Niyə, Necə başladım — bu gördüklərinizə?
Günlərin bir günü ən yaxın dostumun kitabxanasından Rövşən Abdullaoğlunun qələmə aldığı bir şəxsi inkişaf kitabını götürüb evə gətirdim, oxumağa başladım. Kitabı neçə günə bitirdim, bilmirəm, amma, bu kitab mənim əvvəl oxuduqlarımdan fərqli bir təəssürat yaratdı, məndə. O vaxta qədər bədii kitablardan yalnız dolayı yolla xeyir götürülə biləcəyini düşünürdüm, ancaq qarşılaşdığım bu yeni janr düşüncələrimi, kitablar haqqında məndə yaranan təəssüratları büsbütün dəyişdi. Fərdi inkişafa yavaş-yavaş bağlanırdım; Hətta bir ara vəziyyət o yerə çatmışdı ki, bu janrdan kənar digər dəstixətlərin faydalı olduğunu düşünmək belə istəmir, hər dəfə əlimə yeni bir şəxsi inkişaf kitabı keçdikdə, “bu kitab bitəndən sonra haradan şəxsi inkişaf kitabı tapacağam”, deyə düşünürdüm, çünki onsuz kitab oxuyanı az olan vətənimizdə, olan-qalan oxucuların böyük əksəriyyəti detektiv romanlara, ən yaxşı halda dramlara üstünlük verirdilər. Azərbaycanlı digər məşhur yazar Coşqun Kərimovun kitab seçimi haqda fikirlərisə, məni ikinci “şəxsi kitab mütaliəsi metodologiyası inqlabını” təşkil etməyə cəsarətləndirdi. Coşqun Kərimov digər bir neçə mütəfəkkir kimi kitabları ruhun qidası adlandırır və onların cismani qidaların növləri kimi sinifləşdirilməli olduğu haqda danışırdı. Coşqun bəy deyirdi ki, (Youtube-da Sərxan Rüstəmov-a verdiyi müsahibələrdə də bunu görə bilərsiniz) kitablar yemək kimidir. Məsələn, rus ədəbiyyatı kababdır. Kabab dadlıdır, ancaq hər gün-hər gün kabab yesən, mədən nə hala qalar? Deyirdi ki, detektiv janrındakılar balıq yeməyi kimidir, qılçıqlarını bir-bir səbirlə ayırıb, ətini çıxarasan, gərək. Deyirdi ki, Nitsşe vasabidir. Onu gərək az-az yeyəsən, yandırar (günə 10–15 səhifə). Nitsşe özü demirdi, “bir kitablıq məlumatı 10 cümləyə sığışdırmaq mənim ən böyük ehtirasımdır”? və s.
Qeyd-1: Coşqun Kərimov müsahibəsindən dəqiqliyi ilə belə deməyib. Mən söhbətin məğzini açıqlamağa çalışdım, sadəcə.
Qeyd-2: Nitsşenin kitablarını oxumamış (əgər oxumaq fikriniz varsa), yaxşı olar ki, əvvəla açın onun haqda bir sənədli filmə baxın (youtube-da türk dilində var). Bilirsiniz, bu tip adamlar, çətin həyat sürmüş adamlardır. İnsanları zəif nöqtələrindən vurmağı bacarırlar (xüsusən, özlərində də mövcud olanlarından), emosiyalara toxunub düşüncələrini dəyişirlər. Hələ bu vaxta qədər normal bir düşüncə tərzinə, dəyərlərə malik olmamısınızsa, yəni ficnanınız boşdursa, onu zəhərlə doldurarlar, sizin xəbəriniz olanda gec olar, onlarınsa, əksəriyyətinin bundan xəbəri belə olmaz. Necə ki, ilan zəhərini şüurlu bir şəkildə yaratmır bədəni daxilində. Həyat yaradır o zəhəri ilanların boğazının altında. Valideynləri də ilan olub və ya ilan vurmuş birisi. Ehtiyyatlı olun. Polat Alemdar demiş: “Ben her kesden şübheleniyorum, sən de şübhelen. Şübhe bizi ayakta tutan şey, Memati!” (Az: “Mən hər kəsdən şübhələnirəm, səndə şübhələn. Şübhə bizi diri saxlayan şeydir, Memati!”). Unutmayın, sizi vuran ilanlar, elə, ya da belə təkcə sizə ziyan vermiş olmayacaq. Bəşəriyyət bir insandan ibarət deyil, ancaq bir insan bir bəşəriyyətdir, bəzən. Dəyərlisiniz! Ancaq nə mənə, nə də özünüzə görə. Dəyərlisiniz, çünki həyatda bir missiyanız var.
