Özünü Göstərən Teatr İzləyiciləri


Ən əsas məsələ digər izləyicilərə özünü kübar göstərməkdir.

Yoxsa, tamaşadan tam zövq ala bilməyəcəksiniz. Bunu səmimiyyətsizlik olaraq görə bilərsiniz, ancaq teatr dediyin elə bunun üzərində qurulmayıbmı?

Mən teatrı həqiqətən sevirəm. Ancaq özümü teatr sevənlərə göstərməyi daha çox sevirəm... O dim-dik oturub, qıçını qıçının üstünə aşırıb, əl barmaqlarını bir-birinə keçirib özünü ağıllı göstərməyə çalışırsan ha... onun yerini heş zad verməz. Özünü oxuyub-oynayıb roldan-rola salan dəyərli aktyor/aktrisaların hörmətli dostu olduğunu hiss edərək - halbuki, belə bir şey yoxdur - nəfəsini tutub, bütün diqqətini səhnəciyə verirsən. Və bu diqqəti "yaxın" dostların olan aktyor-aktrisalara hörmətinlə əsaslandırırsan.

Təbii ki, bu deyilənlərin hamısı həqiqi olsa da, zarafat niyyətilə deyilmişdir və bu dediklərimə şiddətlə qarşı çıxanlar da olacaqdır. Onlara demək istəyirəm ki, nahaq yerə özlərindən çıxmasınlar. Mən onsuz da bu dediklərimin "pis" bir şey olduğunu deməmişəm.

İnsanların özlərini göstərməsinə mane olmaq kimi bir niyyətim yoxdur. Ancaq bunun leyhinə tərəfdar da çıxmayacam. Mənim əsas qayəm özünüzü göstərərkən sırf özünüzü göstərmək üçün olsa belə, bundan faydalı nəsə çıxarmaqdır.

Digər bir deyişlə, əgər teatra getməklə özünüzü göstərmək kimi gizli/aşkar bir niyyətiniz varsa, bunu izləyəcəyiniz səhnəcik, o səhnəciyi canlandıracaq aktyor/aktrisalar, həmin tamaşanın təşkilatçılarını və müvafiq teatrın fəaliyyət tarixini dərindən araşdırmaqla daha da mükəmməl bir şəkildə edə bilərsiniz. Və əslində bunu etsəniz tamaşadan o qədər zövq alacaqsınız ki, özünüzü göstərmək bir müddət sonra yadınıza belə düşməyəcək. Və sizdə zamanla həqiqi teatr mədəniyyəti formalaşacaq.

Özünüzü göstərmək üçün ayaq qoyduğunuz yolda, teatrlar-tamaşalar haqda xeyli məlumat əldə edəcək və üstəlik nə musiqidə, nə kinoda tapa bilməyəcəyiniz qədər zövq alacağınız yeni bir hobbi qazanacaqsınız. Bu tipli fəaliyyətləri daimi təkrarladıqca sizdəki özünə vurğunluq ehtiyacı sənətin qızğın alovunda yavaş-yavaş yanıb külə dönəcək. Daha elə bir halda olacaqsınız ki, sizdən başqa heç kəsin izləmədiyi və izləməyəcəyi tamaşaları belə - əgər xoşunuza gəlirsə - həvəslə izləyəcəksiniz.

Burada teatr, teatr vasitəsilə özünü göstərmək cəhdlərinə kitab mütaliəsi kimi məsələləri də əlavə etmək olar. Əslində kitab oxuyan-oxumayan kimdən soruşsanız, özünü göstərmək üçün kitab oxuyanların axmaq olduğunu deyəcək. Halbuki o "tənqidçi"lərin heç biri ömrünün bir neçə ilini sırf özünü göstərmək üçün kitab oxuyan həmin "axmaq"ların iləriki illərdə nə qədər kitabı bütün tamlığıyla mənimsəyəcəklərini düşünəcək qədər ağıllı olmazlar.

Şiddət yoluyla, təzyiqlərlə, təhqir-tənqidlərlə işlərimiz arxasındakı bu "özünü tərifləmə" motivini aradan qaldırmaq olmaz. Şəxs özünü dəyərliləşdirmə cəhdlərinin nə qədər lazımsız olduğunu yalnız öz dəyərini başa düşdükdən sonra başa düşür. Kənardan təlkin etməklə bu prosesi yalnız uzadarsınız.

Biz həmişə problemlərdən qaçmaqla onların böyüməsinə mane olmayanları tənqid etmişik, ancaq bu tip hissi problemlərin üstünə getməklə onları yalnız böyüdərsiniz. Psixoloji fenomenləri yalnız ən dərinə enməklə təsirsiz hala salmaq olar. Yoxsa, üzdən atəş açmaqla güllənizi bitirməkdən artıq bir iş görmüş olmazsınız.

Digər bir məsələ, partneri olmaq istədiyi və ya olduğu şəxslə bağlı sevgi problemi yaşayanlarla əlaqəlardır. İlk sevgi "şok"unu yaşayan şəxs təbii ki, dərdini bölüşməklə öz mənfi enerjisini özündən uzaqlaşdırmalıdır. Ancaq etiraf və dərtləşmələr təkbaşına uzun müddətli həll yolu ola bilməz. İşin kökünə enib, bu problemin niyə baş verdiyindən qismən uzaqlaşaraq, bu problemin sizə niyə - elə, ya da belə yox - sırf bu formada təsir etdiyini tapmalısınız və bunu yalnız özünüzdə tapdıqda problemləriniz həll olmasa da, daha sizə təsir etməyəcək.

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!