Dostoyevski - "Yeraltından qeydlər"dən çıxarılmalı əsas nəticə!

Spoiler yüngül ədəbiyyata olan marağı azaldır, klassikanı ucaldır.
Dostoyevskinin “Yeraltından qeydlər”i qısadır, amma klassikadır.
Uşaqlıqda izlədiyimiz serial və kinolarda bəzi adamların sadəcə
pis olduğu mesajı verilirdi. Sonra isə bunun tam tərsini dedilər: İnsanlar
başına pis hadisələr gəldiyi üçün pis olur.
Bu gün biz kiminsə sadəcə pis ola biləcəyinə inanmırıq. Amma
insan təkcə başına pis hadisələr gəldikdə, pis münasibət gördükdə kiməsə
pislik eləyir, düşüncəsi də həmişə doğru olmaya bilər.
Dostoyevski bu əsəri yazdığı vaxtlar Rusiyada səfil həyatı yaşayanlar sosialist inqlabın nəfəsini boylarının ardında hiss eləyirdi. Sənayenin inkişaf etdiyi ölkələrdə Adam Smitin kapitalist (Adam Smit - sərbəst bazar iqtisadiyyatı kimi kapitalizmin bel sümüyünü təşkil edən nəzəri konsepsiyaların banisidir.) və Karl Marksın kommunist nəzəriyyələrindəki iqtisadi modellər müzakirə olunurdu. 19-cu əsrin əvvəllərində Almaniyada Humboltun təhsilin inkişafına dair yazılarının təhsilə tətbiq olunması universitetlərin tələbələri elmi tədqiqata çağırması və elmi tədqiqatların sırf elmi məqsədlərlə aparılmasıyla nəticələndi, bu da öz növbəsində iqtisadiyyata təsir edəcək elmi-texniki kəflərin artması və elmi-iqtisadi-fəlsəfi modellərin hamılıqla müzakirə olunmasına gətirib çıxardı. Və burada hər şeyi saxlayıb əvvəl Marksı başa düşmək lazımdır.
Marksı anlamaq Russoyla Hegeldən keçir. Jan Jak Russonun
dövlətin yaranması haqda irəli sürdüyü fikirlər mülkün bu barədəki əhəmiyyətini
ortaya çıxarırdı. Jan Jak Russo deyirdi ki, hər şey bir adamın "bu torpaq mənimdir" deməsiylə başladı. O adamın bu sözlərini eşidənlər durduq yerdə, "onda bu yer də
mənimdir", dedilər. Və bu adamların hər biri mülkiyyət haqqına sahib olmağı istədiyi
torpağın mülkiyyət haqqına sahib ola bilmək üçün digərlərinin mülkiyyət haqqına
sahib olmaq istədikləri torpağın mülkiyyət haqqına sahib olduqlarını tanımağa məcbur
oldu. Dövlət də mülk bölgüsünün tanınması haqda insanların
razılıqları toplusudur. Marksa görə isə ümumiyyətlə mənəvi və zehni olan hər şey (və
ideologiyalar da həmçinin) mülk bölgüsünün, daha dəqiqi, mülkün qeyri-bərabər
bölünməsinin nəticəsidir.
Hegel deyəndə isə ilk yada düşən dialektikadır. Dialektika bu mövzuya uyğun şəkildə belə şərh oluna bilər. Hegelə görə əvvəl bir mənəviyyat
var. Mənəviyyatdan onun anti-tezisi (tam əksi), yəni maddiyyat yaranır. Tezislə
anti-tezisin sintezindən isə yeni bir şey yaranır. Sonra o yeni yaranan şey özünü tezis kimi aparır, sonra bu tezisdən anti-tezis yaranır, sonra onların
sintezi və beləcə tarix formalaşır. Eləcə də mənəviyyatla mənəviyyatın anti-tezisi olan
maddiyyatdan onların sintezi olan insan yarandı. Başqa sözlə, insan mənəviyyat və mənəviyyatın
əksi olaraq yaranmış maddiyyatın sintezidir.
Marks deyirdi ki, Hegel yaxşı deyir, amma vəziyyəti tərsə-mərs görür.
(Marksa da deyirlər ki, bəlkə, sən özün tərsə-mərs dayanmısan deyə Hegeli tərsə-mərs
görürsən. Amma bu, hələlik qalsın burada, biz Marksın dediklərilə davam edək.) Maddiyyat mənəviyyatın anti-tezisi kimi yox, mənəviyyat maddiyyatın
anti-tezisi kimi meydana gəlmişdir. Yəni, ailə quruluşunu təşkil edən əsas
münasibətlər də daxil olmaqla sevgi, din, siyasi baxışlar və s. bütün mənəvi-zehni
abstrakt ünsürlər mülkiyyət bərabərsizliyindən yaranır. İndi əgər bu
mülkiyyət qeyri-bərabərliyini aradan götürsək, o nifrət-sevgi, intiqam, ailə
problemləri və ailəni-vətəni müdafiə cəhdləri, savaş-döyüş kimi məsələlər
nolar? Mülkiyyət qeyri-bərabərliyi olmasa heç kəs oğurluq eləməz, eləmi? Dostoyevski burada normalda kimdənsə, başqa bir tərzdə eşitsək, gülüb keçəcəyimiz
bir iddia irəli sürür. Dostoyevski deyir ki, ağlın tapdığı modellər bizi və hərəkətlərimizi
tam proqnozlaşdırsa belə, sırf bu modelləri (və təbii ki, ağlı) səhv çıxarmaq
üçün bu modellərdə qeyd olunandan fərqli tərzdə davranacam. Və əgər o ağıllı modellər
mənim acıqdan elədiyim bu (istisnai) kənara çıxmanı da təxmin edə bilsə, sırf ağlı səhv
çıxarmaq üçün qəsdən dəli olacam!
(Burada başınız qarışıbsa, məqaləni qayıdıb bir də başdan oxuyun.)
İndisə keçək əsərin özünə. Dostoyevskinin “Yeraltından qeydlər”
adlı əsəri iki hissədən ibarətdir. İlk hissədə sadəcə bir adam öz fikirlərini
deyir, ikinci hissədə isə ilk hissədəki fikirlər hekayə formatında izah olunur.
Əgər ilk yarıda ilişsəniz, görsəniz getmir, görsəniz ki, kitabı bir kənara
qoymaq üzrəsiniz, keçin ikinci hissəni oxuyun, sonra qayıdıb birinci hissəni
oxuyarsınız.
Son bir qeyd: Əgər Dostoyevskini diqqətlə, həqiqətən, ürəklə oxuyursunuzsa, ateist də olsanız, dəli olmamaq üçün Allaha yalvaracaqsınız!
Şəkil: http://dostoevsky-bts.com/blog/transgressive-spiteful-side-notes-underground/
Comments
Post a Comment