Nədən danışırdım? Hə… Kitab zövqümdən bir-iki söz dedim, deyəsən. Bunları niyə dediyimi də başa düşdünüz, yəqin. Nə tip bir yazını, necə oxuyursansa, o tip bir yazı yazırsan və onu sənin başqalarını oxuduğun kimi oxuyurlar. Əslində yaradıcılıq və bir neçə mənbəni, bir neçə üslubu, xülasə, bir neçə kitabı bütün canıyla, ruhuyla birləşdirmək olmasa, deyərdim ki, heç vaxt oxuduğunuz tərzdə yazmağa müvəffəq ola bilməzsiniz, ancaq yuxarıda adını çəkdiyim faktorlar və bir çox başqa detallar, “oxuduğunuzdan da yaxşısını yazarsınız”, — deməyə ürəkləndirir məni.
Mən şəxsi inkişaf oxuyurdum, elə də yazırdım. Sonra Tolstoyla tanış oldum, uşaqlıqdan bəri düşüncələrimi, xəyallarımı bəzəyən hekayələr, yaşadığım həyat və ondan aldığım mesajları xatırladım və xatırladıqlarımdan daha çoxu ilə qarşılaşmağımın utancını yaşadım. Çox adamın gülüb keçdiyi “xoşbəxtlik nədir?”, “yaxşını pisdən necə ayıraq?”, “yaxşı-pis varmı?”, “varsa, nələrə şamil oluna bilər, nələrə bilməz?” kimi suallar əvvəl də düşündürürdü, məni, ancaq Tolstoy kimi əsərin sujet xəttini büsbütün öz fəlsəfəsiylə doldurmağı bacaran yazıçı mənə bunların nə qədər əhəmiyyətli olduğunu da açıqlayırdı, o biri tərəfdən şüurlu özünütəsdiqdən, psixoloji hallarımın məndə yaratdığı rəğbət toplama istəyindən ən azından şüurlu şəkildə uzaqlaşıb, ideallarım haqda fikirlərimi dəqiqləşdirdim. Bu dediyim son prosesdə rast gəldiyim bir idealsa, qalan heç bir idealımın mükəmməl olmadığını öyrədəcəkdi mənə. Sokratın təxminən 24 əsr bundan qabaq dediyi “heç kimin heç nə bilmədiyi” fikirini Nizaminin “bircə onu bilirəm ki, heç nəyi bilmirəm”, deməsində də hiss etmiş olarsınız. Bu mövzu haqda heç bir fikrim olmadığı vaxtlara iştirak etdiyim “Qeyri-səlis məntiq nəzəriyyəsi” seminarlarısa, sonradan yadıma düşdükcə aydınlandığımı düşündürən qəribə bir hiss qapladı qəlbimin gündən uzaq düşmüş soyuq yerlərini. Bu aydınlanma dediyim, nə isə yeni bir şey öyrənməkdən çox, heç bir şey bilmədiyini öyrənməkdi, ancaq. Adı keçən semianarlarda Lütfi Zadənin elmi irsinin varisi, professor Rafiq Əliyevin bizlə bölüşdüyü bir düşüncə tərzi, daha doğrusu, bizdən soruşduğu ayıldıcı qüvvədə bir sual vardı. Sual təxminən belə səslənirdi: “Hava neçə dərəcədir?”. Çox mənasızca səslənə bilər, ancaq bu suala biz tərəfindən verilmiş cavabın yetərsizliyinə baxın bir: “Neçə dərəcə olacaq ki, məsələn, 25 dərəcə Selsi”. Başa düşdünüz? Əgər əvvəl bu konsepsiyayla rastlaşmamısınızsa, çətin ki, anlayasınız. Bəs deyə bilərsiniz, “anlayacaq qədər məlumat verməmiş, başa düşüb-düşmədiyimizi niyə soruşursan?”