Sosial şəbəkələrə vaxt ayırın

Bu gün kiçik bir hesablama apardım. Deməli, mənim gün ərzində sosial şəbəkələrə sərf etdiyim vaxt 1.5 saatdan az deyilmiş. Əslində isə bu saat yarımdan aldığım faydanı yarım saat “xərcləməklə” də əldə edə bilərəm. 30 dəqiqə mənə sosial şəbəkələrdə “istədiyimi etməyə” kifayətdir. Qalan 1 saata da qənaət edə bilərəm. Təsəvvür edin, 1 günə 1 saat, 1 aya 30, 1 ilə 360 saat, yəni 21, 600 dəqiqə deməkdir ki, bu vaxtı bədii kitab mütaliəsinə həsr etməklə səhifəsini 5 qəqiqədən hesablasaq, 4320 səhifə, yəni, 433 səhifədən az 10 kitab oxuya bilərəm. 10 kitab. Hər il əlavə 10 kitab. Bəs siz sosial şəbəkələrə sərf etdiyiniz vaxtı məhdudlaşdırsanız, həyatınızda nələr dəyişər? Daha çox kitab? Daha çox video dərsliklər? Udemy-də daha çox online kurs? Daha çox dincəlmək? Bəs bu sosial şəbəkələrə vaxt sərf etməyi azaltmaq asan məsələdir? Böyük nəticələrə aparan bütün digər uzun yollar kimi, sonu bu “sosial şəbəkələrdə vaxt itirmək” vərdişini tərgitməklə bitən bu yol da hamar deyil. Amma hər yolda nəqliyyatı asanlaşdıran vasitə və hətta mən deyərdim, vasitələr var. Sosial şəbəkələrdə vaxt israfının qarşısını almaqda bizə kömək edə biləcək, sosial şəbəkələrlə ilk tanışlığımdan bu yana etdiyim müşahidələrdən çıxardığım nəticələrə əsaslanan və bir çoxunu özümün də istifadə edib xeyrini gördüyüm 2 metodu sizlərlə paylaşmaq istədim. Əgər əlavələriniz və bu üsullardan hər hansı biri haqda rəyiniz varsa, zəhmət olmasa şərhlərdə qeyd edin ki, həqiqət ortaya çıxsın. 
Əgər sosial şəbəkələr sizin üçün vaxt yeyici bir xronofaqdırsa, bunu qəbul edib bununla savaşmaq lazımdır. Fəqət bütün bunlardan əvvəl gəlin bir ümumi məsələyə də aydınlıq gətirək. Sosial şəbəkələr ziyanlıdırmı? Sosial şəbəkələr effektivliyin düşməni, sadəcə, vaxt itkisidirmi? Coşqun Kərimovun youtube da bu mövzuda “Sosial medya vaxt itkisidir?” adlı video paylaşımında da qeyd etdiyi kimi “sosial medya sadəcə bir alətdir”. Bəli, bu sosial medya özü-özlüyündə sadəcə bir alətdir. Özü də elə bir alət ki, bizim ünsiyyətimizi, fikir-məlumat paylaşımımızı rahatlaşdırır. Real həyatda gün ərzində fərqli məkanlarda yaşayan, fərqli iş yerlərində çalışan neçə dostunuzla görüşə-münasibətdə ola bilərsiniz? 10? 15? 20? Bəs buna nə qədər vaxtınız gedər? 1–2 saat, bəlkə də çox. Bəs həmin 20 nəfərlə “virtual dünyada görüşsəniz”, yəni bu işi sosial medya vasitəsilə görsəniz necə? Evimdə-eşiyimdə oturmuşam, əlimin altında çayım-suyum, nəqliyyat dərdi yox, fiziki yorğunluq yox, aradakı məsafələrin uzunluğunda məhdudiyyət yox həmin 20 dostumun gün ərzində nə ilə məşğul olduğunu “Hekayə”lərindən, gündəmdəki məsələlər haqda fikirlərini etdikləri paylaşımlardan öyrənir, rəylərdə və ya “Şəxsi”də (inboxda) halını soruşur, hələ müəyyən qədər söhbət də edirəm. Və bu 20 nəfərlə ünsiyyətim mənim 20 dəqiqəmi belə almır, demək olar. Bunun nəyi pisdir? Bəs niyə həyatımızı, işimizi bu qədər asanlaşdıran bu sosial şəbəkələr son nəticədə günlük bir neçə saatımızı “yeyəcək” bir xronofaqa çevrilir. Çünki, o 20 nəfər 20 nəfər olaraq qalmır. Biz o 20 nəfərlə real yox, virtual həyatda görüşməklə “qazandığımız” zamanı əlavə “20 nəfərlər”ə və ya real həyatda o 20 nəfərdən öyrənə biləcəyimizdən əlavə məlumatlara sərf edirik. 
