Üşümək yanğısı
“Kremlin qonur rəngindəki hündür divarları dizəcən qarla örtülmüşdü. Yeri bürüyən yumşaq qarlar gecənin qaranlığını aydınladarkən, Qırmızı meydandan bir qədər o yanda 5–6 cavan qızlı-oğlanlı soyuq qar topu savaşının isti qanlı savaşçılarına çevrilmiş, bir-birini ağ qara qərq etməklə o qədər məşğul idilər ki, gecə saat üçü keçdiyindən xəbərləri belə yoxdu. Bu əhli-kef topluluğun içərisindən bir nəfərsə(bir qız), skamyada oturduğu yerdən qalxmır, elə həmin vəziyyətdə də başqa birisinin (bir oğlan) yerdən alıb ona uzatdığı qarları topa çevirib o biri tərəfdəki dostlarına tərəf serbələyirdi. Aşağıda, arxa tərəfdə skamyanın taxtaları arasına bir cüt əl ağacı söykədilmişdi və elə, ya da belə, skamyada oturmuş ağ üzlü, uzun sifətli, sarıya çalan qəhvəyi saçlı sarışın qızın əli çatacaq məsafədəydi. Bu arada bir qar topu qızla oğlanın yaxınlığından vızıltayla keçib skamyada oturan qızın düz üzünə dəydi. Qız gülümsəyib gözlərini tərpətdi, yamyaşıl bir cüt əlcəyə bürünmüş arıq, uzun əllərinin tərsiylə üzündəki qarı sıyırıb yerə atdı. Qızın yanındakı oğlansa, ayaq üstə dayanıb qıza baxır, üzündə sualedirmiş kimi baxan nəzərlər gözə çarpırdı. Oğlan qıza dəyən qar topu, sanki ürəyinə dəyən gülləymiş kimi donub qalmışdı, qızsa, belə görünür, oğlanın bu halının fərqində belə deyildi. Bundan sonra oğlan qızla birlikdə özlərinə qərargah seçdiyi skamyaya tərəf atılan hər qar topunun qabağına atılır, qızın sırf tərpənə, qar toplarından qaça bilmədiyi üçün bu sulu və soyuq, heyrətamiz, hətta möcüzəli ağ kristalların yumrulanmış toplusuna açıq hədəf olmasına izin vermirdi. Oğlan qızı qoruyarkən oğlanın üzünə dəyərək boğazından sürüşüb sinəsinə düşən qar dənələrinin verdiyi soyuqda bütün bədəni üşüməklə bərabər, qəhrəmancasına davrandığının da fərqindəydi, ancaq bu vaxt eşitdiyi bir neçə söz, onu etdiyi əməlin düzgünlüyündən büsbütün şübhəyə saldı. Skamyada oturmuş qız:
- Ruslan, çəkil qar mənə də dəysin. — demişdi.”
….
Çətin anlar yaşayan dostlarınız varsa, onlara məsləhət verməyi, onlara həyatın gözəl olduğunu başa salmağı yaddan çıxarın. Siz dostlarınız qəm yeməsin istəyirsiniz, başa düşürəm. Hələ bir öz-özünüzə, “İlahi, insan qəm çəkməyi sevər, dərdə-əzaba bu qədər ehtiyac duyarmı?!”, — dediyiniz də çox olub yəqin. Amma… mənim əzzizlərim, onlar (ya da elə siz) qəm çəkmək istəyirlərsə, buradan, qəm çəkməyə ehtiyac duyduqları qənaətinə varmağa tələsməyin. Bir ehtiyac var ortada! Bəli! Bir əskiklik var, düzdür… Ancaq bu, olsun ki, başqa bir əskiklikdir… Elə bu yerimək ləzzətindən məhrum, buna rəğmən yaşadığı həyatdan məmnun qızın qarın soyuğunu hiss etmək arzusuyla yanıb-tutuşması kimi…
İnsanlara icazə verin, üşüsünlər… Ancaq üşüyüb xəstələnməklərinə də razı olmayın. Onları soyuqdan və ya soyuqlamaqdan qoruyarkən, vəziyyəti o yerə də çatdırmayın ki, bu səfərki, siz onu xəstələndirəsiniz…
Son
Rüstəm Əzimov
Comments
Post a Comment