. Mən də deyərdim: “Nə haqqında tam məlumatınız var ki?! Qatığın həqiqətdə ağ rəngdə olduğu necə bilirsiniz?” Əslində, indidən sizə “25 dərəcə Selsi” məsələsində çox şey dedim. Yox, yox, əgər termometri düşünürsünüzsə, bu elə də uğurlu alınmaya bilər, yəni daha doğrusu, bu ölçünün dəqiq götürüldüyünü sübut edə bilməzsiniz. Termometrinizin şkalasında 25-lə 26 arasında on xətt var ha, o on xəttin arasında neçə xətt var, bəs, heç düşünmüsünüzmü? Yəni, 25.5 kimi görünən temperatur həqiqətdə 25.54 də olsa, 25.59 da olsa, siz bunu bilməyəcəksiniz. Ola bilər ha, 25.50 kimi bir nəticə ilk iki vergül üçün həqiqəti təcəssüm etdirsin. Lap bir rəqəm də əlavə yoxlayan termometr hazırladıq, göstərdi: 25.500. Bəs kim qarantiləyir ki, bu 25.501 deyil? Teistlər deyir, “həqiqəti yalnız Allah bilir”, deistlər, ateistlər də bunu eşitsə, deyər: “həqiqəti heç kim bilmir”. Mən kimin dediyiylə razılaşdığımı bu məqalədə açıqlamayacağam, ancaq mən də bir şey deyim, istər teistlər olsun haqqlı, istər digərləri, bir şey çox açıqdır: Bir insan kimi siz həqiqətə heç vaxt çatmayacaqsınız.
Yekunda deyə bilərəm ki, məqalənin başlığına görə bağışlayın, bu məqalənin sizə bloq yaratmaqda kömək olub-olmayacağından əmin deyiləm. Ancaq inanıram. Bu deyilmi, ümumiyyətlə, bizi yaşadan? Kim valideynlərinin bioloji valideyni olub-olmadığını DNT analiziylə yoxlayır ki? O “oğul, bir şeyi yaddan çıxarma, həyatda dost yoxdur! Nə bilirsən, sabah neyləyəcək”, deyənlər var ha, həmin adamlardan kimə inandığını soruşun və sonuna qədər sorğulamaqda davam edin. Sonda belə bir nəticəyə gələcək ki, o heç kəsə və heç nəyə (özünə belə) inanmır. (Təbii ki, bayaqkı cümləni zarafatla və ya ani bir qəzəblə ifadə etməyibdirsə…)
Lazımdırmı, belə həyat sizə? Onsuz bayaq iddia eləmişdim, heç nəyi dəqiq bilmədiyinizi… Bilmədiklərinizlə, ölümün sorağında zarımaq istəyirsiniz, yoxsa, bildiklərinizə inandıqlarınızın təcrübədə özünü doğruldub-doğrultmayacağı sizə həqiqətən maraqlıdır? Təbii ki, bir iki sınaq şüşəsi sınacaq, hətta bəziləri əlinizə də batacaq, əlinizi qanadan şüşə gəlib əlinizi sarımayacaq, bəzən. Bəzən bir marla da olmayacaq qanı saxlayasınız. Qanınız axacaq, rənginiz ağaracaq, üşüyəcəksiniz, üstünüzə heç kim yorğan atmayacaq… Budur da həyat? Həyatın nə qədər gözəl olduğunu kim dəqiq deyə bilər, bunu qoyaq bir kənara, başqa bir sual haqda düşünün bir anlıq: Həyatınızın gözəl olub-olmamasından asılı olmayaraq, onun gözəl olduğunu və ya olmadığını düşünməniz sizə nə qazandıracaq, sizdən nə alacaq?
Deməli, Kurtlar Vadisi Pusunun bir epizotunda Polat Alemdar, serialda gələcək həyat yoldaşı Ebru Duruyla gəzməyə çıxırlar. Ebru deyir ki, gedək çayxanaya (çayxana deyəndə ki, türklərin “kahve” dedikləri yerə). Bunlar gedirlər, başlayırlar şeş-beş oynamağa, elə olur ki, Ebru Polatı udur, başlayır özüylə öyünməyə. Polat da süfrədarı (qarsonu) çağırır, soruşur: “kim uddu?”. Süfrədar deyir: “Sen, abi.” Polat da qayıdır, Ebruya deyir ki, “kimin udduğu mühüm deyil, mühüm olan udduğunu qəbul etdirməkdir.” İndi heç kim, udub-uduzmaqdan danışmasın həyatda, həyata udduğunuzu qəbul etdirməkçün çalışın, həyat özü sizi finiş xəttinə itələyəcək.
