnız olduğunu başa düşməklə (və bunu ona deməklə) mənim yalnızlıq acım dinməsə də mən bir anlıq da olsa öz yalnızlığımı unudub onun yalnızlığı ilə məşğul olacaq, yəni özümü unudub onun haqda düşünməyə başlayacağam. Əslində elə sevgi də bu deyilmi? Bir nəfəri özünü unudacaq qədər çox fikirləşmək və hiss etmək. Elə bundandır ki, yalnızlıq deyəndə ilk ağla sevgi gəlir və ta məqalənin ən başında yalnızlığı "çox adamın mübtəla olduğu, ancaq çox az adamın mübtəla olduğunu bildiyi" kimi ifadə etmişdim ha, oradakı yalnız olduğunu bilmək təkcə sevəndə olur. Sevmək isə yoxluğun varlığına ehtiyacdır: Anası rəhmətə getmiş uşaqlar ana, torpaqları düşmən tapdağı altında qalanlar Vətən, sevib sevilməyənlər məşuq sevgisinə həbs olur. Yəni belə çıxır ki, sevib çətinlik çəkmədən qovuşanlar heç vaxt sevgilərinin fərqində olmayacaq, sevdikləri adamı nə qədər sevdiklərini bilməyəcəklər. Beləcə sevgi dedikləri o şey doğru olsa və onlar da bunu qəbul etsələr belə heç vaxt bunun - sevginin varlığına həqiqətən inanmayacaqlar, daim içlərində bir hiss qalacaq ki, əslində ola bilsin bir-birilərini o qədər də çox sevmirmişlər. Digər tərəfdən hansısa ciddi və ya qeyri-ciddi bir məsələyə görə ayrılmalı olsalar dillərində qarğış da, alğış da olsa, əslində bir-birilərini nə qədər sevdiklərinin fərqinə varacaqlar. Ki, bu, bu halda onlara lazım olan son şey belə deyil, bəlkə də.
Davam etməzdən əvvəl yuxarıdakıları bir neçə cümlə ilə ümumiləşdirək:
- İnsan idrakı özündən başqasını birbaşa və ya özündən asılı olmadan başa düşməyə imkan verəcək alətlərdən yoxsundur və yəqin ki, belə bir vasitə, ümumiyyətlə, mövcud ola bilməzdi.
- Ona görə də, insanın yalnızlığı onun sadəcə tənha olub-olmamasına görə yox, onun digərləri tərəfindən heç vaxt başa düşülməyəcəyi və digərlərini də başa düşə bilməyəcəyinə görədir.
- İnsan heç vaxt bitməyəcək yalnızlığını görməzdən gəlməyə vadar olduğu, heç onu - yalnızlığını xatırlamayacağı bir həyat yaşaya bilər və bu həyatın əsas şərti sevgidir.
- Sevgi - olması istənilənin yoxluğundan yaranır. İnsanın sevgisinin fərqində olması isə onda sevgi yaradan, ancaq onda olmayan o şeyin olmamasını dərinləməsinə dərk etməsidir.

Comments
Post a Comment