Skamya Düşüncələri (bədii)

Saçları qaradan qəhvərənginə çalan yumru sifətli, qaragöz oğlan bayaqdan skamyada əyləşib gözünü dənizdən çəkməyən qara saçlı, uzun sifətli, gözəl gözlü qızın yanına oturdu. Qız ölgün gözlərilə oğlana tərs bir baxış atıb, üzünü çevirdi, əsəbi halda:
- Sənə kim icazə ver… — deyirdi ki, oğlan onun sözünü kəsib:
- Üzr istəyirəm, — dedi, ayağa qalxdı. — Mən… narahat eləyəcəyimi düşünməmişdim, — deyə də əlavə etməsiylə qız oğlanın bu məhzun rəftarına üzülüb, öz-özünə “onun nə günahı var ki?!” deyə sual elədi, heç iki addım atmamış oğlanı əliylə saxlayıb:
- Bağışlayın… Halım yaxşı deyil bugün… buyurun, əyləşin, — dedi, — problem yoxdur. — Və nə hikmətdirsə oğlan da həmin andaca heç nə demədən oturdu, alnına düşmüş saçlarını əliylə yana darayıb, ayağını ayağının üstünə aşırdı, əlinə bir kitab alıb vərəqləməyə başladı. Oğlanın barmaqları aramla vərəqdən-vərəqə adlayır, özüsə, nəsə itirib tapmırmış kimi təlaşlı halda ah-püf eləyir, narahatlıqla mızıldanırdı. Qızsa, bu tanımadığı adamın sakitliyini pozmasına əvvəl bir az əsəbiləşdi, ancaq oğlanın gündə yanmış üzünə, kitabı tutan uzun, nazik barmaqlarına, sətirlər arasında gəzib oxuduğunu canına çəkməyə çalışan balaca məhzun gözlərinə baxdıqda özünə də məlum olmayan hansısa bir səbəbdən hirsi soyudu, yavaşca:
- Nə olub? — deyə soruşdu.
- Heç nə… — dedi oğlan. — Sadəcə belə oxuyanda anlamıram, — deyə də əlavə etdi, sonra heç öz sözünü bitirməmiş, qəfildən, — səslə oxusam sizi narahat eləmərəm ki? — deyə təkrarən sual elədi.
Qız əvvəl istədi desin, “başım səs götürmür, gedin başqa yerdə oxuyun”, ancaq filmlərin, serialların əlində oyuncaq olan o daxili səs qoymadı ki, bu məsum üzlü cavanı rahat yerindən tərpədib sahil boyu düzülmüş dolu oturacaqların bilinməzinə tərəf yollaya.
Qız ovuclarını açıb oğlana tərəf uzadaraq:
- Necə istəyirsiniz, — dedi.
Oğlansa, başını razılıqla sallayıb gülümsədi, sonra yüksək səslə, şövqlə oxumağa başladı:
“Təsadüflərin var olmasına inanmayanlar üçün həyat sonsuz və mürəkkəb səbəb-nəticə əlaqələrinin qarma-qarışıq toplusundan başqa bir şey deyil! Hər nəticə bir səbəblə baş verib, baş verir və ya verəcək, ancaq həmin səbəbin fərqinə varmaq, demək olar, heç vaxt asan olmur. Hansı nəticəyə hansı səbəbin və ya səbəblərin səbəb olmasından əmin olmaqsa, hansı səbəblərin hansı nəticələrlə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırmaqdan da çətindir, bəzən. Bu mülahizəyə bel bağlamağa cəsarət edənlər həyatın işləyişini anlamağın anlamadığın həyatı yaşamaqdan çətin olmasını anlamaqla bərabər, anladıqlarını, ya da anladıqlarına inandıqlarını yaşayıb da gözəl həyat yaşamağın daha çətin olduğundan da agahdırlar.