Bu qədər mənəvi dəyərlər bəsdir, indisə keçək fəaliyyətə.
- Mesajlarınızı tapın. Yeni bloq açmaq üçün, ümumiyyətlə, cəmiyyətə təsir göstərəcək hər hansı bir layihədə, ilk məsələ orada veriləcək mesajlarınızın olmasıdır. Çox vaxt yeni başlayanlar bunu səhv başa düşürlər; Onlar mesaj deyəndə, qeyri-adi fəlsəfi düşüncələr, fövqəl-bəşər anlayışların fəhmlə dərk olunması kimi şeylər gətirirlər, ağıllarına. Bu belə deyil! Sizin “bloq yazmaq istəyirəm” deməyiniz özü sizin mesajlarınız olduğunu göstərir artıq. Mühüm olan onların mədəni və cəmiyyətin rədd etsə də, anlayacağı şəkildə təzahür etməsidir. Bunun da ən yaxşı yolu, özünüzdən əvvəlkilərdən nəysə öyrənərək həqiqətə (ümumilikdə, həqiqət anlayışına) qarşı əsnək formada davam etməkdir. Öyrənmə öyrətməklə birlikdə davam etmirsə, nə bildiyinizdən asılı olmadan, bir müddətdən sonra sizdə eqo baş alıb gedəcək. Əks fikirlərə emosional reaksiya göstərəcəksiniz. İnsanlığın ən təbii təzahürü şübhəsiz emosiyalarıdır. Ancaq unutmayın ki, insanın emosional varlıq olması, onun bütün emosiyaları hər vaxt ortaya çıxarmasının uğurla nəticələnəcəyi haqda bir şey demir. Aqressiya da emosiyadır, yox?
- Nə, harada, nə vaxt dərc olunacaq, kimlər oxuyacaq kimi suallara dəqiq də olmasa, mütləq cavab vermək lazımdır. Ancaq bəzən bu proses əsnasında başlayır. Mənim şəxsi inkişafda, istərsə də digər yazıçılıq fəaliyyətlərimdə əsas mesajım “heç kimə ziyan vurmasın, kiməsə xeyiri dəysin” olduğundan mən özüm haqda bundan heç vaxt nigaran olmamışam, ancaq əsas başlamaqdır, deməklə, bərabər sizi ehtiyyatlı olmağa çağırıram. Xüsusən, dəyişən düşüncələrə qarşı. İki şeydən uzaq durun: 1. Nifrətdən qaynaqlandığı üçün nəyisə təbliğ etmək, 2. Özünüzü göstərmək üçün həqiqət olduğuna inanmadığınızı söyləmək, lap elə dünyanın ən ağıllı adamı da desə. Heç 30 paylaşımı olmayan bloqumda baxsanız, adətən, mənim dediyim çox az şey var. Ancaq kiməsə istinad elədiyim məlumatlar içərisində elə bir şey yoxdur ki, ona inanmayam. Ola bilər ki, yüz faiz nəticə verməz, ancaq oxucu da biləcək ki, mən ən pis halda səmimi bir cavanam, xətalarım var, ancaq ruhu daşlaşmış, həqiqətdən büsbütün uzaqlaşmış adamalardan (həqiqətdən nə qədər uzaq olduğumuzu, ona nə qədər yaxın olduğumuzdan yaxşı bilirik) fərqli olaraq, xətalarımı düzəltdikcə, bölüşməyə hazıram (necə düzəltdiyimlə birgə).
- Dizayna fikir verin. Çox super bir görünüş tələb olunmur adətən. Hətta heç nə tələb olunmur. Yazmağınız, rejimlə yazmağınız daxil olmaqla… Ancaq səliqəli bir görkəm yaratmaq üçün bloqun açılış fazasında posterlərdəki orta xətlərə 2–3 saat əlavə vaxt ayırmağınızın xeyiri var.
- Rəğbət görməyə tələsməyin. Dostlarınızdan paylaşmalarını istəməməklə başlayın özünütəsdiqdən uzaqlaşmağa… Oxunsun deyə yazmayın, ancaq yazdıqlarınızın oxunması üçün səhv olmayan hər şeyi eləməkdən də çəkinməyin. Yaxın mövzulu peşəkar səhifələrə, şəxslərə məzmununuzu paylaşmasını təklif etmək kimi.