Təbii ki, bu kifayət qədər məhdud cavabdır. Tək səbəb bu deyil. Amma sosial medyada “paylaşımları sürüşdürmək(scrolling) sindromu”ndan əziyyət çəkənlər sosial şəbəkələrdə “istəmədən” vaxt itirənlər içərisində üstünlük təşkil etdiyiylə razılaşarsınız, yəqin. 
• “Siçanın “diyircəkli təkəri”ni aşağı fırladıqca paylaşımlar davam edir. Oxuyursan, şəkillərə baxırsan ardı gəlir. Bitmir. O vaxta qədər ki, bu virtual dünyadan ayrılmağa məcbur olursan.”,- bu “simptom”lar sizdə də varsa, baxacağınız, nəzər salacağınız paylaşımların sayını konkret bir ədədlə məhdudlaşdırın. Hər gün neçə (məs. 20) paylaşıma baxacağınızı, onlardan uzun yazısı olanların neçəsini (məs. 10) oxuyacağınızı hətta əlavə məlumatlar da əldə etməli olduğunuz haqda sonradan bilsəniz normal saydan artıq maksimum neçə (məs. 5) paylaşıma baxa biləcəyinizi təyin edin. Və bu qaydalardan çıxmamağa çalışın. Bu yolla həm “scrolling bəlasından” qurtulacaq, həm də sosial şəbəbəklərdə günlük nə qədər müddət (yuxarıdakı ədədlərə görə: 30–40 dəq.) keçirəcəyinizi əvvəlcədən proqnozlaşdıra biləcəksiniz. Mörtərizələrdə yazdığım ədədləri istədiyiniz kimi dəyişin, öz ədədlərinizi təyin etdikdən sonra isə fikrinizi dəyişməyin. İntizamlı olmaq qərarı verin və cavabdehlik götürün. Vərdiş halına düşdükdən sonra “günün təyinatlı vaxtlarında” əliniz avtomatik sosial şəbəkələrə getsə də, vaxt bitdikdə avtomatik olaraq da qayıdacaq.
• İlk taktika whats app kimi şəbəkələrdə vaxta qənaət nöqteyi nəzərindən effektiv deyildi. Whats App üçün isə əgər işiniz izin verirsə,günün yalnız müəyyən saatlarında istifadə etməyi sınaya bilərsiniz. Məsələn, 15:00–15:15 (+5), 20:00–20:15 (+5) kimi “zaman dilimləri” təyin edin və bunu sizə ismarıc yazacaqlar, sizinlə əlaqə saxlayacaqlarla da paylaşın və günlük həmin (məsələn) +5 dəqiqədən əlavə 5–10 dəqiqə də vaxt ayırın ki, “sosial şəbəkə ritualınızı” pozsanız da ümumi zaman rejminiz pozulmasın. Sosial şəbəkələr sizi işiniz və ya təhsilinizdən ayırırsa və əlinizdəki məşğuliyyət üçün ehtiyac duymayacaqsınızsa, telefonu, kompüteri “iş masanız”dan uzaqlaşdırın. Yox əgər telefona və hətta internet əlaqəsinə ehtiyacınız varsa, Facebook, Instagram, Whats App kimi app-lərin parametrlərində “notifications” funksionallığına icazəni ləğv edin. Və işinizi bitidikdən sonra parametrləri əvvəlki vəziyyətinə qaytarmağı unutmayın. Təbii ki, əgər ehtiyacınız olacaqsa…
• Hansısa sosial şəbəkədən çox istifadə edirsinizsə, bu sosial şəbəkənin sizə faydası varsa, yazın. Bu faydalardan ibarət siyahı tutun. Siyahıya baxdıqda həmin sosial şəbəkəyə vaxt ayırmalısınızmı, nə qədər vaxt ayırmaq kifayət edər, yazın. Hətta ola bilər ki, bu siyahı boş qalsın. Bu halda isə effektivliyinizi və məhsuldarlığınızı artırmaq, hətta əsəblərinizi sakit saxlamaq naminə nə etməli olduğunuzu bilirsiniz.
Bəs siz sosial şəbəkələrdə vaxt itkisinin aradan qaldırılması üçün nə tövsiyyə edirsiniz?
Sizə daha səmərəli, daha məhsuldar, daha effektiv fəaliyyətlər arzu edir, oxduğunuz üçün təşəkkür edirəm.

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!