Görünür, dünyanı yaradan bu işi asanlıqla görüb, ancaq yoxdan var olmaq özü-özlüyündə o qədər də asan proses deyil… Görülən iş asan olmasa da, işi görən iş görərək onu asanlaşdırır çünki. Nəticə etibarilə, bir iş görülürsə, o işi görən üçün o işi görmək, ümumilikdə o işin görülməsindən daha asandır. Əslindəysə, “asan” çətinliklər qarşısında həlim bir təsəllini simvolizə edən qeyri-mövcud bir anlayışdan artıq bir şey deyildir; Çətinlik varsa, ona münasibətdə nəyinsə və ya nələrinsə, asan olduğu iddia olunur. Ancaq bir təsadüfə baxın ki, çətin olanda asandan dəm vuranlar, asan olanda, yəni çətin olmayanda, hal-hazırda mövcud olmayan, ancaq elə ən yaxın gələcəkdə, asanlıqla vücud tapa biləcək çətini dəyərləndirməyi unudurlar və bu unutqanlıq da səbəb olur ki, çətin vəziyyətdə də asanı yaddan çıxarasan…
Uzun müddət xatırlamadıqların unudulur gedir. Ancaq xatırlamamaq xatırlamaqdan çətindir axı. O biri tərəfdən, həyatınızın ən xoşbəxt də olmasa, ən mənalı xatirələridirsə, çətinlikləriniz, xatirinizi xeyrinizə işlətməkçün çalışmalısınız.
Unudun demir, heç kəs. Deyirsə də, özü də dediklərinə inanmır, şübhəsiz. Unutmaqla xatırlamamaq arasındakı fərqi anlayanlarsa, xatırlamamağın da sorağında olmazlar heç; Çünki xatırlamaqdan fərqli olaraq, xatırlamamağın fəaliyyətdə təzahürü yoxdur… “Qamətimi əysin, xatırlamamağın yolunu göstərərək, yolda dik gəzənlərdən biri!”, — deyərək hayqırmaq gərəkdir, xatırladıqların səni qəm dəryasına qərq etdikdə…
Xatırlayırsan… Xatırlanan olmasa da xatırlananlar xatirində xatırlanır, həmişə də xatırlanacaqdır yəqin. İtirdiklərini və ya heç sahib olmadıqlarını xatırlayırsan, ancaq necə canlanırsa, xatirələr, xəyallarında, elə də yaşayırsan xəyallarını həyatında.
Xoş düşünmək lazım, naxoşluqla dolu acı keçmişinin izlərini.
Unutmamağından nigaranlanma, asan unuda bilməyəcəksən, onsuz.
Unutmağa ehtiyac da yoxdur, xoşluqla yaşadacaqsansa, xatirələrini.
Tədbiq et başqa şeyə, sevgini, çün gücü var sonsuz…”
Oğlan bunu da deyib başını kitabdan qaldırdıqda qızın diqqət dolu, düşüncəli gözlərlə ona baxdığını gördü. Gülümsəyərək:
- Nə olub? — deyə soruşdu.
- Bu nə kitabdır, elə?
Oğlan yenə gülümsəyib:
- Heç… — dedi.
- Çox xahiş edirəm, bunun adını deyin mənə…
- Həqiqətən diqqətəlayiq bir şey deyil…
- Yox, yox! Siz neynirsiniz, siz deyin, oxuyub-oxumamaq mənim işimdir.
Oğlan başını sallayıb mədəni şəkildə qızın dediklərindən imtina eləməyə çalışdı. Qızsa, bir az əsəbləşən kimi oldu, cəld bir hərəkətlə, kitabı oğlanın əlindən alıb açıq səhifələrinə qəfil bir nəzər saldı. Qız sonra başını qaldırıb, heyrətdən bərəlmiş gözlərlə oğlana baxdı:
- Siz… Siz buradan oxumurdunuz bəs? — deyə soruşdu. — Axı, o çətin cümlələr…
- Çətin olmasının nə mənası var, gözə verdiyi zərərdən başqa,
Mənasız sözlər yetirməz fayda, qəlblərə vuraduğu xətərdən başqa.
- Necə? Bu son dediyinizi başa düşmədim. Özü də xətərdə nə fayda?
- Öyrənmir səhvlərdən heç kim, səhvi əhvlə səhv salanlardan başqa,
Səhvlər də əhv olunar, hələ də səhv qalanlardan başqa.
- Sözləriniz yaxşıdır, amma şeir sizlik deyil…