- Daim yazı qabiliyyətinizi, inkişaf etdirin. Durğu işarələri, söz sırası, dəstixəttinizi tapmaq üçün əlinizdən gələni edin, ancaq gərginliyə düşməyin, mükəmməlliyyətçi olmaqdansa, büsbütün uzaqlaşın. Mən yazılarımın redaktəsində həddən artıq vaxt itirdikdə, nə yazdığımı paylaşırdım, redaktənin davamını paylaşım üzərində eləyirdim (daha doğrusu, eləməyə məcbur olurdum).
- Stiven Kinqin “Yazı Sənəti” kitabında da dediyi kimi özünüzə “ideal oxucu” tapın. Bloqa başlayanda o mesajlarınız vardı ha, onları ötürmək istədiyiniz şəxslər də vardır mütləq. Yazanda onlar oxuyurmuş kimi yazın. (Bədii yazılarda da bunu eləyir müəllif, ancaq belə işlərdə bir qədər dünyadan qopmağa gərək var. Personajları içinizdə yaşayın, yox, personajlar özünüz olun. Ən azından ən yaxşıları. (Onsuz da yaxşı yaradılmış personajların hamısı sizsiniz, ya da sizin bir parçanız.)
- Yazacağınız dildə, rahat tələffüz olunan, gözəl səslənən, şablonluqdan uzaq ad və şüar tapın. Mənim “Literarian Programmer”də elədiyimi eləməyin. Nəzərə alın ki, bu işə başlayanda mən yazı haqda elə bir təsəvvürü olmayan, veriləcək bir mesajı olduğunu belə düşünməyən, öz həyatına ümidsiz bir şəkildə başqalarının həyatlarını səbəbsiz yerə gözəlləşdirməyə çalışan, hüzünlü bir gənciydim. Məsələni bir az açmaq üçün, sizə yazı işlərinə necə başladığımı danışım: Hər şey mənə qalsa, uşaqlığımdan başladı, kim yazmağa qərar versə, onlarda olduğu kimi. İşin həqiqətiylə maraqlanırsınızsa, deyim, nifrət sevgidən doğur və sevgi + nifrət + öyrəndiklərin + müşahidələrin bayaqdan mesaj-mesaj deyə-deyə boğazımızı qurutduğumuz amala gətirib çıxarır bizi. İndi sizdən soruşuram: Kimisə, nəyisə sevmisinizmi? Nəyisə öyrənmisinizmi? Böyük gözlərlə baxmısınızmı bu həyata, onu yaşadan və yaşayanlara? Deməli, sizin də mesajlarınız mövcuddur. Məndə bu mesajların cəmiyyətlə paylaşılması qərarısa, depressiv vaxtda şəhərdə gəzdiyim vaxtlara təsadüf eləyir. Əvvəl sevgisizlik yaşayan bir adam kimi öz şəklimi instagram-da paylaşıb altına qısa — bir-iki cümlə yazıb özümü göstərərdim. Mənə məzəmmətlə yanaşırsınızsa, keçmişdə məndə mövcud olanlara görə, açın instagram-da təkcə öz dostlarınız arasında aparın bu monitorinqi, görün nələr deyir sizə, sosial mediya profilləri. Eyni şəkli dəfələrlə paylaşıb altına eyni sözləri dəfələrlə yazanlara baxın. Bunları nə onları məzəmmət eləmək üçün deyirəm, nədə əvvəlki məni müdafiyə etməkçün… Mənim məqsədim budur ki, o qədər çatışmazlıqlarından xəbərdar olsun ki, insanlar açıq-açıq mən özümü göstərmək ehtiyacı duyuram deyəcək qədər səmimi olsunlar, özlərinə qarşı. Sonra da Freydin “baca təmizləməsi” dediyi üsul nəticəsini göstərməyə başlayacaq. Ancaq yenə də problemlərinizi aktuallaşdırıb özünüzü özünüz önündə depressiv göstərməkdən çəkinin. Demək olar, hər insanın çatışmazlıqları, müəyyən mənada yaşadığı bir sevgisizlik olur. Əsas məsələ onların inkişafınıza mane olmasını əngəlləməkdir. Daha ilk yazılarımdan buyana insanların hamısının fikirlərimi bəyənmədiyini hiss eləmişdim. Bəziləri həqiqət olduğuna inandıqlarımı sırf optimistik izah edirdim deyə mənə