Ümidsizlik adasına cavabdeh çıxan tənha canavar — Robinzon Kruzo

Robinzon Kruzo. Kimsəsiz bir adada tək qalıb, yaşamaq üçün sözün əsl mənasında özünə şərait quran, Daniel Defonun eyni adlı kitabını oxumasa da hekayəsini, demək olar, hamının eşitdiyi bu personajdan nə öyrənə bilərik? Özünəinam, ümid, iti qərar qəbul etmə? Yox, onları nəzərdə tutmuram. 
Əsərin mənim ən çox sevdiyim mesajı Robinsonun bütün cavabdehliyi öz üzərinə götürməsidir. Oturub, acından ölməsini gözləmək əvəzinə, həll yolu axtarır, bir yandan düşdüyü adanı araşdırır, bir yandan özünə ev qurur. Şikayət etmək əvəzinə, cavabdehlik götürür. Özünə və həyatına cavabdeh olur.
Deyə bilərsiniz, o vəziyyətdə hamı belə eləyər də, burada təəccüblü nə var? Acdır yemək axtarır. Yırtıcı heyvanlar olmasından ehtiyat edir və əgər adada çox qalarsa rahat yaşayış yerinə ehtiyac duyacaq, özünə ev tikir. 
Bilirsiniz ki, insanlar orta hesabla 8 saatlıq iş gününün sadəcə 2 saatı müddətində bütün işin 80%-ni görür. Qalan 6 saatda da böyük ölçüdə özlərini aldadırlar. Vaxt keçirirlər. Bu hələ ən yaxşı hallardandır. Hətta bəziləri gündəlik 1 saat işləyir, deyə bilərik. (Burda işçinin gördüyü işə uyğun maaş verilmədiyi hallar haqda danışmırıq)
Bəli, Robinzon Kruzo cavabdehlik götürməli idi çünki, başqa yolu yox idi. Cavabdehlik götürüb dərhal fəaliyyətə başlamasa çoz keçməmiş öləcəkdi. İndi problem ondadır ki, çox adam belə bir sitüasiya yaranmadıqca işini görmür. Orta məktəb şagirdidir, “oxu” deyirlər, oxumur. Universitet tələbəsidir, hələ də həyatda özünü tapmayıb, məqsədi yoxdur. Və ya məqsədləri var, amma onlara çatmaq üçün çalışmır. Məni səhv başa düşməyin. Heç kimi tənqid etmək istəmirəm. Qətiyyən belə niyyətim yoxdur və açığı tənqidlərin də xeyri olmadığını düşünürəm. Tənqid eləməkdənsə, “Azərbaycan gəncliyi kitab oxumur, vaxtını boş-boş işlərə xərcləyir, düz-əməlli bir iş gördükləri yoxdur” deyərək şikayətlənməkdənsə, məsələnin kökünə enməyə çalışmaq, məqsədlərimiz olduğu halda hələ də hərəkətə keçə bilməməyimizin səbəbləri haqda düşünmək daha faydalıdır, məncə.
Xəyallarınız varsa, o xəyalları reallaşdırmaq cavabdehliyi götürün. Çünki, başqa heç kim bunu sizin əvəzinizə etməyəcək. Sizdən başqa heç kəs youtube-a daxil olub sizin üçün öyrənməli olduqlarınızı “axtarış zolağı”na yazmayacaq. Yazsa da, sizin əvəzinizə öyrənməyəcək. Heç kim sizin əvəzinizə hər gün 8 saat işləyib gəlirini sizə verməyəcək.. Gələcəyimizi biz formalaşdırırıq, bu gün etdiklərimizlə. “Edx.org”-a, “coursera.org”-a biz daxil olub pulsuz kurslardan yararlanaraq özümüzü inkişaf etdiririk. Həyatımızı bir qururuq.
Həyatınıza cavabdehliyi öz üzərinizə götürün. Gələcəyiniz haqda düşünün. Elə bu saat. Kağız, vərəq, qələm olmasın, lap. İndi bu yazını oxuduğunuz cihaz nədirsə, yazı yaza biləcəyiniz bir proqramı açın, başlayın: Məqsədlərinizi yazın. Həmin məqsədlərə çatmaq üçün nələr öyrənməli, hansı işləri görməli olduğunuzu siyahıya alın. Siyahının elementlərini vacibliyinə və arıdıcıllığına(elə işlər var ki, onları icra edə bilmək üçün əvvəl digər hansısa işlər görülməlidir) görə sıralayın. Və dərhal ən vacibindən başlayaraq “qollarınızı çırmalayıb” işə start verin. Bu gün. Bu Saat. Bu dəqiqə…
Oxuduğunuz üçün təşəkkür edirəm.
Paylaşımın hashtag-i #özüməcavabdehəm

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!