- Başınızı ağrıtdımsa, bağışlayın.
- Yox, yox, o nə sözdür? Xoş idi. Hətta çox xoş idi. Bilmirəm niyə, ancaq sakitləşdim. — Qız qəfildən duruxub bir az düşündü, sonra birdən soruşdu: — Neynədiniz, mənə?.. Neynədiniz ki, halım indi daha yaxşıdır? Özü də dediklərinizdə başa düşmədiyim, anlamadığım çox şey ola-ola…
- Qəlbin aynasıdırsa, məlul-məlul baxan gözlər,
Gözləri güldürməyə qadirdir, həqiqətə söykənən sözlər…
Vəziyyətinizin yaxşı olmadığını gözlərinizdə gördüm, sözlərim gözlərinizi güldürdüsə, çox sevindim.
- Kimsiniz siz? Yəni… adınız nədir, nə işlə məşğulsunuz? Harada oxuyursunuz? Əslən haradansınız? Soruşmağa o qədər sual var ki… Bilmədim nə deyim?..
- Mən bir köhnə dərvişəm,…
- Yaxşı da zarafata salmayın.
- Yox, yox, cəhənnəmdən qayıdanlar bu həyatın dəyərindən danışsın gərək…
Qız özünü hüznlü göstərməyə çalışaraq, başını razılıqla salladı:
- Siz də çətinliklər yaşamısınız? — deyə soruşdu.
Oğlan:
- Çətinlər yaşamışammı?! Siz bayaqkı sözlərimi, həqiqətən, anlamamısınız, deyəsən… — deyib mehribancasına gülümsündü.
Qız da gülərək:
- Dediyinizi özünüzdən başqa kiminsə, başa düşəcəyinə inanmıram, — dedi.
- Sizin inanmamağınız inanmadıqlarınızın həqiqət olmadığı mənasına gəlmir.
- Ay da… bu söhbət getdikcə gedəcək…
- Onda mən gedim, — deyib qalxdı oğlan ayağa.
- Yox, mən elə demədim…
Əyilib skamya üzərində çantasını hazırlayarkən:
- Bilirəm, — deyib güldü oğlan. Sonra çantasını belinə keçirib qıza baxdı, səsini çıxarmadan, əlini qaldırıb xudafiz elədi, üzünü çevirdi.
Qızsa, indi yadına düşmüş kimi yüksək səslə qəfildən:
- Adınızı demədiniz, — dedi təbəssüm dolu gözlərilə.
Oğlan ayaq saxladı, üzünü çevirmədən cavab verdi:
- Cəhənnəmdə cənnəti xatırlamaqdan əl çəkməyən bir adamam. Özüm haqda bundan dəyərli bir şey bilmirəm, — deyib yenidən əlini qaldırıb xudahafiz elədi.
Qız:
- Sağolun… — deyib üzünü yenidən dənizə çevirdi. Bir Xəzər dənizinin şırıltıyla yuduğu daşlara baxdı, bir daşları yuyana… Suyun ilk gözə dəyən hissəsində ən iyrənc neft qalıqlarından tut, nəcisə qədər hər cür çirkab vardı. Dənizə uzaqdan baxdıqdaysa, isti yay günəşinin həzin işıqları altında parıldayan, həm böyüklüyüylə, həm gözəlliyiylə heyrətamiz bir dəryadan başqa bir şey görünmürdü. Dəniz həmin dənizdi, su da həmin su… Ancaq skamyadakı qız artıq hara baxacağını bilirdi.
Son
Rüstəm Əzimov

Comments

  1. çox qəşəng yazmisan ancaq qızın da dediyi kimi bezi şeyləri anlamadım məndə)

    ReplyDelete
    Replies
    1. Çox sağolun. Yazıçı kimi öyrənməli olduğum çox şey var və bu proses ölənə qədər də davam etməlidir məncə. Rəy bildirdiyiniz üçün çox təşəkkür edirəm. Hər yazımda daha da özümü inkişaf etdirməyə çalışıram. Ancaq medya sahəsində inkişaf da real geridönüşlərdən qaynaqlanır. Təşəkkür edirəm.

      Delete

Post a Comment

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!