inanmırdılar. Sonra bir A4 civarında iki məqalə yazdım. Söz söz fikirləşirdim. Sözlər gəlmirdi. Kəlbətinlə beynimin dərinliklərindən çıxarıb qəlbimin ixtiyarına vermək üçün sinonimlər, antonimlər fikirləşirdirdim. Ancaq yaxşı alınmırdı. Cümlə quruluşları düz gələndə belə bilirdim ki, özüm belə bir neçə dəfə oxumuş olmasaydım, cümlələrimin hikmətini başa düşməzdim. Onsuz o qədər dərin mənası da yoxdu açığı. Bu məqalələr telefomunun yaddaşında word sənəd faylı kimi qaldıqda mən başqa bir sənəd faylında proqramlaşdırmayla əlaqəli bir mövzuda əhatəli araşdırma aparır, mövzunu bir müddət sonra tam əhatəli bir şəkildə izah etməyə çalışırdım. Məqaləni yazdım, 16 A4 gəldi, məşhur texniki bloqlardan birinə atdım. Üzərindən bir həftə keçdi, iki həftə keçdi, cavab gəlmədi. Dərc eləmirdilər. Mən də dedim, “onlar, qəbul eləmədilər, özüm öz bloqumu açaram”. Elə də elədim. İlk dizayn həm estetik, həm də texniki baxımdan çox ağırdı. Arxa fona hal-hazırda twitter profilimdə istifadə etdiyim qarın içində pələng şəkli kimi bir divar kağızı istifadə etmişdim. Bir müddət sonra dizaynı sıfırdan təzədən yığdım. Bu mənim ən çətin qərarlarımdan biriydi, ancaq mənə çox şey qazandırdı. Bir müddət sonra, Facebook, Instagram kimi sosial şəbəkələrdə tez-tez paylaşımlar etmənin vacibliyini anladım (Yenə Coşqun Kərimov vasitəsilə). Bloqumun adıyla sosial şəbəkələrdə səhifələr açdım, arxa fon şəkilləri, logo hazırladım. Bu arada logo-da da subliminal mesaj verən elə də mürəkkəb bir iş görmədim. “Literarian Programmer”in sözlərinin ilk hərflərini məşhur çin işarəsindən istifadə edərək sərgliməyə çalışdım. Mənim ilk olaraq, fikrim proqramlaşdırma barədə texniki məqalələrlə Azərbaycan dilində tədris resurslarının artılırmasına dəstək olmaq və Literarian (Az: ədəbiyyat sevər) hissəsi kimi arabir gələn bədii düşüncələrimi paylaşmaq idi. Elə oldu ki, ikinci birincini üstələdi. Həm tələbat, həm ehtiyac, həm zövq, həm də effektivlik baxımından… Məndə dedim ki, ədəbiyyatla insan proqramlaşdırarıq, yaxşıya doğru… Bir az qeyri-etik səslənsə də, amalım yaxşı idi. Bu da vəsilə oldu ki, deyək insanlar ədəbiyyatla öz həyatını yaxşıya doğru proqramlaşdırmağı öyrənsinlər; İnsanlara düz yolu göstərmək yerinə, düz yolu tapmaq üçün onlara münbit torpaq vermək. Daha doğrusu, torpaq həmişə vardı da, biz bir az gübrə qatmağı hədəfləyirdik. Hər torpaq hər gülü bitirmədiyi kimi, hər gübrə də hər torpağa düşmür. Bunu yaddan çıxarmadan, eyni zamanda həm gübrənizin effektiv olmasına, həm də çox torpağa getməsinə çalışın. Bu mümkünsüzdür, bəlkə də, ancaq ən maraqlısı da bu deyilmi?! Mümkünsüzə çalışmaq… Hə, bir də mümkünsüzə çalışaraq mümkün olan ən yaxşısını əldə etmək…
Epiloq
Dəyərli vaxtını, ondan da dəyərli enerjisini ayırıb məqalənin redaktəsində mənə yardımçı olan dəyərli dostuma təşəkkür edirəm. Bu dəfə adını çəkməyimi istəmədi, ancaq inanıram ki, birlikdə bizim görəcəyimiz çox iş var. Həmin dostuma dediyim sözləri buradan sizinlə də bölüşürəm:
“Mən yazmağa başlamamış da biz bir komandaydıq, bundan sonra da elə olacağıq, İnşəAllah.”
Comments
Post a Comment